Qarabağda məhv edilən meşələr COP 29-un gündəliyinə salınsa…
1848-cü il – Fransa Kral Akademiyasının üzvü, ixtisasca botanika alimi misyö Jordan Qarabağın Ağcabədi bölgəsinə gələrək bu ərazinin bitki aləmini öyrənməklə məşğuldur (M.F.Axundov. “Müsyö Jordan və Dərviş Məstəli şah”)… Süjetin biri bundan ibarətdir ki, alim yamaclardan öz əlləri ilə topladığı otların ətrini qeyri-adi ləzzətlə nəfəsinə çəkir və Kərbəlayi Hatəmxan ağaya bu torpaqların cənnət olduğunu deyir…
2024-cü il noyabrın 11-22-də keçirilməsi nəzərdə tutulan tədbirə isə gələnlərin sayı bir nəfər deyil, minlərlədir. Üstəlik də dünya dövlətlərinin başçıları və siyasi liderləri. Müzakirə edilən məsələ də məlumdur – təbiətin və iqlimin qorunması və məhv edilməsinin qarşısının alınması. Müasir texnologiyanın gücü sayəsində tədbirə gəlməyənlər də, bütün dünya ölkələrinin vətəndaşları da qiyabi olaraq tədbiri izlədikləri üçün iştirakçı sayılırlar. XIX əsrin birinci yarısında fransız aliminin cənnət adlandırdığı bölgədə – Qarabağda oksigen, həyat mənbəyi sayılan min hektarlarla meşələr Ermənistanın işğalçı ordusu tərəfindən tamamilə məhv edilib. Təsadüfən sağ qalan tək-tük ağaclar başlarını aşağı dikərək, küskün halda hara, kimə şikayət edəcəklərini bilmirlər.
Bu mənzərəyə cəza nə olduğunu bilməyən Serj Sərkisyan, Robert Köçəryan da baxır tədbirə gəlməsələr də. Cənnəti cəhənnəmə çevirənlərin havadarları da tədbirə gəlmədən bu “ekologiya” mənzərəsini seyr etməkdədir. Yarandığı vaxtdan mahiyyəti etibarilə ən humanist təşkilat sayılan BMT-nin tədbiri olduğu və təşkilatın rəhbərinin şəxsən iştirak etdiyi halda heç bir cəza söhbəti aparılmır.
Milli münaqişələri qızışdırmaqla müharibələr törədib, yaşıllıqları məhv etməklə iqlimin ifrat dərəcədə istiləşməsinə rəvac verən sadə insanlar deyil, ixtiyar sahibləridir. COP29 deyilən tədbirə kimlərinsə gəlib-gəlməməsini dərd etməyə dəyməz. Tədbirin gedişində Qarabağda meşələrimizi məhv edənlər, ümumiyyətlə dünyada ekologiyanı məhv edənlər barəsində hansısa qərarlar qəbul olunacaqmı? Əgər bunlar olarsa, tədbirin əhəmiyyəti xeyli artmış olardı.
Nəzakət Muradova