Avropa Parlamentindən Azərbaycan hakimiyyətinə sanksiya çağırışı
Aprelin 25-də Avropa Parlamenti vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə Azərbaycan hakimiyyətini qınayan qətnaməni 474 “lehinə”, 4 “əleyhinə” və 51 “bitərəf” səslə qəbul edib.
Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini 2023-cü ilin dekabrında həbs edilmiş hüquq müdafiəçisi İlhamiz Quliyevi, Avropa İttifaqı və digər ölkələrin vətəndaşları da daxil olmaqla, bütün digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.
“Onlar hakimiyyəti siyasətçi, iqtisadçı və müxalifətçi xadim Qubad İbadoğlunun üzərindən bütün ittihamları götürməyə, səfər qadağasını ləğv etməyə, həmçinin aprelin 22-də ev dustaqlığına buraxıldıqdan sonra ona sərbəst tibbi yardım göstərməyə çağırırlar”.
“Azərbaycanda insan hüquqlarının pozulmasının davam etməsi COP 29-u qəbul edən ölkə ilə bir araya sığmır “, – qətnamədə deyilir.
Avropa Parlamentinin deputatları Avropa Komissiyasını “energetika sahəsində Azərbaycanla strateji tərəfdaşlığın dayandırılması” məsələsinə baxmağa çağırıblar.
Avropa Parlamentinin üzvləri israr edirlər ki, tərəfdaşlıq haqqında istənilən gələcək saziş bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə əlaqələndirilsin.
Həmçinin deputatlar “insan hüquqlarını ciddi şəkildə pozan azərbaycanlı məmurlara qarşı Avropa İttifaqının sanksiyalarının tətbiq edilməsi” barədə çağırışlarını təkrarlayırlar.
***
Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti müzakirə edəcək.
Sənəd layihəsi qurumun rəsmi saytında dərc edilib.
“Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı son repressiyalar: Doktor Qubad İbadoğlu və İlhamiz Quliyevin işləri” adlı qətnamə layihəsini Solçu qrup adından Emmanuel Maurel təqdim edib.
Sənəd layihəsində Qubad İbadoğlunun 2023-cü ilin iyulunda hökuməti tənqid etdiyinə görə qisas almaq məqsədilə həbs edildiyi, onun mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlamaqda, dini ekstremist materialların hazırlanmasında, saxlanmasında və yayılmasında ittiham olunduğu, həbsdə işgəncəyə məruz qaldığı barədə iddiarın ortaya çıxdığı, 2023-cü ilin sentyabrında AİHM Azərbaycana İbadoğlunun sağlamlığının qorunmasını təmin etmək barədə tapşırıq verdiyi, buna baxmayaraq, onun səhhətinin pisləşməkdə davam etdiyi, ona həyati əhəmiyyət kəsb edən dərman vasitələrinin hələ də verilmədiyi və onun saxlanma şəraitinin qeyri-insani olduğu qeyd edilib və bunun ləyaqəti alçaldan rəftara bərabər tutula biləcəyi vurğulanıb.
Layihədə daha sonra deyilir:
Avropa Parlamenti,
“İnsan hüquqlarını qoruduqlarına görə həbsdə olanların, o cümlədən Qubad İbadoğlunun və İlhamiz Quliyevin həbsini qətiyyətlə pisləyir; onların dərhal azad edilməsini tələb edir;
Azadlığa buraxılanadək Azərbaycan hakimiyyətini İbadoğlunu lazımi tibbi müalicə və qayğı ilə təmin etməyə, o cümlədən müstəqil tibbi müayinədən keçməyə, onun işgəncələrdən və digər pis rəftarlardan qorunmasını təmin etməyə çağırır;
Azərbaycanı milli və beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun olaraq müxalifətə qarşı qisas tədbirlərini dayandırmağa və öz vətəndaşlarının insan hüquqlarını qorumağa çağırır; digərləri ilə yanaşı, Azərbaycan hakimiyyətini ədalətli məhkəmə araşdırması hüququna hörmət etməyə, həbsdə pis rəftar və işgəncə şübhəsi ilə bağlı operativ və müstəqil araşdırmalar aparmağa, məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırır;
Azərbaycan hakimiyyətini qanun və praktiki olaraq öz ərazisində ifadə, toplaşma və birləşmək azadlığı hüquqlarının, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları, hüquq müdafiəçiləri və jurnalistlərin dinc şəkildə həyata keçirilməsi üçün azad və təhlükəsiz mühiti təmin etməyə çağırır;
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik etməsindən dərin təəssüf hissi keçirir;
Komissiyanı Aİ və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu dərhal dayandırmaq çağırışını təkrarlayır”.
Qeyd edək ki, rəsmi Bakı Azərbaycanda insan haqlarının pozulması ilə bağlı ittihamları qəbul etmir.
Basta