Arif Hacılı: “Hədəfimiz bu toqquşmalar dönəmindən uğurla çıxmaq olmalıdır”
Belə görünür ki, Rusiyanın Ukrayna ərazilərini işğalı ilə başlanan yeni dünya düzəninin formalaşması prosesi Trampın prezidentliyi dövründə daha da sürətlənəcək.
ABŞ prezidentinin Çin, İran, qismən də Rusiya əleyhinə açıqlamalarından sonra NATO da müttəfiqləri olan və demokratik dünyanı təmsil edən Kanada, Danimarka kimi ölkələri də hədəfə alması, Suriyada baş verənlər, İran-Türkiyə münasibətlərində yaranan gərginlik və digər geopolitik gəlişmələr yaxın dövrlərdə dünya düzənində mühüm dəyişikliklərin daha sürətlə davam edəcəyini göstərir.
Bu dəyişikliklər bizim də maraq dairəmizdəki yaxın şərq regionundan, birbaşa qonşuluğumuzda olan və ya sərhədlərimizə yaxın ölkələrdən də yan keçməyəcək.
Məhəmmədəmin bəyin təbirincə desək, dünya qəribə dəyişəcək.
İndi dövlət və millət olaraq əsas hədəfimiz bu toqquşmalar və dəyişiliklər dönəmindən uğurla çıxmaq olmalıdır.
Azərbaycan-Ermənistan münaqişəsini tarixin arxivinə göndərmək, bu ölkə ilə lazımsız və perspektivsiz rəqabət şəraitindən çıxmaq, tariximizin bu səhifəsini qatlamaq, 1946-cı ildən sonra ilk dəfə Güney Azərbaycanda yaşayan 40 milyonadək xalqımızın öz müqəddəratını təyin etməsi istiqamətində mühüm irəliləyişinə uğurlu şəraitin yaranacağını da nəzərə alaraq Azərbaycanın yeni dünya düzənində daha təsirli və cəlbedici dövlət kimi yer tutması üçün həm daxili, həm də xarici siyasət vizionunda əsaslı dəyişikliklər zamanı çoxdan çatıb.
Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.