Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb
Rüfət Səfərova AR CM-nin 178.3.2. (dələduzluq) və 221.1. (xuliqanlıq) maddələri ilə ittiham verilib.
***
“Rüfət Səfərov bildirdi ki, ABŞ Dövlət Departamenti tərəfindən insan hüquqları sahəsində mükafata layiq görülüb. İki gün sonra mükafat ABŞ Dövlət katibi Antoni Blinken tərəfindən ona təqdim ediləcəkdi. Azərbaycan hökuməti bundan xəbər tutduğuna görə bu cinayət işini düzüb-qoşub”.
Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovla hazırda saxlanıldığı Binəqədi Polis İdarəsində görüşündən sonra vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, Rüfət Səfərovu polis əməkdaşları saxlayaraq birbaşa Binəqədi Rayon Polis İdarəsinə gətirib.
“Rüfət dedi ki, avtomobilini qarajda saxlayarkən tanımadığı bir şəxs ona hücum edib. O indi işdə şahid qismində çıxış edəcək. Həmin şəxs şikayətində bildirib ki, Rüfət Səfərovun atasından təxminən 58 min manat verərək torpaq sahəsinin yarısını alıb. Torpağın ikinci hissəsini almaq üçün guya Rüfətə də pul verib. Rüfət isə dedi ki, həmin şəxsi görməyib və tanımır. Hazırda dindirmə davam etdirilir”, vəkil qeyd edib.
Vəkil hesab edir ki, dindirmə formal xarakter daşıyır, hüquq müdafiəçisinə qarşı cinayət işi açacaqlar.
Rüfət Səfərovun anası Tahirə Tahirqızı isə oğlunun saxlanmasını onun insan haqları ilə bağlı mükafata layiq görülməsi ilə əlaqələndirib.
“Bu torpaq alqı-satqısı şər-böhtandır. Rüfət adına hər hansı torpaq sahəsi yoxdur. Hamıya sirr deyil ki, Rüfət oğru deyil, rüşvətxor deyil. O insan hüquqlarının müdafiəçisidir. Saxlanılmasının səbəbi də budur”, o qeyd edib.
***
Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasının səbəbləri ilə bağlı Turan-ın sorğusuna cavab verib.
DİN Mətbuat Xidmətindən bildirilib ki, “torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub. Bununla bağlı araşdırma aparılır”.
* * *
Dekabrın 3-də axşam mülki geyimli şəxslər hüquq müdafiəçisi Rüfət Səfərovu saxlayıblar. Onun atasının dediklərinə görə, Rufat evə qayıdarkən saxlanılıb. Onu kimin və hansı səbəbdən saxladığı, harada olduğu hələ məlum deyil.
Rüfət Səfərov öz hüquq- müdafiə fəaliyyətinə görə beynəlxalq mükafata layiq görülüb və mükafatı almaq üçün dekabrın 6-da ABŞ-a getməliydi.
Daxili İşlər Nazirliyi Rüfət Səfərovun saxlanılmasının səbəblərilə bağlı Turan-ın sorğusuna hələlik cavab verməyib.