Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı: “Mənə dedi ki…”
“8 saylı Binəqədi seçki dairəsinin 30 saylı məntəqəsində Müsavat Partiyasının üzvü, Birinci Qarabağ müharibəsində döyüş yoldaşım olmuş Mustafa Hacıbəylinin müşahidəçisi idim. İqtidar partiyanın müşahidəçisini boğmağım anidən oldu”.
Bu sözləri Globalinfo.az-a keçmiş Milli Demokrat Bozqurt Partiyasının sədr müavini Eldar Tağıyev müşahidəçini boğması haqda danışarkən deyib.
Ətraflı videodan İzləyin
O, mübahisənin saxtakarlıqla bağlı yaşandığını bildirib:
“Mustafa Hacıbəyli Qarabağda döyüşüb. Milli Qəhrəman Albert Aqarunov M.Hacıbəylini yaralı halda mühasiərədən çıxarıb, lakin özü qayıdıb şəhid olub. İndi çoxu Mustafa bəyi tanımaya bilər. Amma o, Şuşanı ən son tərk edən döyüşçülərdən biridir. Mən onun Müsavat Partiyasının üzvü olduğu üçün yox, döyüş yoldaşım olduğu üçün müşahidəçisi olmuşam. Seçki məntəqəsində dava isə saxtakarlığa görə yarandı”.
Onun sözlərinə görə, siyahı yanlış təqdim olunub:
“Saat 3-də seçicilərin gəlməsi ilə bağlı siyahı elan edilməli idi. Məndən soruşdular ki, neçə adam səs verib, dedim, 137 nəfər gəlib. Amma elan etdilər ki, guya 237 seçici gəlib, səs verib. Mən də iradımı bildirdim, hər şeyi dəqiqliyi ilə qeyd etdiyimi və saxtakarlığı kənara qoymağı təklif etdim. Məni yalan danışmaqda ittiham etdilər, “şərəfsiz” və s. kimi sözlərlə təhqir etməyə başladılar. Təsəvvür edin, onlar çox, mən tək. Orada elə bir söz dedilər ki, artıq özümdən çıxdım və olan oldu. Boğduğum adam isə VI çağırış Milli Məclis deputatı Azay Quliyenin müşahidəçisi idi”.
Eldar Tağıyev daha əvvəllər də müşahidəçi olduğunu qeyd edib:
“Mən 1988-ci ildən bu hərəkatdayam. Özüm Birinci Qarabağ döyüşlərinin qazisiyəm. Milli Ordunun əsgəri olmuşam, Birinci batalyonda Şuşa, Ağdərə, Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Məsələni buna bağlamıram. Etiraf edim ki, seçki zamanı yaşanan ilk belə haqsızlıq deyil. Artıq neçənci dəfədir ki, müşahidəçi oluram və hər dəfə haqsızlıqla qarşılaşıram. Belə olanda isə adam əsəbləşir. Bu vaxta kimi əlbəyaxa olmayıb. Orada olan təhqirlər, hədsiz dərəcədə olan saxtakarlıqlar davaya səbəb oldu. Hər dəfə saxtakarlığa qarşı etirazımı bildirmişəm, heç kimə toxunmamışam. Təhqir etməsələr idi, bəlkə də iş bu həddə çatmazdı”.
Zaira Akifqızı
Globalinfo.az