Ölkədə boykot real deyil: İsa Qəmbər
Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində ölkədə parlament seçkiləri ilə bağlı mövcud durumdan danışıb.
Amerikanın Səsi: Azərbaycanda parlament seçkilərində namizədlərin irəli sürülməsi mərhələsi artıq başa çatmaq üzrədir. Bu dövrədək ölkədəki seçki prosesini necə qiymətləndirərdiniz?
İsa Qəmbər: Bu hakimiyyətin dönəmində, Azərbaycanda 1993-cü ildən bu günə qədər keçirilən bütün seçkilər saxtalaşdırılıb. Təəssüf ki, saxtalaşdırılmanın miqyası da böyüməkdədir. Hazırkı mərhələdə də hakimiyyət parlament seçkilərini tamamilə formal olaraq keçirməyə çalışır. Çalışır ki, tamamilə hakimiyyətin nəzarətində olan bir parlament formalaşsın. Hakimiyyət cəmiyyətdə seçki ilə bağlı fəallığı, siyasi qüvvələrin fəallığını mümkün qədər minimuma endirməyə çalışır. Eyni zamanda çalışırlar ki, çox ziddiyyətlər, mübahisəli məqamlar olmasın. Ümumiyyətlə mövzu böyüməsin, qabarmasın. Hakimiyyətin yanaşması bundan ibarətdir. İndiyə qədər olan mərhələ əsasən imzatoplama prosesi idi. Burada da özünü göstərir. Total maneələr yoxdur. Dediyim kimi çalışırlar ki, çox ziddiyyətli görünməsin. Amma bir sıra dairələrdə açıq-aydın hakimiyyətin müdaxiləsi hiss olunur. Namizədlərin imza toplamasını və sənədləri hazırlayıb təqdim etməsini müxtəlif üsullarla çətinləşdirməyə çalışırlar. Bir sıra situasiyalarda açıq-aydın görünür ki, ayrı-ayrı dairə seçki komissiyaları ilə həmin rayonların hakimiyyətləri, həmin rayonda yerləşən strukturlar, namizədlərin bağlı olduğu, sənəd götürməli olduğu müəssisələr elə bil ki, birgə çalışırlar. Bizim namizədlərə bir sıra problemlər yaradılır. Buna baxmayaraq namizədlərimizin tam əksəriyyəti imza toplamasını başa çatdırıb və təqdim ediblər. Artıq bu gün, iyulun 31-i günorta saatlarınadək üç namizədimiz deputatlığa namizəd kimi qeydiyyata alınıb. Əksər namizədlərimizin sənədləri seçki dairələrindədir. Yaxın bir neçə gün ərzində daha aydın bir mənzərə yaranacaq.
Amerikanın Səsi: Müsavat Partiyasının parlament seçkilərində iştirakı seçki prosesinin demokratikləşdirilməsinə təsirlər göstərə bilirmi? Bu baxımdan siyasi partiyaların seçkidə iştirakı azad və demokratik seçkilərin keçirilməsinə kömək edəcəkmi?
Hakimiyyət parlament seçkilərini tamamilə formal olaraq keçirməyə çalışır. Çalışır ki, tamamilə hakimiyyətin nəzarətində olan bir parlament formalaşsın.
İsa Qəmbər: Bu suallara birbaşa müsbət cavab versək, bu, bir az mübaliğə olar. Çünki hakimiyyət ölkədə seçki institutunu o qədər mənasızlaşdırıb ki, o qədər cəmiyyətdə seçkilərə marağı azaldıb ki, bizim bütün səylərimizə baxmayaraq, mən o fikirdə deyiləm ki, bizim iştirakımız seçkinin demokratik keçirilməsinə gətirib çıxaracaq. Amma hər halda minimal da olsa imkanlar var. Yəni bizim namizədlərimiz hər seçki dairəsindən 450-500 imza yığmalıdırlar və onlar bu imzaları toplamaq üçün minlərlə ailələrlə görüşürlər. Minlərlə seçici ilə söhbət edirlər. Həm onların əhval-ruhiyyəsini öyrənirlər, – ümumiyyətlə ölkədə gedən proseslərə nə cür yanaşırlar, seçkiyə münasibətləri nədir, müxalifətə, Müsavat Partiyasına münasibətləri necədir? Bunu öyrənə bilirik. Həm də ki, partiyamızın mövqeyini, təkliflərini, namizədlərimiz deputat olacağı təqdirdə hansı istiqamətlərdə çalışacaqlarını, partiyanın ümumi seçki platformasını, seçki ideyalarını, təşəbbüslərini cəmiyyətin müəyyən hissəsinə çatdıra bilirlər. Bu, faktiki olaraq bütün azadlıqların məhdudlaşdırıldığı, siyasi fəaliyyətin son dərəcədə çətin olduğu bir şəraitdə müəyyən bir imkan pəncərəsidir. Müsavat Partiyası da bu pəncərədən mümkün qədər istifadə etməyə çalışır. Seçki institutunu qoruyub saxlamaq üçün, cəmiyyətdə, seçicilərdə gələcəkdə inamı qoruyub saxlamaq üçün, cəmiyyətin bilgiləndirilməsi üçün istifadə edirik. Bütövlükdə, bu hər halda nadir bir imkandır və bu imkandan mümkün qədər istifadə etməyə çalışırıq.
Amerikanın Səsi: Siz qeyd etdiniz ki, Müsavat Partiyasının parlament seçkilərində namizədliyini irəli sürən üzvləri minlərlə insanlarla, ailələrlə görüşür. Onların münasibəti necədir? Yəni hökumətin siyasətinə, sosial baxışlarına, müxalifətə münasibətləri necədir?
İsa Qəmbər: Bu, geniş bir sualdır və bizim üçün seçkidə iştirak həm cəmiyyətin nəbzini tutmaq, həm partiyamızın imkanlarını bir daha sınaqdan keçirmək üçün vacibdir. Belə deyərdim ki, cəmiyyətdə hakimiyyətə sıcaq bir münasibət yoxdur. Demək olar ki, biz bu münasibətlə rastlaşmırıq. Müsavat Partiyasına münasibət bütövlükdə yaxşıdır. Müsavat Partiyasına yaxşı yanaşırlar. Amma Müsavat Partiyasının, bütövlükdə demokratik ictimaiyyətin seçki yolu ilə vəziyyəti dəyişəcəklərinə inam azdır. Seçkilərə inam çox aşağı səviyyədədir. Burada da sosioloji baxımdan müşahidələr etmək olur. Məsələn, bir müşahidəmi sizə deyim. Bilirsiniz ki, Azərbaycanda orta sinif çox da geniş deyil. Təəssüf ki, hakimiyyətin siyasəti nəticəsində orta sinif çox zəifləyib, insanların böyük əksəriyyəti kasıb həddinə düşürlər, az bir hissəsi isə hakimiyyətlə birgə varlanmaq, sərvət toplamaq istiqamətində fəaliyyət göstərir. Mən onu deyim ki, orta sinfin nümayəndələri seçkiyə başqalarından daha çox maraq göstərirlər. Onlar imza verməyə daha çox hazır olurlar. İmkansız adamlar çox çətin vəziyyətdə yaşayırlar, hər şeyə inamlarını itiriblər. Zənginlər də təbii ki, fərqli səbəblərdən ehtiyatlı davranırlar. Eyni zamanda seçkilərin məhz yayın ən isti aylarına salınamsını da təsadüfi hesab etmirik. Bir sıra problemlər onsuz da var. Yeni tikilmiş binalar, Bakıda çoxsaylı yeni tikilmiş binalar var. Amma həmin binaların qapıları kodlaşdırılıb, bağlıdır. Həmin binaların idarəçilərinə, belə başa düşdük ki, görünür ki, seçki fəallığına, imza toplamaq fəallığına imkan verilməməsi tapşırılıb. Ona görə, o binalara daxil olmaq çətin olur. Eyni zamanda, həmin binalara daxil olanda bəlli olur ki, sakinlərin az qala yarısı kirayənişindirlər, həmin dairənin seçiciləri deyillər. Bu tipli problemlər var. Amma harada ki, seçici ilə təmasa nail olmaq olur, bizim namizədlər və onların imza toplayanları çox maraqlı müşahidələr edirlər. Ölkədəki vəziyyətin bütün ağırlığı da, problemlərin istiqaməti də daha aydın şəkildə bu prosesdə görünür.
Amerikanın Səsi: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və Milli Şuranın seçkiləri boykot qərarına münasibətiniz necədir? AXCP və Milli Şura seçkilərdə iştirakın səsvermənin nəticələrinə müsbət mənada hər hansı təsir etməyəcəyini bildirir. Siz necə düşünürsünüz?
İsa Qəmbər: Biz, Müsavat Partiyası olaraq hesab edirik ki, hər bir siyasi partiyanın öz qərarını vermək azadlığı var. Kim istəyir seçkidə iştirak edir, kim istəyir iştirak etmir. Bu, partiyanın qərarıdır. Hər bir partiya öz qərarını qəbul edir. Bunun da onların fikrincə əgər müsbət tərəfləri varsa, onu əldə edir. Əgər problemləri, fəsadları da varsa onunla da hesablaşmaq zorunda qalırlar. Ona görə də baxmayaraq ki, onlar Müsavata qarşı, onun qərarına qarşı xoşagəlməz təbliğat aparırlar, bu təbliğata rəvac verirlər. Biz onların qərarlarına normal yanaşırıq. Bu, onların qərarıdır, onların seçimidir. Müsavat Partiyası hakimiyyətin seçki yolu ilə dəyişməsini yeganə bir yol olaraq qəbul edən bir partiyadır. Seçkilərə hər zaman meylli bir partiyadır. Biz hakimiyyəti dəyişmək üçün seçkilərdən başqa bir yol bilmirik. Belə bir yol da yoxdur. Hətta, bəziləri müəyyən inqilablar, müəyyən xalq hərəkatları haqqında düşünürsə, həmin o hərəkatların da pik nöqtəsi, yüksəliş nöqtəsi elə məhz seçkilərlə bağlı olur. Seçki zamanı, seçki ərəfəsində və seşlkidən sonra bu məsələlər aktuallaşır. Ona görə də seçkidə iştirakdan imtina etmək, indiki mərhələdə faktiki olaraq boykota gətirib çıxarmır. Çünki hakimiyyətin də məqsədi budur ki, seçkidə fəallıq olmasın. Dolayısı yolla boykot haqqında danışanlar faktiki olaraq hakimiyyətlə elə bil eyni bir siyasi xətti aparırlar. Amma ölkədə boykot real deyil. Çünki boykot üçün seçicilərin seçkidə iştirak faizinin kvorumdan aşağı olması lazımdır. Azərbaycanda isə parlament seçkilərində kvorum anlayışı yoxdur. Seçki dövründə boykot haqqında danışan qüvvələr hər hansı bir siyasi fəallıq etmirlər, hansısa güclü bir kampaniya aparmırlar ki, deyək ki, nəyəsə nail olurlar. Seçkidə iştirak etməmək termini daha məntiqlidir, nəinki seçkinin boykotu. Seçkidə iştirakın da seçkinin nəticələrinə təsiri belədir ki, mən əminəm ki, Müsavat Partiyasının namizədlərinin əksəriyyəti öz dairələrində qalib gələcəklər. Eyni zamanda biz prosesi izləyirik. Bilirik ki, seçkilərdə az da olsa müstəqil namizədlər də var. Onların da qalib gəlmək şansı ola bilər. Biz bilirik ki, cəmiyyət biləcək ki, bax bu dairədə müsavatçı qalib gəlib, bu dairədə müstəqil bir namizəd qalib gəlib. O, reallaşsa da, reallaşmasa da, hakimiyyət heç olmasa həmin dairədən xalqın seçimi ilə hesablaşsa da, hesabalaşmasa da, cəmiyyət, xalq bunu biləcək. Hakimiyyət özü də biləcək ki, harada hansı namizəd, hansı partiyanın namizədi qalib gəlib.
Basta2