Əli Əsədov: “Büdcə təşkilatlarında xərclər azaldılmalıdır”
2021-ci ilin dövlət büdcəsinin layihəsi və zərfə daxil olan başqa sənədlər prezidentə göndərilib. Qərar Nazirlər Kabinetinin 23 sentyabr iclasında qəbul edilib.
Rəsmi məlumata görə, iclasa sədrlik edən baş nazir Əli Əsədov xərclərin səmərəliliyinə və qənaətə çağırıb: “Büdcə təşkilatları cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətlə istifadə etməlidir. Bir çox halda izafi xərclərə yol verilir, ştat vahidləri artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarəti daha da gücləndirməlidir.
Prioritet olan tədbirlərin keçirilməsinə üstünlük verilməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.
Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. İnvestisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir göstərir. Lakin investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır”.
İclasda qeyd olunub ki, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaq.
Müzakirələrdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış ediblər.
Novator.az bildirir ki, ilkin layihəyə görə, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat, xərcləri 25 milyard 847,5 milyon manat proqnozlaşdırılır.