Müsavat Divanının Gündəliyi

Yanvarın 13-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub.

Müsavat Partiyasının hazırda həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsi barədə məlumat verilib. Qeyd edilib ki, məhkəmə prosesində Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğu sübuta yetirilib. Divan Tofiq Yaqublunun və bütün siyasi məhbusların azad edilməsini bir daha tələb edib.

Yanvarın 20-də saat 14:00-da Şəhidlər Xiyabanının ziyarət edilməsi haqda qərar qəbul edilib.

Müsavat Partiyasının 2025-ci il üçün fəaliyyət istiqamətlərinə dair Məclisin sessiyasında əsas kimi qəbul olunan sənədə irəli sürülən təkliflər təsdiqlənib.

Partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə dair təkliflər müzakirə edilib.

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində namizədliyi qeydə alınan müsavatçıların apardıqları təbliğat kampaniyası barədə məlumat dinlənilib.

İclasda ölkədə və regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.