Qurban Məmmədov saxlanması ilə bağlı yanlış məlumat verdiyini etiraf edib

Avropada məskunlaşmış internet televiziya yayımçısı, hüquqşünas Qurban Məmmədov saxlanması ilə bağlı yanlış məlumat verdiyini etiraf edib.

Ailəsi tərəfindən Türkiyədə həbs olunduğu iddia edilən, Avropada məskunlaşmış internet televiziya yayımçısı, hüquqşünas Qurban Məmmədov Türkiyəyə getmədiyini və hazırda Böyük Britaniyada olduğunu deyib.

Bundan əvvəl onun ailəsi BBC News Azərbaycancaya Qurban Məmmədovun Türkiyədə həbs olunduğunu deyib.

Azərbaycanın Baş Prokurorluğu sentyabrın əvvəlində Qurban Məmmədovu və Avropada yaşayan daha bir neçə azərbaycanlını kütləvi iğtişaşlara, hakimiyyətə qarşı zorakılıq etməyə çağırmaqda ittiham edərək onların barəsində beynəlxalq axtarış elan etmişdi. O, ittihamları rədd edir.

Qurban Məmmədov internet platformalarındakı kanalında hakimiyyəti tənqid məzmunlu materiallar yayımlayır.

“Mən əslində Türkiyədə olmamışam. Heç mənim harada olmağım barədə həyat yoldaşım və oğlum Qoşqar da dəqiq heç nə bilmirdi. Ona görə çoxlu həyəcan keçiriblər. Ona görə mən baş verənlərlə bağlı narahat olan bütün Azərbaycan vətəndaşlarından üzr istəyirəm, minnətdarlığımı bildirirəm, eləcə də Türkiyə dövlətinin haqqında sosial şəbəkələrdə yayılan bu hadisə ilə bağlı mənfi rəylərə görə, Türkiyə dövləti və Türkiyə xalqından üzr istəyirəm,”- Qurban Məmmədov BBC News Azərbaycancaya müsahibəsində deyib.

O deyib ki, yeri barədə “yanlış məlumatlar onun görüşlərini gizli saxlamaq” məqsədilə yayılıb, – Qurban Məmmədov onun haqqında ailəsi tərəfindən yanlış məlumat verilməsini belə izah edib.

“Ayın 16-da mən görüşlər keçirməliydim, müəyyən dairələrlə, müəyyən adamlarla və harada olduğumu, kimlərlə görüşdüyümü məxfi saxlamaq üçün mütləq belə bir məlumat verilməli idi,”- o, müsahibəyə deyib.

Qurban Məmmədovun digər oğlu Qoşqar Məmmədov çərşənbə günü gecə saatlarında Facebook hesabında “atasının saxlanıldığını” yazmışdı.

O bildirmişdi ki, Qurban Məmmədov Türkiyədə saxlanıldığı yerdən başqa yerə köçürüləcəyini deyib və onu “xüsusi təyinatlı polislər aparıb”. O, təxminən 9-10 saatdan sonra atasının “yaxşı olduğunu” və İngiltərədə olduğunu yazmış və sonradam hər iki statusunu silmişdi.

Qurban Məmmədovun digər oğlu Elnur Məmmədov da BBC News Azərbaycancaya atası ilə əlaqə saxlaya bilmədiklərini, onun “oğurlandığını” iddia etmişdi.

Baş Prokurorluq BBC News Azərbaycancaya iddialarla bağlı şərh verməmişdi.

BBC