“Şəfiqə Qaspıralı Krım tatarları ilə Azərbaycan arasında bir körpü idi” – Nüşabə Sadıxlının beynəlxalq tədbirdə çıxışı
Dekabrın 13-də Ankarada Qayana Yükselin sədrliyi ilə Şəfiqə Qaspıralı Beynəlxalq Qadınlar Birliyinin təqdimat toplantısı keçirilib.
Tədbirdə Ukraynanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Aleksey Çernışev, Ukraynanın Ankaradakı səfirliyinin müşaviri Denis Zolotarov, CHP başqanının köməkçisi Aylin Nazlıaka, Türkiyə Diyanet Vəqfi Qadınlar Qolunun keçmiş Başçısı, İYİ Partiyanın yetkilisi və “Sözcü” qəzetinin köşə yazarı Ayşə Sucu, Türkiyə Respublikasının keçmiş Baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun həyat yoldaşı Doktor Sare Davudoğlu, Çankaya Bələdiyyə Başçı Köməkçisi Tutku Kurt Bayyurt, Sincan Bələdiyyə vəkili Yasemin Serap İşleyen; Etimesgut Bələdiyyə Başçısının Köməkçisi Ebru Keyvan; ABB BELPA AŞ İdarə Heyətinin sədri Ferhan Özkara, Krım Dərnəyinin Başçısı Mükremin Şahin, Krım Vəqfi Başçısı Tuncer Kalkay, Krım Dərnəyinin yetkili şəxsləri Namik Kamal Bayar və Krım İsmət Yüksel və çox sayda QHT nümayəndəsi, dərnək, birlik və vəqf idarə heyəti üzvləri iştirak ediblər.
Azərbaycandan bu tədbirdə, bir sıra ictimai xadimlərlə yanaşı, Müsavat başqanının müavini, doktor Nüşabə Sadıxlı iştirak və çıxış edib.
Çıxışın mətnini təqdim edirik:
“Dildə, düşüncədə, işdə birlik” deyən böyük türk ideoloqu İsmayıl bəy Qaspuralının qızı, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin həyat yoldaşı, bir sözlə, Krım tatarları ilə Azərbaycan arasında canlı bir körpü idi.
Tərbiyə aldığı, böyüdüyü Qaspıralı ailəsində erkən yaşlarından aldığı vətən, xalq sevgisi sevib ‒ seçdiyi Nəsib bəy Yusifbəylinin ömür ‒ gün yoldaşı olduğu zaman ikinci vətəni olan Azərbaycana da təbliğ etdi.
17 yaşında gənc bir qız “Tərcüman” qəzetində çap etdirdiyi məqalə haqqında belə yazırdı: “Qələm təcrübələrimin başlanğıcında qadınlara aid məqaləm “Tərcüman”da çap edildi.
Yaxşı qarşılandı. Cəsarətləndim və Yaltada rusca çıxan qəzetdə bir rus mühərririn tatar qadınlarının geriliyi və bunun dinlə əlaqəsi haqqındakı yazısına silsilə məqalələrlə cavab verdim”.
Dilinə, dininə, xalqına qarşı həqarətlərə cəsarətlə cavab verən Şəfiqə xanım fəaliyyətini Azərbaycanda olarkən də davam etdirdi. Nəsib bəy Yusifbəyli ilə ailə quran Şəfiqə xanım Krımın işğalından sonra Nəsib bəyin ata yurduna ‒ Gəncəyə gəlir.
Krımın işğalını isə ürək ağrısı ilə belə təsvir edir: “Millət Məclisinin son iclasında Parlament kimi istifadə etdiyimiz Zadəgan Cəmiyyətinin binasında toplanmışdıq. Çox həzin bir toplantı idi. Yas yerində olan kimi sakit, səssiz dayanmışdıq. Bir ‒ iki millət vəkili danışmaq üçün kürsüyə çıxdı. Lakin sözlərini tamamlamadan hıçqırıqlar içərisində aşağı endilər. Əli Badanalı göz yaşlarını axıdaraq “Aslanların yerini köpəklər aldı” ‒ deyə ağlayırdı. Elə bu zaman binanın qapıları açıldı və Akyar dənizçiləri sel kimi içəri doluşdular. Güllələr pəncərə şüşələrini parçalayaraq binanın içərisində uçuşmağa başladı”.
İçində azad Krım eşqini yaşadan Şəfiqə xanım Azərbaycana gəldikdən sonra da fəaliyyətini davam etdirdi. Bu yolda “Aləmi nisvan”ın 1906-cı ildə nəşr olunması böyük rol oynadı. Şəfiqə xanım xatirələrində nəşrin “ailəvi” müştərək xarakterinə diqqəti çəkərək yazırdı ‒ Müdir və yazarı məndən başqa zövcüm (ərim) idi. İstanbuldan gəncəli Abdulla Sur (tələbə) yazırdı. Krım Qafqaz və Şimal qaçqınlarından da dərdlərlə dolu məqalə və məktublar gəlir, basılırdı. Bir sənə davam etdi məcmuə. Lisanı “Tərcümə” lisanıydı”.
Qeyd etmək istərdim ki, tərcümançıların “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadə ilə əlaqəsi var idi. “Aləmi ‒ nisvan” jurnalında “Molla Nəsrəddin” jurnalının ayrı ‒ ayrı saylarında müsəlman qadınlarının vəziyyətindən bəhs edən məqalə və felyetonlar müəyyən ixtisarla çap olunmuşdu.
Müəyyən fasilələrlə 1906 ‒ 1911-ci illərdə nəşr olunan, səksənə yaxın sayı işıq üzü görən jurnalda artıq təkcə Nəsib bəyin deyil, Şəfiqə xanımın da vətəninə çevrilən Azərbaycanla bağlı mövzular da daim diqqət mərkəzində saxlanılırdı. Məsələn, 1907-ci ilin dördüncü sayında Şəfiqə xanımın Gəncə təəssüratlarını əks etdirən məqaləsi çap olunan yazısında müəllif ötən il bir ay ərzində ərinin vətəni Gəncədə yaşamasından, burada üzləşdiyi hadisələrdən, ünsiyyətdə olduğu xeyirxah insanlardan geniş bəhs edirdi. Süni şəkildə alovlandırılan milli qarşıdurma nəticəsində şəhərin böyük bir hissəsinin ermənilər tərəfindən yandırılıb ‒ dağıdılmasından, talan edilməsindən ürək ağrısı ilə söz açırdı. Amma Şəfiqə xanımın nəzərində şəhərin bundan da böyük faciəsi avamlıq və cahilliyin tüğyan etməsi, təhsilin, xüsusən də qadın təhsilinin bərbad vəziyyətdə olması idi. Onun fikrincə yandırılan binaların yerində yeniləri tikiləcəkdi. Cahillik ortadan qaldırılmadığı təqdirdə isə insanlar vətəninin həqiqi sahibi ola bilməyəcəklər.
“Bakıda Qadınlar Cəmiyyəti” adlı başqa bir yazıda isə kədərli Gəncə gerçəkliyindən fərqli olaraq Azərbaycanda qadın hərəkatı ilə bağlı pozitiv yeniliklər haqqında yazır: “Bu son vaxtda Bakıda müsəlman qadınlar “Elm və Həyat” adlı bir cəmiyyət təşkil etmişdilər. Məzkur cəmiyyət bundan sonra qızlar arasında elm və maarifi yayacaqmış. Toplanan paraları Gəncədə ac və fəqirlərə yollamışlar. Cəmiyyətin təşkili bizim müsəlman qadınlarının ağıl və zəkasının işıqlandığını göstərir. “Aləmi nisvan”ın 1906-cı il 35-ci sayında çap olunan “Molla Nəsrəddin məcmuəsi” adlı məqalədə belə deyilir: “Bu axır vaxtlarda mətbuatımızda biz biçarə qadınların halına və məişətinə dair az ‒ çox məqalələr və mülahizələr gözə görünməkdədir. Bu xüsusda Tiflis şəhərində nəşr olunan “Molla Nəsrəddin” hər bir məsələdə məharət göstərdiyi kimi biz məzlumələrin məişətinə dair tərsim (rəsm) etdiyi lövhələrdə və yazdığı məqalələrdə də məsələyə ciddi nəzər ilə baxaraq qələmindən alimanə bir tərzdə istifadə edir”.
Artıq iki uşaq anası olmasına, ailə qayğıları ilə yüklənməsinə baxmayaraq Şəfiqə xanım ərinin və dostlarının Gəncədəki maarifçilik fəaliyyətindən kənarda qalmamağa çalışırdı. 1954-cü ildə qələmə alınmış xatirələrindən qısa qeydlərə diqqətinizi çəkmək istərdim: “Gəncdə gizli toplantılar. Evimizdə iki dəfə axtarış. Hökumət qərarlarını “içəridən” əvvəlcədən öyrəndik. Nəsib olmayanda işləri mən idarə etdim.
Atasının xəstəliyi ilə bağlı Krıma gedib uzun müddət orada qalan Şəfiqə xanım 1919-cu ilin yayında Azərbaycana döndü. “Mən Krımdan 1919-cu il avqustun 15-də çıxdım (xatirələri üçün hazırladığı kiçik qeydlərin birində yazırdı) zövcüm Nəsib bəy Yusifbəyli Bakıya qayıtmaq üçün yola çıxan silistrəli müəllim Ədhəm Feyzibəy (Gözaydın) ilə yolladığı məktubda iki uşağımla birlikdə dərhal Bakıya gəlməyimizi istəyirdi. Bunun üzərinə Sevastopol ‒ Novorossiysk ‒ Petrovsk yolu ilə Bakıya gəldim”.
Şəfiqə xanım Bakıya gəldiyi ilk günlərdən ərinin həyatını həsr etdiyi amala ‒ Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına, onun yeni institutlarının yaranmasına və möhkəmlənməsinə öz töhfəsini verməyə çalışmışdı. Bu önəmdə Şəfiqə Qaspuralının ictimai ‒ siyasi proseslərdəki səriştəsi və pedaqoji təcrübəsi də önəmli rol oynamışdır. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kursların təşkilinə başlamışdır. Şəfiqə xanım qısa bir müddətdə üç aylıq kurslara qırxa yaxın gənc qız və qadın cəlb etmişdir. Gələcəkdə həmin kursların əsasında ayrıca pedaqoji məktəbin yaradılması nəzərdə tutulurdu. Nəsib bəyin müəmmalı ölümü Şəfiqə xanıma çox təsir etdi. 1950-ci illərə aid qeydlərinin sonunda iri hərflərlə “SUDAMISAN, TORPAQDAMISAN, NƏSİB? ƏTRAFIN NURLA DOLSUN!” sözlərini yazmışdı. Nəsib bəy dünyasını dəyişdikdən sonra Şəfiqə xanım Türkiyəyə köçür, orada yaşadığı müddət ərzində illər uzunu Krımın azadlığı uğrunda apardığı mübarizə davam edir.
2017-ci ildə Azərbaycan Kültür Dərnəyinin Qadın qolunun başqanı Nəsrin xanım Ünalın rəhbərliyi ilə “Krım ‒ tatar xanımlarının yaradıcılığı” mövzusunda möhtəşəm beynəlxalq konfrans keçirildi. Konfransda mən “Müasir Krım ‒ tatar xanım yazarları” mövzusunda çıxış etdim və əmin oldum ki, bu mübarizəni işğal olunmuş Krımın azadlığı, xalqının istiqlaliyyəti uğrunda mübarizə aparan neçə ‒ neçə Krım tatar xanımları əsərlərində hələ də davam etdirirlər. Maye Sofet (Maye Abdulqaniyeva) “Susdum” şeiri ilə yurdlarından, yuvalarından didərgin düşən həmvətənlərinə “Mən sussam da, susmaq olmaz!” ‒ deyir. Yaxud Elmira Mustafayeva “Əgər mən quş olsaydım”, “Krım”, “Armancıq” kimi əsərlərində vətən sevgisi, nisgili ilə yanaşı bir üsyankarlıq var. Aliyə Kenjaliyeva (Kendja ‒ Ali) “Krım qızı”, “Krım”; Üriye Kadırova “Bayraq”, “Ana dili”, “Krım”; Səyyare Kökce “Baxçasaray”, “Vətənim Krımım”, “Qəfəs quşu”, “Köhnə tatar evinin etirafı” kimi əsərləri ilə zərif çiyinlərində ağır işğal yükünü daşıyırlar. Və Şəfiqə Qaspıralının “Vətəni sevmək azdır, onun uğrunda mübarizə aparmaq lazımdır” devizini həyat tərzi seçiblər.
Krım, Krım tatarlarınındır! Bu yolda bütün Türk dünyası birləşməlidir!”