COVİD-19 pandemiyasının qadınlara təsiri: problemlər, perspektivlər – ARAŞDIRMA
Bir anda həyatımıza daxil olan COVID-19 bütün dünyada həyat və yaşam tərzinə təsir etdi. COVİD-19 pandemiyası 2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində başlayıb.
SARS-CoV-2 kimi tanınan virus bu günə qədər 453 milyondan çox insana yoluxub, 6 milyondan çox insanın ölümünə səbəb olub.
İctimai şüurda, koronavirusun mənşə hekayəsi yaxşı müəyyən edilmiş kimi görünür. Bu barədə məlumatlarda 2019-cu ilin sonlarında Vuhandakı indi dünyaca məşhur Huanan dəniz məhsulları bazarında bir nəfərin heyvandan bu virusa yoluxduğu və bu yolla dünyaya yayıldığı deyilir. Lakin Covid-19 mənşəyi hekayəsinin bir neçə variantı ilə bağlı fərziyyələr də var. Bu günə qədər aparılan, gələcəkdə də aparılacaq araşdırmalar yüksək etimalla əsl həqiqətin ortaya çıxmasına kömək edəcək.
Sonra baş verənlər, virusun insanları məhkum etdiyi ölümcül xəstəlik və iztirablarla, ölümlərlə dolu günlər, aylar, illər dəhşətli tarixin bir hissəsidir ki, bu da bizim ölkəmizdən də yan keçmədi.
Problemlər
Pandemiyanın və onun iqtisadi nəticələrinin bütün dünyada olduğu kimi ölkəmizdə də gender bərabərliyinə nəzərəçarpacaq təsir göstərdiyini görməmək mümkün deyil.
Aparılan araşdırmalara görə pandemiya dövründə qadınların iş yükü kişilərdən 1,8 dəfə daha çox oldu. Böhranın qadınlara böyük təsirinin səbəblərindən biri virusun qadınların qeyri-mütənasib şəkildə daşıdığı ödənişsiz qayğı yüküdür. Bu, digər amillərlə yanaşı, qadınların məşğulluğunun orta səviyyədən daha sürətlə aşağı düşməsi, ödənişsiz əməklə hədsiz yüklənməsi deməkdir. Pandemiya ilə əlaqədar məktəblərin online rejimə keçirilməsi və bağçaların qapadılması, uşaqların gün ərzində evdə olması, bu səbəbdən uşağa qulluq yükünün artması, ailədə iş yükünün bərabər paylanmaması, münasibətdə qərəzlilik, təhsil və ya uşaq baxımı kimi xidmətlərə dövlət və özəl xərclərin azalması kimi amillər qadınların yükünü daha da ağırlaşdırdı.
Statistik materiallara çatımlılığın aşağı səviyyədə olması bu barədə dəqiqləşdirilmə aparmağın çətinliyi, pandemiya dövründə vəziyyətin burada bizim modelləşdirdiyimizdən daha ağır ola bildiyi qənaətinə gəlinməsinə rəvac verə bilər.
2020-ci il 14 martdan etibarən ölkədə xüsusi rejim tətbiq edilməyə başladı, 24 mart tarixindən etibarən bu, xüsusi karantin rejimi ilə əvəzləndi. 5 yanvar 2020-ci ildən 18 yanvar tarixinə qədər müxtəlif vaxtlarda 3 dəfə SMS-lə icazə tətbiq edildi. SMS-lə icazə və komendant saatı tədbirləri qadınların psixi sağlamlığına və görüşə biləcəkləri insanların sayına məhdudiyyətlər yaranmasına əhəmiyyətli dərəcədə təsir göstərdi.
SMS-lə icazə(saatla) məhdudiyyəti ailədaxili şiddət və məişət zorakılığı zamanı qadınların onların hüquqlarını müdafiə edə biləcək şəxslərə çatımlılığını haradasa yox səviyyəsinə endirdi. Qadınlara qarşı zorakılıq faktları pandemiyadan öncə də geniş yayılmışdı. Karantin dövründə bu problem daha da alovlandı.
Virusdan qorunmaq üçün çıxış yolu evdə qalmaq olsa da karantin günlərində münaqişəli ailələrdə problem daha dərinləşdi. Zorakılığa məruz qalan qadın gün ərzində zorakı şəxslə eyni evdə qalaraq həyati təhlükə ilə üzləşdi. Aparılan araşdırmaların nəticələrinə görə dünayanın bir çox ölkəsində qadınlara yardım edən mərkəzlərin qaynar xəttlərinə olan müraciətlərdə xeyli artım müşahidə olunduğu bildirilir. Azərbaycanda bu missiyanı yerinə yetirmək gücündə təşkilatlatlar olmadığına görə, bütün yük Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşdüyü halda hər-hansı xüsusi addım atılmadı.
Dünyada bir çox ölkələrin əlaqəli məsələ üzrə gərgin iş rejimi ilə işləyən təşkilatları hərəkətə keçdi. Dövlət qurumları məsələni həssas qrupa aid edərək xüsusi qaynar xəttlər yaratdı. Azərbaycanda isə adıgedən komitənin zorakılığa məruz qalan qadınlara dəstək məqsədi ilə xüsusi qaynar xətti yaradılmadı. Həssas qrupa dəstək mexanizmi hazırlanıb işə salınmadı. Nəticədə köməksiz qalan qadınlar daha çox zorakılıqla üzləşdilər, həyati təhlükə yaşadılar.
Son dövrlərdə cəmiyyətdə məişət zorakılığı zəminində qadınlara qarşı cinayətlərin sayının artdığı müşahidə olunur.
Qadınlara qarşı cinayətlərin sayının artmasının səbəblərindən biri cəzasızlıq mühitidir. Gender rolarının bərabərsizliyi ailədə patriarxal gücün daimi üstünlük təşkil etməsinə rəvac verir ki, bu da birmənalı olaraq qadının hüquqlarının pozulmasına, şiddətə məruz qalmasına səbəb olur. Bu xoşagəlməz hal bəzi hallarda qadının qətli ilə nəticələnir.
Gender bərabərliyinin təmin olunması istiqamətində tutarlı tədbirlərin görülməməsi yaxın gələcəkdə bərabərliyin təmin olunması etimalını heçə endirir. Ekspertlər hesab edirlər ki, məişət zorakılığı ilə bağlı qanunvericilik bazası yetərli deyil. Cinayət Məcəlləsinə məişət zorakılığı halları daha ağırlaşdırıcı hal kimi daxil edilməlidir.
Məişət zorakılığı haqda qanun 2010-cu ildə qəbul edilib. Lakin bu qanunda boşluqlar çoxdur. Əsas məsələ tənzimlənmir. Məişət zorakılığı cinayət əməli kimi qiymətləndirilmir. Aqressor birmənalı olaraq cəzalandırılmır, əvəzinə barışığa cəhd olunur. Şikayətçi qadın yenidən aqressorla eyni evdə yaşamağa məcbur edilir.
Patriarxal cəmiyyətdə istənilməməyi, rədd edilməyi qəbul etməyən kişi qadına şiddəti çıxış yolu seçir, hətta bəzi hallarda qadının həyatına son verir. Son dövrlərdə bu kimi cinayətlərin ardı-arası kəsilmir. Qadını qətlə yetirən kişi sonra özünü öldürür. Xüsusən boşanma mərhələsində olan, yaxud keçmiş ər-arvad arasında baş verən bu qəbildən münaqişələrin fundamental səbəblərinin araşdırılmaması, boşanma aktının mürəkkəbliyi problemin dərinləşməsinə səbəb olur. Pandemiyanın sönməyə doğru getdiyi bir zamanda eyniməzmunlu cinayət aktlarının intensivləşməsində uzunmüddətli karantin rejiminin də özünəməxsus payı var. Gərgin münasibətlərin qətllə yekunlaşması problemlərin birdən-birə baş vermədiyini, uzunmüddətli ailə münaqişəsində keçimsizliyin sübutudur.
Pandemiya dövründə sığınacaqların yetərli olmadığı, dövlətin bu məsələni diqqətdə saxlamadığı, xüsusi qaynar xəttin yaranmadığı, zorakılığa məruz qalan qadına psixoloji, iqtisadi, hüquqi yardımın göstərilməməsi, qadının qorunmaması faktdır və hüquqi dövlətdə genderə münasibətin bu həddə gəlib çıxması məyusedicidir.
Pandemiya dövründə innovativ texnologiyalara çatımlılığı olmayan qadınlar oldu. Onlara kömək əli uzada biləcək insanlar dəstək verə bilmədilər. Karantin dövründə icazəsiz peşə fəaliyyəti göstərən qrupa, hüquq müdafiəçiləri və bu kimi dəstək fəaliyyəti həyata keçirə biləcək insanlar evə qapadıldı. Nəticədə kök salmış məişət zorakılığı mənfi nəticələrlə yekunlaşdı.
Pandemiya gender bərabərliyinin təmin olunmadığı cəmiyyətdə öz fəsadlarını belə buraxdı.
Təkcə 2022-ci ilin aprel ayında baş verən qadın qətllərinin bir neçəsinə nəzər salsaq görərik ki, emossional hal və psixoloji gərginlik şəraitində baş verən cinayətlərin ciddi qaynaqları var. Bunlardan ən əsası və birincisi məişət zorakılığı baş verən, həssas qrupa aid edilməli ailələrə dövlət diqqətinin ayrılmamasıdır. Bəzi hallarda gərginliyin səbəbi koronavirusun psixoloji tərəfləri oldu. Xəstəlik, sosial vəziyyətin ağırlaşması münaqişələri tətiklədi. Hüquq-mühafizə sisteminin məsuliyyətsiz davranışı, gərəksiz “ağsaqqal mövqeyi” problemi çıxılmaz vəziyyətə saldı.
Əgər zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarında dinlənsə, problem araşdırılaraq səbəbləri müəyyənləşsə, cinayət əməli(məişət zorakılığı) sübut olunsa və aqressor cəzalansa aşağıda qeyd etdiyimiz dəhşətli siyahı alınmazdı.
Keys-1: Aprelin 6-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 44 yaşlı Rasim Xəlilov əvvəlcə keçmiş həyat yoldaşı, 25 yaşlı Misli Xəlilovanı, sonra özünü güllələyərək öldürüb. Hadisə M.Xəlilovanın Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yaşadığı binanın önündə baş verib.
Keys-2: Aprelin 17-də Zaqatala rayon sakini həyat yoldaşının boğazını kəsərək qətlə yetirib, sonra eyni üsulla özünü öldürüb. İlkin məlumata görə, kənd sakini 1985-ci il təvəllüdlü Qılman Həsənov həyat yoldaşı, 37 yaşlı Həsənova Xavər Şamil qızının boğazını kəsərək öldürüb, sonra intihar edib.
Keys-3: Aprelin 19-da Qusarda 40 yaşlı kişi 38 yaşlı həyat yoldaşını öldürüb, daha sonra intihar edib.
Keys–4: Aprelin 19-u saat 13 radələrində Quba rayon Bərqov kənd sakinləri – 1966-cı il təvəllüdlü İlham Xudamov və 1973-cü il təvəllüdlü Sara Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla İlham Xudamovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla keçmiş həyat yoldaşı Sara Əsədovaya çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Keys-5: Aprelin 22-də günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) və 125-ci ( intihar həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.
Qeyd: hekayələrin hər biri yerli mediada işıqlandırılıb, DİN hər 5 cinayət əməli ilə bağlı istintaq başladılması barədə açıqlama yayıb.
Təkcə qadını öldürməklə kifayətlənməyib özünü də qətlə yetirən aqressorla aylarla eyni evdə yaşamağa məcbur qalan qadının psixoloji vəziyyətinin qətl hadisəsindən öncəki dövrlərdə necə olduğunu təsəvvür etmək çətin deyil.
Perspektivlər
Zaman-zaman dövlətin qarşısında İstanbul Konvensiyasın qəbul edilməsi, ratifikasiya edilməsi tələbi qaldırılır.
-İstanbul Konvensiyası nədir?
– İstanbul Konvensiyasının qəbul edilməsinə hökümət niyə isti yanaşmır?
-Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” İstanbul Konvensiyası 2011-ci ildə Avropa Şurası Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında ölkələrin qoşulması üçün açıq elan olunub. İstanbul Konvensiyası qadınları hər cür şiddət və ayrıseçkilikdən qorumağı, qadın və kişilər arasında bərabərliyi təşviq etməyi, bu məqsədlər üçün hərtərəfli proqram, siyasət və tədbirlər hazırlamağı və bu mövzuda beynəlxalq əməkdaşlığı genişləndirməyi hədəfləyir. Konvensiyada qadına qarşı zorakılığın “qadınlarla kişilər arasındakı tarixi qeyri-bərabər güc münasibətlərinin bir təzahürü olduğu” qeyd olunur.
Qeyri-bərabərliyin aradan qaldırılması üçün dövlət siyasəti tələb olunur
- Azərbaycanda konvensiyaya qarşı çıxanlar onun ailə quruluşuna ziyan vurduğunu və bu sənədə baxmayaraq qadınlara qarşı cinayətlərin getdikcə artacağını iddia edirlər. Konvensiyanın tərəfdarları isə bu sənədə əsaslanaraq qadınları qorumaq üçün daha çox iş görülməsinin vacibliyini və bu sazişi imzalamamağın qadın hüquqları uğrunda mübarizədə geriyə atılan addım olacağını deyirlər.
- Dövlətin qarşısında konvensiyanın qəbul edilməsi tələbi ilə çıxış edənlər hesab edirlər ki, hökümət ailə institunun qorunmasının vacibliyi mövqeyində çıxış etsə də, məsələnin əsli başqadır. İstanbul Konvensiyasını qəbul edərək ratifikasiya etmək hökümətə baha başa gələcək deyə bunu etmir.
- Dövlət konvensiyanı qəbul edərsə cəmiyyətdə, evdə və işdə gender bərabərliyini təşviq etməli, bu məqsədlər üçün hərtərəfli proqram, siyasət və tədbirlər hazırlamalı və bu mövzuda beynəlxalq əməkdaşlığı genişləndirməlidir.
- Dövlət konvensiyanı sırf bahalı olduğu üçün qəbul etmir, digər “səbəblər” bəhanədir.
Konvensiya şiddətin qarşısının alınması, qurbanların qorunması və cinayətkarların cəzasızlığına son qoymağı hədəfləyir.
Baş verən bütün böhranların təsiri hər zaman genderə görə dəyişir – COVID-19 da istisna deyil
Qadınlar iqtisadiyyatda: gəlir itirməklə yanaşı, ödənişsiz iş və ailə qayğısı ilə yükləndi
Hər kəs virusla mübarizə aparırdı: qadınlar həmçinin COVID-19-un iqtisadi və sosial nəticələrinin ağır yükünü daşıyırdı
İşsiz kişi iqtisadi böhranın fəsadlarını düşünür: İşsiz və təcrid olunmuş qadın COVID-19-un gətirdiyi ölüm halları, dolanışıq dərdi və zorakılığın artması riski ilə üz-üzə idi
Qlobal miqyasda tibb işçilərinin 70% qadınlardır. Lakin onlar kişi həmkarları ilə eyni səviyyədə əməkhaqqı almırlar. Gender maaş fərqi 28%-lə müşahidə olunur.
Pandemiyanın yaratdığı iqtisadi böhran qadınlara daha çox zərbə vurur
Bunun səbəbi:
- Qadınlar daha az qazanırlar
- Qadınların əmanətləri daha azdır
- Qadınlar qeyri-rəsmi iqtisadiyyatda daha çox iştirak edirlər
- Qadınların sosial müdafiəyə çıxışı daha azdır
- Qadınlar daha çox ödənişsiz ev işləri ilə yüklənir və buna görə də işçi kimi müdafiədən məhrumdurlar
- Tək valideynli ailələrin əksəriyyətini qadınlar təşkil edir
COVID-19 pandemiyası mərkəzində qadınların olduğu dünyada sağlamlığa, sosial və iqtisadi rifaha zərər verir.
Qadınlar səhiyyə sahəsində böhrandan çıxmaq üçün vacib işlər görürlər.
Qadınlar səhiyyə işçilərinin demək olar ki, 70%-ni təşkil edir və bu da onları daha çox infeksiya riskinə məruz qoyur. Eyni zamanda, məktəb və uşaq baxım müəssisələrinin bağlanması və ödənişsiz işlərdə uzun müddət davam edən gender bərabərsizliyi nəzərə alınarsa qadınlar evdə yükün çox hissəsini öz çiyinlərinə götürürlər. Qadınlar həmçinin yüksək iş və gəlir itkisi riskləri, böhran və karantin zamanı zorakılıq, istismar, sui-istifadə və ya təqib risklərinin artması ilə üzləşirlər.
Dövlət siyasətində qadına reaksiya dərhal olmalıdır və qadınların narahatlıqları nəzərə alınmalıdır. Hökumət genderə münasibətdə qayğı məsuliyyətlərini idarə etməyə kömək etmək üçün fövqəladə tədbirlər görməyi, gəlirə dəstək tədbirlərini gücləndirməyi və genişləndirməyi, kiçik biznesə, zorakılığın qurbanı olan qadınlara kömək üçün tədbirləri təkmilləşdirməyi nəzərdən keçirməlidir.
Prinsipcə, böhrana qarşı bütün siyasi reaksiyalar gender obyektivini özündə birləşdirməli və qadınların unikal ehtiyaclarını, məsuliyyətlərini və perspektivlərini nəzərə almalıdır.
Məqalə YOL YARIŞI metodologiyası üzrə “AZƏRBAYCANDA QADIN HÜQUQLARI VƏ COVID-19 PANDEMİYASI” adlı araşdırma nəticələrinə həsr olunan MEDİA MÜSABİQƏSİ çərçivəsində hazırlanmışdır.
-Müsabiqənin təşkilatçısi və təşəbbüskarı Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətidir( Women’s Association for Rational Development – WARD).
Könül Alı
Basta