Müharibə başladı – Yenilənir
.1014
21:00
.
Azərbaycan ordusunun itkiləri açıqlandı – RƏSMİ
.
Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırkı vaxtadək Azərbaycan Ordusunun bir neçə hərbçisi şəhidlik zirvəsinə ucalmış, bir neçə hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə Hərbi prokurorluqlarında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 116.0.8 (hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işləri başlanmış, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.
Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur.
İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaqdır.
.
16:00
.
Müdafiə Nazirliyi düşmən mövqelərinin məhv edilməsinin görüntülərini yaydı – VİDEO
.
Müdafiə Nazirliyi cəbhədə düşmən təxribatının qarşısının alınması istiqamətində ordumuzun keçirdiyi hərbi əməliyyatlara dair görüntülər yayımlayıb.
Görüntülərdə düşmən mövqelərinin məhv edilməsi əksini tapıb.
Həmin görüntüləri təqdim edirik:
.
15:00
.
Qarabağda 10 erməni hərbçinin həlak olduğu xəbər verilir
Dağlıq Qarabağda separatçı rejimin təhlükəsizilik şurasının katibi Samvel Babayan deyib ki, Təmas Xətti boyunca gedən döyüşlərdə 10 erməni hərbçi həlak olub.
Armenpress agentliyinin verdiyi xəbərə görə Babayan deyib ki, genişmiqyaslı müharibə başlayıb və “Azərbaycan Qarabağa müxtəlif istiqamətlərdən zərbələr endirir”.
“Mən hamını təmkinini saxlamağa və təhlükəsiz yerlərə çəkilməyə çağırıram. Mən bütün kişiləri bir nəfər kimi toplaşmağa və işi o yerə çatdırmamağa çağırıram ki, onları gəlib evlərindən aparsınlar. Mən sadəcə olaraq xahiş edirəm”.
AzadlıqRadiosunun Erməni xidməti bildirir ki, Qarabağda hərbi vəziyyyət səfərbərlik elan edilib.
.
14:30
Qarabağda azı 6 kənd işğaldan azad edildi, əməliyyat davam edir – RƏSMİ
.
Müdafiə Nazirliyinin brifinqindəki müxbirinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.
Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub:
“Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib.
Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Döyüş əməliyyatları davam edir. Mən sizi əmin edirəm ki, bundan sonra da sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir”.
.
13:30
Azərbaycan ordusu tam komplektləşdirilib, səfərbərliyə ehtiyac yoxdur
.
Sentyabrın 27-də, səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır.
.
Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.
Hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.
Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur.
.
13:19
Ölkə başçısı İlham Əliyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədməsi ilə bağlı xalqa müraciət edib.
Müraciət AZTV-də canlı yayımlanıb.
.
13:10
Ermənistanda hərbi vəziyyət və səfərbərlik elan olunub
.
Ermənistan hökuməti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi. Bu barədə baş nazir Nikol Paşinyan özünün Facebook səhifəsində məlumat verib.
“Hərbi vəziyyət və ümumi səfərbərlik Ermənistan Respublikasında hökumətin qərarı ilə elan edilir. Qərar dərc olunduğu andan etibarən qüvvəyə minəcək. Qoşunlara təyin edilmiş personalı ərazi hərbi komissarlıqlarına gəlməyə çağırıram” – deyə, paşinyan bildirib.
12:11
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir
.
Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.
Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.
***
10:53
Müdafiə Nazirliyi təkzib edir
.
Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.
Bildiririk ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.
***
9:10
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
.
Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
.
Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.
Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.
Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir.
***
7:30
Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib – mülki əhali arasında ölən və yaralananlar var
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
***
Müdafiə Nazirliyinin daha sonra yaydığı məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.
Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.
Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.
Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.
“Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq” – deyə, Müdafiə Nazirliyinin məlumatında bildirilir.
.
Basta