İsa Qəmbər başqan seçildi. Qurultay davam edəcək

Müsavat Partiyasının XI qurultayı mayın 5-də saat 13:00-da öz işini davam etdirəcək. 

Qurultayın gündəliyində, ictimai siyasi vəziyyət və təşkilati məsələlər var.

Bu gün başqan Arif Hacılının partiyanın 5 illik fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. Həmçinin Məclis sədri Nüşabə Sadıxlı və MNTK sədri Əziz Əlişov hesabat veriblər.

Qurultayda Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal çıxış edib.

Daha sonra sərbəst Məclis üzvləri, Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvləri və partiyaya yeni başqanın seçilməsi üçün gizli səsvermə yolu ilə seçkilər keçirilib.

Qeyd edək ki, İsa Qəmbər 10 il sonra yenidən namizədliyini irəli sürüb. Müsavat Partiyasının nizamnaməsinə əsasən, başqan ardıcıl 2 müddətdən artıq eyni vəzifəyə seçilə bilməz, buna görə hazırkı başqan Arif Hacılı namizədliyini irəli sürməyib.

İsa Qəmbər 275 səslə başqan seçilib.

MNTK üzvlüyünə 9 namizəddən 7-si qalib gəlib: Baba Allahnəzərov, Əli Həsənov Əziz Əlişov, Firəngiz Hüseynova, Rasim Məmmədzadə, Raymonda Əliyeva və Rövşən Hüseynov. 

Məclis üzvlüyünə keçirilən seçkilərdə səslərin sayılması davam edir. Nəticələr mayın 5-də elan ediləcək və qurultay nümayəndələri tərəfindən təsdiqlənəcək.

Qurultayda Azərbaycanda insan haqlarının pozulması ilə bağlı bəyanat qəbul edilib, Tofiq Yaqublunun, siyasi motivlərlə tutulan bütün fəalların və jurnalistlərin azadlığa buraxılması tələb edilib.

 

 

Basta