Bakıda COP29: Dünya Liderlərinin Sammiti keçirilir
Bu gün Bakıda COP29 çərçivəsində Liderlər Sammitinin açılış mərasimi keçirilir.
Sammitdə iştirak edəcək rəsmiləri Azərbaycan Prezidenti İlham Əliyev ilə BMT-nin Baş katibi António Guterres qarşılayıb.
Tədbirin açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın ixrac bazarlarına diqqət yetirdiyini və öz tərəfdaşları ilə birgə mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirməyə çalışdığını bildirib.
Onun sözlərinə görə, “bunlardan biri Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsidir”.
“Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək. Onun imkanları iki giqavat olacaq. Bu, yalnız başlanğıcdır”, -deyə Prezident bildirib.
BMT-nin Baş katibi Antonio Guterres isə açılış mərasimindəki çıxışında bildirib ki, “bu tədbir iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır”, – Azərtac yazır.
“İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər. Razılaşma zəruridir.Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda, bəşəriyyət bunun əvəzini ödəyəcək”, – deyə cənab Guterres əlavə edib.
Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişiklikləri konfransı – COP29 başlayıb.
Tədbirin ilk günündə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının gündəliyi təsdiq edilib. COP29 Prezidenti Muxtar Babayev Kyoto Protokolu və Paris İqlim Razılaşmasının İdarə Heyətinin seçilməsi üzrə məsləhətləşmələri 16 noyabr tarixinədək bitirməyi təklif edib, yerli media yazır.
Bazar ertəsi,həmçinin COP29-da iştirak edən müxtəlif ölkələrdən gəlmiş bir qrup könüllü Fələstinə dəstək aksiyası keçirib. Təşkilatçılar bildiriblər ki, aksiyaya səbəb dünyanın diqqətini “Fələstində mülki əhalinin öldürülməsinə” yönəltməkdir. Aksiyaçılar “Soyqrıma son!”, “İşğala son!”, “Haqları qaytarın!” yazılı plakatlar qaldırıb, şüarlar səsləndiriblər.
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
Prezident.az saytı bildirir ki, cənab Quterreş COP29-a sədrliyə görə Azərbaycana uğurlar arzu edib və COP çərçivəsində G20-nin tədbirində və COP-un bağlanış mərasimində də iştirak edəcəyini bildirib.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
COP29 tədbirinin ilk günündə Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq, iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyi götürüb.
Bu bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir. İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir.
Bir milyarda yaxın uşaq – yəni dünyanın uşaq əhalisinin yarısı – iqlim dəyişmələri və çirklənmənin təsirlərindən “son dərəcə yüksək risk” altında olan 33 ölkədən birində yaşayır.
Bundan əvvəl tədbirdə iştirak etmək üçün Bakıda olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell COP29-un açılışında çıxış edib.
Cənab Stiell iqlim böhranın dünyanın hər bir fərdinə bu və ya digər şəkildə təsir etdiyini deyib. O qeyd edib ki, “iştirakçılar Bakıda yeni qlobal iqlim maliyyəsi məqsədini razılaşdırmalıdır”.
“Bir COP bütün dünyanın ehtiyac duyduğu transformasiyanı edə bilməz. Əgər dünya dövlətlərinin ən azı üçdə ikisi tullantıları tez bir zamanda azalda bilmirsə, o zaman bu, hər bir dövlətə baha başa gələcək. Əgər dövlətlər təchizat zəncirlərində möhkəmlik qura bilməsələr, bütün qlobal iqtisadiyyat çökəcək. Beləliklə, iqlimin maliyyələşdirilməsinin xeyriyyəçilik olduğuna dair hər hansı bir fikirdən daşınmalıyıq”,- deyə İcraçı katib bildirib.
Simon Stiell, həmçinin qeyd edib ki, “təmiz enerji və infrastruktur sərmayəsi 2024-cü ildə iki trilyon dollara çatacaq və bu, qalıq yanacaqlardan demək olar iki dəfə çoxdur”.
“Təmiz enerjiyə və dayanıqlı iqlimə keçid dayandırılmayacaq. Bizim işimiz bunu sürətləndirmək və onun böyük faydalarından bütün ölkələr və xalqların yararlana biləcəyinə əmin olmaqdır . Biz uyğunlaşma göstəricilərini razılaşdırmalıyıq. Ölçmədiyiniz bir şeyi idarə edə bilməzsiniz. Biz itki və ziyana görə maliyyə və texniki dəstək üçün yeni mexanizmləri təkmilləşdirməyə davam etməliyik”, o bildirib.
Simon Stiell-in sözlərinə görə, “bu il təqdim olunacaq İkiillik Şəffaflıq Hesabatları əldə edilən irəliləyişlər və doldurulmalı olan boşluqlar haqqında daha aydın təsəvvür yaradacaq”.
“Gələn il bütün ölkələr müəyyənləşdirilmiş milli töhfələrini (NDC) təqdim edəcəklər. Ölkələrə onları yaratmaq və çatdırmaqda dəstək olmaq üçün İqlim Planı Kampaniyasına başlayacaq. O, bütün maraqlı tərəflərin fəaliyyətlərini səfərbər edəcək və BMT Baş katibinin və Braziliyanın COP gələnilki sədrliyinin səyləri ilə uyğunlaşacaq. Paralel olaraq, 2025-ci ildən etibarən İqlim Həftələrinə yenidən başlayacağıq. Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik. Bu anın əhəmiyyətini qiymətləndirən Tərəflər buna uyğun hərəkət etməlidirlər. Burada – COP29-da qətiyyət nümayiş etdirilməlidir”, cənab Stiell deyib.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti bu gün və sabah təşkil olunur.
Bəzi ölkə prezidenti və ya baş nazirinin rəhbərliyi ilə nümayəndə heyətləri artıq Azərbaycandadır.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.
Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir.
Tədbirdə iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib, rəsmi məlumatlarda deyilir.
COP29-a görə Azərbaycanda məktəblər üçün iki həftəlik tətil elan edilib, ali təhsil müəssisələri distant təhsilə keçirilib.
Bakıda bir çox ictimai nəqliyyat olaraq avtobusların marşrutları dəyişdirilib, şəhərin bəzi yerlərində, o cümlədən paytaxta giriş məhdudlaşdırılıb.
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı” (ingiliscə COP-“Conference of the Parties)” noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda, Bakı stadionunda keçiriləcək.
Bundan əvvəlki tədbir – COP28 keçən il Dubayda keçirilib.
Bir neçə ildir ki, dünya ölkələri dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmağa çalışırlar və bunu COP adlanan illik konfransda növbəti addımları müzakirə edirlər.
BBC