Müsavat hakimiyyətdən açıq və prinsipial mövqe tələb edir

Dekabrın 21-də Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, video-konfrans formatında keçirilən iclasda əvəlcə Yuxarı Qarabağdakı son vəziyyət müzakirə olunub.

 

İclasda qeyd edilib ki, noyabrın 10-da imzalanan razılaşmanın şərtlərinə zidd olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarından, eləcə də Qarabağdakı bəzi başqa ərazilərdən Ermənistanın hərbi birləşmələri çıxarılmayıb. Rusiyanın sülhməramlı qüvvələri 30 mindən artıq erməni əhalinin Yuxarı Qarabağa qaytarılmasını təmin etsə də, bu günə qədər azərbaycanlı qaçqınlar öz dədə-baba yurdlarına qaytarılmayıb.

 

Azərbaycan hakimiyyəti ölkə ərazisindən  erməni hərbi qüvvələrinin çıxarılması, eləcə də Şuşa, Xankəndi, Xocalı, Xocavənd də daxil olmaqla bütün Qarabağ ərazisinə azərbaycanlı qaçqınların tezliklə qaytarılmasını təmin etməli, Yuxarı Qarabağ ərazisində suveren hüquqlarımızın təmin edilməsinə nail olmalıdır. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən bu məsələlərdə açıq və prinsipial mövqe nümayiş etdirməsini tələb edir.

 

Müsavat Partiyası hesab edir ki, Şuşada olduğu kimi, Xankəndi və Yuxarı Qarabağın digər rayonlarında da komendantlar təyin edilməli, inzibati orqanların yerli strukturları yaradılmalıdır.

 

Divanın iclasında COVİD-19 pandemiyası ilə əlaqədar son durum müzakirə edilib. Bildirilib ki, infeksiyaya yoluxanların sayının çoxalması fonunda, bir tərəfdən onların müalicəsi  üçün xəstəxanalarda yer çatışmadığı, digər tərəfdən isə apteklərdə dərman qıtlığı yaranıb. Bu vəziyyət səhiyyə sahəsində rüşvətxorluğun artmasına, apteklərdə isə dərmanların qiymətlərinin ciddi şəkildə yüksəlməsinə səbəb olub.  Müsavat Partiyası hakimiyyətdən bu problemlərin aradan qaldırılması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.

 

İclasda təşkilati məsələlər müzakirə olunub, Bakı şəhəri və ərazisi işğaldan azad edilmiş rayon təşkilatlarının Sədrlər Şurasının, eləcə də Səbail rayon təşkilatı Şurasının video-konfrans rejimində keçirilən iclasları haqqında məlumat verilib.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta