Müsavatda seçki müzakirələri: Divan bəyanat verdi, Məclisin sessiyası çağırıldı
İyulun 1-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə ötən həftə ərzində görülən işlər barədə məlumat dinlənilib.
Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Tarif Şurasının qərarı ilə benzin və dizel yanacağının, eləcə də metro və avtobuslarda gediş haqlarının artırılmasına etiraz bildirilib. Qeyd olunub ki, yanacaq qiymətlərinin artırılması bütün sahələrdə, xüsusən nəqliyyatda xərclərin artmasına və
kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olacaq. Eyni zamanda əlavə edilib ki, seçki dövründə maaş və pensiyaları artırmadan qiymət artımına qərar verilməsi hakimiyyətin cəmiyyətlə hesablaşmadığını bir daha sübut edir.
Azərbaycanda sentyabrın 1-nə təyin olunmuş növbədənkənar seçkilərlə bağlı məsələ müzakirə olunub, müvafiq bəyanat qəbul edilib (bəyanatın mətni əlavə olunur).
Divan məsələnin daha geniş tərkibdə müzakirə olunması üçün iyulun 4-də partiya Məclisinin növbədənkənar sessiyasının keçirilməsi barədə qərar qəbul edib.
İclasda İran və Fransada keçirilmiş seçkilərlə və ABŞ-da prezidentliyə namizədlər arasında debatla bağlı fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.
2024-cü il sentyabrın 1-nə Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə əlaqədar
MÜSAVAT PARTİYASININ BƏYANATI:
Azərbaycanda növbəti dəfə səbəbləri barədə heç bir əsaslı izah verilmədən növbədənkənar seçkilər təyin edilib.
Son illərdə Azərbaycanda keçirilən ümummilli seçkilərdə, referendumlarda olduğu kimi siyasi qurumlar və cəmiyyətdən gələn çağırışlara baxmayaraq Milli Məclisə seçkilər ərəfəsində də zəruri siyasi islahatlar həyata keçirilməyib.
– seçkiqabağı demokratik şərait üçün zəruri olan hüquq və azadlıqların məhdudlaşdırılması davam etdirlib.
– vətəndaşların sərbəst toplaşma, söz və ifadə azadlığı təmin edilməyib.
– siyasi məhbuslar azadlığa buraxılmayıb, əksinə seçki ərəfəsində siyasi və ictimai fəalların, jurnalistlərin həbsi kütləvi xarakter alıb.
– seçki qanunvericiliyində demokratik dəyişikliklərin edilməsi, proporsional seçki sisteminin bərpası, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin edilməsi çağırışları cavabsız qalıb.
– seçki kampaniyası dövründə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməsi üçün zəruri normativ aktlar qəbul olunmayıb.
Bütün bunlardan əlavə seçkilərin əsasən tətillər və havaların çox isti olduğu dövrə təyin edilməsinin seçici fəallığına, seçki kampaniyasının təşkilinə mənfi təsir göstərəcəyi şübhəsizdir.
Müsavat Partiyası indiki şəraitdə ölkədə qismən də olsa demokratik seçkilərin keçirilməsinin tarixi zərurət olduğunu xatırladaraq Azərbaycan hakimiyyətini seçki ərəfəsi və seçki kampaniyası dövründə demokratik mühitin yaradılması naminə vətəndaşların sərbəst toplaşma hüququnun, söz və ifadə azadlığının təmin edilməsi, bütün siyasi məhbusların azadlığa buraxılması, seçki komissiyalarının fəaliyyətinə etimadın artırılması üçün əməli addımlar atmağa çağırır.