Ofşorda qalan Qarabağ
Sizdən Qarabağı geri alan olmaz, hisslərimizlə oynamayın – yenə körüklənən müharibə ritorikasında ağla gələn tək fikir budur!
Bir də cavabını axtardığım bu suallarım var: Ölkədə baş verənlərin adı nədi? Müharibəyə hazırlıqmı? Müharibəyə hazırıqmı?
***
Srağagün İsrail qəzeti milli ordumuza məxsus 155 milyon dolların “otkat” kimi ofşor hesablara ötürülməsindən yazdı. Torpağı işğal olunmuş ölkəni idarə edənlərin əxlaqı, öz xalqını necə biabırçı, rəzil günə qoyduqları ortalığa qoyuldu.
Bunlar isə susurlar!
Ondan əvvəl də silah almaq adıyla ordumuzun yüz milyonlarla dolları “otkat” olaraq Rusiyadan ofşorlara köçürüldüyü xəbərinə lal olmuşdular.
2016-cı ilin aprel döyüşləri vaxtı üzə çıxan “Panama sənədləri”ndə xalqın pullarını oğurladıqları ifşa olunanda da susdular! BBC-yə verilən cavab hələ xalqa verilən hesabat demək deyildi.
Yeri gəlmişkən, dünyanı silkəmiş “Panama sənədləri” olayından bəhs edən “Çamaşırxana” (“The Laundromat”) adlı film çəkilib, dünən baxdım, maraqlıdır, siz də baxın, neçə tanış simanın prototipini görəcəksiniz.
Boynuma alıram, neçə ildi ümidimiz birdivli üzülməsin deyə özümü də, oxucu dostları da inandırmağa çalışmışam ki, bəlkə…, bəlkə…, bəlkə bunların vicdanları tamam ölməyib, bu qədər sərvəti olan ölkənin torpaqlarını işğalda qoymazlar, hansısa bir yol tapıb azad edərlər. “Qarabağı pulla almaq” sayaq onlarla yazıda şam işığının xəfif titrəyişinə bənzəsə də içimdəki ümidi ölməyə qoymamışam.
Amma indi işləklərə baxıram və özümdən soruşuram. Oğrulardan vətən xilaskarı olarmı?
Ümidi ölmüş insan canlı meyitdi! Ümidimiz ölməsin deyə çox şeyi açıq yaza bilmir adam. Yazmıram da, soruşmuram da!
Soruşmuram: Mübariz İbrahimov kimi oğullar ona görə şəhid oldu ki, Pəpişqulunun oğlu qolunda 2 milyonluq saat gəzdirsin? Danabaş ataların danaboyun oğulları eyş-işrət məclislərində milyonlar səpələsinlər?
Soruşmuram: general Polad Həşimov, polkovnik Raqub Orucov, elə dünən ölüm xəbəri gələn çavuş Elşən Məmmədov ona görə qurban gedirlər ki, dünənin “bağırsaq alverçi”ləri, “kalkotqa satan”ları, “üçmanatlıq uçastkovu”ları oliqarxa çevrilsinlər; dərisi 5 qəpiyə dəyməyənlər ölkənin torpaqlarını hərraca qoysunlar; xalqın milyardlarla ölçülən sərvətini ofşorlarda gizlədib yunan tanrıları, tanrıçaları kimi dəbdəbəli həyat sürüb insanlara elə yunan mifologiyasındakı Tantal əzabına bənzər əbədi zülmə məhkum etsinlər?
Soruşmaq istədiyim təkcə bu idi: Ölkədə baş verənlərin adı nədi? Müharibəyə hazırlıqmı? Müharibəyə hazırıqmı?
Onu da jurnalist Qənimət Zahidin proqramında İlham İsmayılla Nəsimi Məmmədlinin emosiyasız, dib-dəhnəli analitik söhbətlərindən öyrəndim. O söhbətdə qırmızı xəttlə keçən əsas fikirdən bildim ki, Qarabağı müharibəylə yalnız Ədalətin, Ləyaqətin və Azadlığın hökm sürdüyü dövlət geri qaytara bilər. Qarabağ deyib haray çəkənləri həbs edənlərdən Qarabağ gözləmək özünü aldatmaq, axmaq yerinə qoymaqdı, başqa heç nə.
.
O verilişə siz də baxın, dinləyin.
… Və düşünün!
Vahid Qazi
23 sentyabr 2020