Əliyev Paşinyanla görüşdü

Kazan şəhərində XVI BRICS Sammitinin iclası zamanı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. İki ölkə lideri sülh sazişi layihəsi üzərində müzakirələri davam etdirib.

Görüşdən öncə liderlər iclasın gedişində yanaşı oturub və qısa müzakirə aparıb. Müzakirəyə hər iki ölkənin xarici işlər nazirləri də qoşulub.

Bu müzakirələrdən sonra Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə görüş başlayıb. Görüşdə hər iki ölkənin delimitasiya üzrə sərhəd komissiyalarının həmsədrləri olan baş nazirlərin müavinləri, xarici işlər nazirləri və ölkə baçılarının köməkçiləri iştirak edib.

İlham Əliyev görüşün yekunu ilə bağlı X Platformasında bildirib ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

“İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib”, prezident Əliyev qeyd edib.

Nikol Paşinyan deyib ki, Ermənistan beynəlxalq nəqliyyat kommunikasiyaları və onun ərazisindən keçən boru kəmərlərində maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə tam təmin etməyə hazırdır.

“Ermənistan Azərbaycana sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları vasitəsilə Naxçıvanla əlaqəni təmin etməyi təklif edib”, o qeyd edib.

O, Azərbaycanı sülh sazişinin mətninə əlavə dəqiqləşdirmə aparmadan imzalamağa dəvət edib

“Bizim qiymətləndirməmiz belədir: artıq bu gün razılaşdırılmış məzmunda saziş layihəsi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh üçün möhkəm zəmin yaradılması və münasibətlərin normallaşdırılması üçün zəruri olan bütün fundamental məsələləri formalaşdırır və həll edir. Biz təklif edirik ki, Azərbaycan artıq bu sazişi imzalasın”, Paşinyan qeyd edib.

Baş nazirin çıxışından sonra Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi sülh müqaviləsinə aparan düzgün yoldur.

“Sizin bu gün Azərbaycan prezidenti ilə fikir mübadiləsi apara bilməyiniz bizim tədbirimiz üçün müsbət haldır”, Putin bildirib.

Putin həmçinin Paşinyanın qeyd etdiyi logistik layihələrinin əhəmiyyətini qeyd edib və Ermənistanın Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığa müsbət münasibətinin Moskva üçün vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, 3 gün öncə ABŞ prezidenti Co Bayden Azərbaycan və Ermənistan dövlət başçılarına məktub yazaraq, onları ən pis halda ilin sonunadək sülh sazişi imzalamağa çağırmışdı.