Azərbaycan və ABŞ arasında “xoxan” davası

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycandakı səfirliyini media azadlığına dözümsüzlükdə ittiham edib.

Səfirlik sosial media hesabında yazıb ki, son vaxtlar “uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir”.

Diplomatik qurum AzTV-də ölkəsi haqda deyilənləri narazılıqla qarşılayıb:

“Bu ayın “ən məşhur”ları AzTV-nin “Həftə” verilişinin “açıq şantaj” və “namərdlik” sözləri oldu.Yaxşı cəhddir, ancaq, bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcək”, – səfirlik sosial media hesabında yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə səfirliyin son şərhlərini “media azadlığına qarşı dözümsüzlük” kimi qiymətləndirib.

“Görünən odur ki, ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır”, – Ayxan Hacızadə deyib.

ABŞ səfirliyi bundan əvvəl də AzTV-nin efirində ölkəsi ilə bağlı işlədilən “namərd” sözü ilə bağlı paylaşım edib və Azərbaycanda noyabrdan bəri 30-dan çox jurnalist və bloqçunun həbs olunduğunu vurğulayıb.

BBC