Tramp Putin və Zelenski ilə danışdı
Şərhlər
ABŞ prezidenti Donald Tramp fevralın 12-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb. Daha sonra o, Ukrayna prezidenti Volodimir Zelenski ilə də telefonla danışıb. Bununla bağlı üç siyasi ekspertin şərhlərini təqdim edirik:
Kamran Cəfərov
Donald Tramp təzəlikcə Putinlə danışdı.
“Mən indicə Rusiya prezidenti Vladimir Putinlə uzun və çox məhsuldar bir telefon danışığı apardım. Biz Ukraynanı, Yaxın Şərqi, enerji məsələləri, süni intellekti, dolların gücünü və bir çox digər mövzuları müzakirə etdik.
Biz hər iki xalqımızın böyük tarixi və İkinci Dünya Müharibəsində uğurla birlikdə döyüşdüyümüz barədə danışaraq, xatırladıq ki, Rusiya on milyonlarla insan itirdi, biz də çox itirdik! Hər birimiz ölkələrimizin güclü tərəfləri və birlikdə işləməyin böyük faydası haqqında danışdıq.
Lakin əvvəlcə, hər ikimizin razılaşdığı kimi, Rusiya-Ukrayna müharibəsində baş verən milyonlarla ölümü dayandırmaq istəyirik. Prezident Putin hətta mənim kampaniyamın şüarını istifadə etdi: “AĞIL MƏNTİQİ”. Biz hər ikimiz buna çox inanırıq.
Biz birlikdə çox sıx işləməyə, o cümlədən bir-birimizin ölkələrini ziyarət etməyə razılaşdıq.
Biz həmçinin komandalarımızın dərhal danışıqlara başlamasına razılaşdıq və bunu Ukrayna prezidenti Zelenskini bu söhbət haqqında məlumatlandırmaq üçün ona zəng etməklə başlayacağıq – mən bunu indi edəcəyəm.
Mən dövlət katibi Marko Rubionu, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffi, milli təhlükəsizlik üzrə müşavir Maykl Voltsu və səfir və xüsusi nümayəndə Stiv Vitkoffu danışıqlara rəhbərlik etməyə çağırdım və əminəm ki, bu danışıqlar uğurlu olacaq.
Milyonlarla insan həlak oldu bu müharibədə – əgər mən prezident olsaydım, bu baş verməzdi, amma baş verdi, ona görə də bitməlidir. Daha heç bir insan itkisi olmamalıdır!
Mən prezident Putinə bu zəng üçün vaxt və səylərinə görə, həmçinin dünən Mark Fogelin azad edilməsinə görə təşəkkür etmək istəyirəm – o, gözəl bir insandır və mən onu dünən gecə Ağ Evdə şəxsən qarşıladım. Mən inanıram ki, bu səylər uğurlu nəticəyə gətirib çıxaracaq, ümid edirəm ki, tezliklə!”
***
Şahin Cəfərli
Trampın Ukraynaya dair telefon diplomatiyası.
Putinlə telefon söhbətinin məzmunu barədə Trampın paylaşımından sonra müharibənin elə bu günlərdə dayandırılacağı, eyni zamanda Ukraynanın taleyinin Ukraynanın iştirakı olmadan müzakirə və həll ediləcəyi haqda təsəvvür və rəylər yarandı. Belə deyil. Sadəcə olaraq, Tramp narsist mahiyyətinə uyğun olaraq, hər hansı problemin həllində öz rolunu şişirtməyə və sövdələşmələr əldə etmə sahəsindəki məharətini hər kəsə nümayiş etdirməyə ehtiyac duyan adamdır. Təsadüfi deyil ki, telefon danışıqlarından dərhal sonra Ağ Evdən açıqlama verildi ki, Tramp Putini və Rusiyanı rəqib kimi görür.
Tramp hərbi əməliyyatların tezliklə dayandırılmasını, atəşkəsə nail olunmasını istəyir və bu mövqeyini Putinə bir daha çatdırıb. Peskovun dediyinə görə, Putin belə cavab verib ki, “konfliktin ilkin səbəblərini aradan qaldırmaq vacibdir”. (“Путин, со своей стороны, упомянул о необходимости устранения первопричин конфликта”). Yəni telefon danışığında müharibənin dərhal dayandırılmasına dair razılıq əldə olunmayıb.
Bu barədə daha əvvəl yazmışdım: Putin hesab edir ki, danışıqlar təkcə Ukrayna ilə məhdudlaşmamalıdır, ümumən “problemi doğuran ilkin səbəblər” Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır. Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir. Moskva bu haqda rəsmi mövqeyini yazılı şəkildə 2021-ci ilin dekabrında ABŞ və NATO-ya təqdim etmişdi. Trampın bu gün elan etdiyi nümayəndə heyəti ilə Rusiya nümayəndə heyətinin görüşündə bütün bu məsələlər müzakirə olunacaq.
Bəs, Tramp niyə bu cür müzakirəyə razılıq verib?
Xatırlatmaq lazımdır ki, Bayden də Rusiya ilə bu mövzuda müzakirələrdən imtina etməmişdi. 2022-ci ilin yanvarında Cenevrədə iki ölkə nümayəndə heyətlərinin görüşü keçirilmiş və ABŞ tərəfi Rusiyanın ultimativ tələblərini qəbul etmədiyi üçün nəticəsiz bitmişdi. Ondan əvvəl isə CİA direktoru Berns və dövlət katibinin müavini Nuland Rusiyaya səfərlər etmişdilər.
Planlaşdırılan Tramp-Putin görüşündən əvvəl nümayəndə heyətləri arasında danışıqların aparılması Trampın o qədər də sevmədiyi diplomatik praktikaya və dövlət ənənələrinə uyğun davrandığını göstərir. Bu tip danışıqlar diplomatlar tərəfindən hazırlanır, müzakirələrin stenoqramı tutulur və dövlət arxivinə verilir. Yəni bağlı qapılar arxasında çox məxfi şəkildə alverlər aparılıb, hansısa paktlar bağlanmır. ABŞ tərəfdən görüşdə dövlət katibi Rubio, milli təhlükəsizlik müşaviri Uoltz, CİA direktoru Retkliff kimi geosiyasəti, beynəlxalq münasibətləri, o cümlədən Ukrayna müharibəsinin səbəblərini bilən insanlar iştirak edəcək. Putinin imperialist təxəyyülünün məhsulu olan absurd tələblərin ABŞ tərəfindən qəbul ediləcəyinə mənim böyük şübhəm var.
Rusiya-ABŞ görüşündən əvvəl, Cümə günü (yəni sabah) ABŞ dövlət katibi Rubio və vitse-prezident Vens Münhendə Zelenski ilə görüşəcəklər. Bu, Ukraynanın taleyinin onun iştirakı və xəbəri olmadan həll edildiyini söyləməyə əsas vermir. Onu da qeyd etmək lazımdır ki, Ukraynanın faydalı qazıntı yataqlarının istismarı ilə bağlı iki ölkə arasında imzalanacaq sazişdən sonra ABŞ-ın Ukraynaya yardımları davam etdirəcəyi ehtimal olunur.
Təbii ki, mən Ukrayna üçün hər şeyin yaxşı getdiyini iddia etmirəm. Şübhəsiz ki, Ukrayna bəzi ağrılı güzəştlərə getmək məcburiyyətindədir. O, işğal altındakı ərazilərin qeyri-müəyyən müddətə Rusiyanın nəzarətində qalmasına razı olacaq. Bununla bağlı bir təhlükə də var ki, Tramp Rusiyanı atəşkəsə razı salmaq üçün işğaldakı ərazilərin bir hissəsinin (məsələn, Krım və Donbasın) Rusiya ərazisi kimi tanınmasını Zelenskidən tələb edə bilər. (Bunu bir ehtimal kimi yazıram, belə tələb olmaya da bilər). Amma Zelenski və ya hər hansı Ukrayna rəhbərinin ölkə Konstitusiyasına zidd olan belə bir məsələyə razılaşması mümkün deyil. Ukrayna indiki mərhələdə NATO üzvlüyündən də imtina etməli olacaq. Amma unutmaq olmaz ki, Bayden administrasiyası da Ukraynanın NATO üzvlüyünə razı deyildi. Ümumiyyətlə, hazırkı vəziyyətin yaranmasına görə məhz Bayden və demokratlar məsuliyyət daşıyır. Əgər 2014-cü ildəki hadisələrdən sonra NATO-ya üzvlüklə bağlı Ukraynaya tezləşdirilmiş qrafik verilsəydi, yaxud Ukrayna ciddi şəkildə silahlandırılsaydı, Rusiyanın 2022-ci ildəki xain hücumu baş verməyəcəkdi. 2014-cü ildə Krımın işğalı və ilhaqı zamanı da Bayden hakimiyyətdə idi – vitse-prezident qismində.
Hazırkı mərhələdə Ukrayna, prinsipcə, atəşkəsə razıdır – bir şərtlə ki, ölkə ərazisinin qalan 81%-lik hissəsinə etibarlı təhlükəsizlik zəmanəti verilsin. Bu halda Ukrayna öz müstəqilliyini, milli dövlətçiliyini qorumuş olacaq: yaxın günlərdə 3-cü ildönümü tamamlanacaq müharibədə təməl hədəf məhz bu idi.
Bəs, Rusiya qarşıya qoyduğu siyasi məqsədlərə nail olmadan müharibəni dayandırmağa razılıq verəcəkmi? Bunu görəcəyik.
***
Mustafa Hacıbəyli
Tramp Putinə zəng etməklə, onu beynəlxalq izolyasiyadan çıxartdı. Artıq Rusiyada bunu nəinki diplomatik qələbə, hətta “kollektiv qərbin” 3 illik blokadasının yarılması kimi qələmə verirlər. Bu təmas Avropada dəyərlərə məhəl qoymayan bəzi başqa dövlət başçıları üçün də bir presedent olacaq.
Bununla Tramp ABŞ-da prezident seçilmək üçün həm birbaşa, həm İlon Mask vasitəsilə Rusiyadan aldığı dəstəyin əvəzini ödəyir.
Bu hələ başlanğıcdır. Tramp və onun sözçüləri, Ukraynanın 2014-cü il sərhədlərini bərpa etmək istəyinin real olmadığını söyləyir, beynəlxalq hüququ görməzdən gəlir, Kiyevi işğal faktı ilə barışmağa sövg edirlər.
Putin danışıqlara başlamaq üçün müharibə şəraitində olan Ukraynada prezident seçkilərinin keçirilməsi şərtini irəli sürür. O ümid edir ki, seçki Ukrayna cəmiyyətinin daxildən parçalanmasına gətirib çıxara bilər. Acınacaqlı haldır ki, Tramp administrasiyası Putinin bu məkrli planına da dəstək verir.
Hə, Tramp Zelenski ilə də telefon danışığı aparıb. Bu addımı, o, apardığı rüsvayçı siyasəti pərdələmək üçün atıb. ABŞ-da və bütün dünyada dəyərlərə sadiq olan və beynəlxalq hüquqa əməl olunmasını vacib sayan təbəqələrin mümkün etirazları qarşısında Trampa arqumentlər lazımdır. Deyəcək ki, Zelenski ilə də danışmışam.
Ən böyük arqumenti sülh yaratmaqdır. Sülh isə yoxdur və nə qədər Putin rejimi ayaqdadır – olmayacaq. Tramp Putinlə danışdıqdan sonra keçən saatlar ərzində işğalçı Rusiya ordusu Donbasda yüzdən artıq hücum əməliyyatı həyata keçirib. Təkcə Pokrovsk istiqamətində 45 hücum qeydə alınıb. Ukrayna ordusu bu hücumların əksəriyyətini dəf edə bilib.
Əgər sənə ayı hücum edib, sən də onu yaralamısansa, bundan sonra sülhə nail olmağın yeganə yolu, onu məhv etməkdir.
Vəziyyət belədir. Amma dünyada yaxşı adamlar daha çoxdur, sonda yaxşı olacaq.
P.S. Dünən Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa və Ukraynanın XİN rəhbərləri sülh danışıqlarının Ukrayna və Avropanın iştirakı olmadan aparılmasının yolverilməzliyi barədə birgə bəyanatla çıxış ediblər. Ukraynanın arxasında olduqlarını, sülh üçün Ukraynanın gücləndirilməsinin vacib olduğunu ifadə ediblər.