Avropa Məhkəməsi Azərbaycan hökumətini 1,7 milyon avro cərimələdi
Azərbaycan hökuməti 2013-cü ildə açılan Qış parkının tikintisinə görə evləri sökülən 18 şikayətçiyə 1,7 milyon avro ödəyəcək.
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) yanvarın 14-də dərc etdiyi qərarda belə deyilir.
Məhkəmə vətəndaşların mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu əsas gətirərək belə bir qərar verib.
Azərbaycan hökuməti 3 aydan gec olmayaraq zərərçəkənlərə ödəniş etməlidir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri sökülmüş, sakinlər isə köçürülmüşdü.
Sakinlər sahib olduqları mənzillər və bu mənzillərin yerləşdiyi torpaq sahələri, eləcə də əşyalarına vurulan zərərə görə müxtəlif məbləğlərdə kompensasiya tələb edirdilər.
Şikayətçilər iddia edirdilər ki, prezident İlham Əliyevin 2007-ci il dekabrın 26-da imzaladığı 689 saylı sərəncama əsasən, onlara əlavə 20 faiz, “Torpaqların dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi haqqında” Qanunun 66-cı maddəsinə görə isə əlavə 10 faiz kompensasiya ödənilməlidir.
Onlara verilən kompensasiyadan şikayətçi olan sakinlər cavabdeh icra hakimiyyətinin mənzillərin hər kvadrat metrinə görə 1500 manat ödədiyini, bunun isə az olduğunu bildirirdilər.