Pənah Hüseynə təşəkkür əvəzi
Subyektiv
Necə olub ki, Pənah Hüseyn ən yaxın dostu olduğu redaktorların media orqanlarında dəfələrlə Rəhim Qazıyevlə debata çıxıb? Bu debatların təşəbbüskarı özü olmayıb? Bu debatlarda şərəfsiz Rəhim Qazıyevin yalan danışacağını və Elçibəyə, İsa Qəmbərə böhtan atacağını əvvəlcədən bilməyib?!
Bu nə mürəkkəb taktikadır belə? Milli hökumətin qəvi düşməni və vətən xaini olduğu dəfələrlə sübuta yetmiş biri üçün efir yaradıb, ona milli liderləri söydürür, tirajlayırsan, sonra milli liderləri “qəhrəmancasına” müdafiə edirsən??!
Məqsəd nədir? PA-dan göndərilən istənilən bəyanata can başla imza atdığın halda, özünü həm də milli-demokratik qüvvələrin liderinin müdafiəçisi, hətta baş müdafiəçisi kimi göstərmək?
Pənah Hüseynin bir dostu və sponsoru var, – iqtidar propaqandasının əsas resurslarından biridir, – o da mənsub olduğu düşərgəni satmasını bəzən İsa Qəmbərə reverans etməklə ört-basdır etməyə çalışır, amma buna üzü yetsə də, talantı çatmır. Pənah Hüseyn isə bacarır.
Şahmatda “Karo-Kann müdafiəsi”, “Evans qambiti” kimi anlayışlar var. Gərək “Pənah Hüseyn taktikası” kimi bir anlayış da politologiya dərsliklərinə düşə…
Cənab Pənah Hüseyn, Rəhim Qazıyevə bu gün verdiyiniz cavaba görə sizə təşəkkür. Müsavat başqanını böhtandan müdafiə etdiyinizə görə mən də paylaşdım. Amma yaxşı olar ki, onu bir daha efirə çıxarıb, ağzını açdırmayasız. Şəxsən mən sizin olmadığınız heç bir platformada onun adını, səsini eşitmirəm. Ehtimal edirəm ki, bu gün paylaşdığınız yazı Rəhim Qaziyevlə növbəti debatınız üçün – onun növbəti dəfə bizim düşərgəni hədəfə alacağı bir efir üçün hazırlıqdır. Bu yazını da ona görə yazdım.
Mustafa Hacıbəyli