AŞPA prezidentindən Azərbaycan hakimiyyətinə çağırış
“Mən Azərbaycan hakimiyyətinin Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı üzrə Komitəsi (CPT) ilə əməkdaşlıqdan imtina etməsinə görə çox təəssüflənirəm ki, bu da planlaşdırılan CPT səfərinin ləğv edilməsinə səbəb olub. CPT-nin Azərbaycana xüsusi səfəri ilə bağlı hesabatın nəticələri məni də narahat etdi”, – AŞPA prezidenti Teodor Russopulos iyulun 3-də verdiyi bəyanatda bildirib.
“Vurğulamaq istəyirəm ki, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini təsbit edir. Həqiqətən də, insan ləyaqətinə hörmətlə bağlı olan işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəzanın qadağan edilməsi mütləqdir və ondan heç bir geri çəkilmə qəbuledilməzdir. Buna görə də, onun həyata keçirilməsini təmin etmək və məhbuslarla işgəncə və ya pis rəftarın hər hansı formasının qarşısını almaq üçün CPT ilə açıq və səmərəli əməkdaşlığı davam etdirmək vacibdir.
Mən Azərbaycan hakimiyyətini öz qərarlarına yenidən baxmağa və dərhal CPT ilə əməkdaşlığı və konstruktiv dialoqu bərpa etməyə çağırıram. Bu, təkcə Avropa Şurası ilə ümumi münasibətlərin yaxşılaşmasına yox, həm də Azərbaycan vətəndaşlarının fundamental maraqlarına xidmət edəcək.
Assambleyamız bütün həll edilməmiş məsələlərin həlli üçün Azərbaycan parlamenti və hökuməti ilə dialoqun davam etdirilməsinə tam sadiqdir.
Qətiyyətlə inanıram ki, Avropa Şurasının bütün qurumları ilə sıx və səmərəli əməkdaşlıq etmək və üzv dövlətlərimizdən biri kimi bu əməkdaşlıqdan bəhrələnmək Azərbaycanın və onun xalqının maraqlarına uyğundur”, – AŞPA sədri qeyd edib.