İsa Qəmbərdən bayram təbriki

Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib”

“Əziz bacılarım və qardaşlarım!
Sizi Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, hər birinizə ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.

Qurban Bayramı bütün dünya müsəlmanları kimi, xalqımız üçün də ən müqəddəs, ən əziz bayramdır. İslamın digər müqəddəs bayramları kimi insanları dəyərlər uğrunda fədakarlığa, sülhə, birliyə, ədalətə, əminamanlığa səsləyir.

Mən inanıram ki, belə bir müqəddəs gündə saf məqsədlərə, mənəvi dəyərlərə yönəlmiş, xoş niyyətlə etdiyimiz bütün dualar, bütün mərasimlər Allahın dərgahında qəbul olunacaq, xalqımızın arzularının, xoş niyyətlərinin həyata keçməsinə kömək göstərəcək.

Bu gün Qurban Bayramı illər sonra ilk dəfə olaraq Xankəndində, Xocalıda və işğaldan azad edilmiş bütün ərazilərimizdə böyük sevinclə qeyd edilir, xalqımızın xoşbəxtliyi üçün dualar səslənir. Azərbaycanımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla, qürur hissi və fəxrlə anılır.

Əziz həmvətənlərim!

Sizi bir daha müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edir, bol bayram süfrəsi, rahatlıq, əminamanlıq, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.

Tanrı sizi qorusun!

Tanrı Azərbaycanımızı qorusun!