Ukrayna PUA-larının Moskvaya görünməmiş hücumu

Ukraynanın pilotsuz uçan aparatları martın 11-nə keçən gecə Moskvaya və bütövlükdə vilayətə hücum edib, bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, səhər saat 8:45-də Rusiya hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan 74 Ukrayna dronunu vurub. Mer bildirib ki, bu, Ukrayna dronlarının Moskvaya ən kütləvi hücumu olub.

Moskva vilayətində PUA-ların hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb, bu barədə vilayətin qubernatoru Andrey Vorobyov özünün Teleqram kanalında məlumat verib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, bir gecədə Rusiya hava hücumundan müdafiə sistemləri 91-i Moskva vilayəti, 126-sı Kursk vilayəti üzərində olmaqla, ümumilikdə 337 Ukrayna dronunu ələ keçirib və məhv edib. Bundan başqa, Belqorod vilayətində 25, Ryazan vilayətində 22, Kaluqa vilayətində 10, Lipetsk və Oryol vilayətlərində hər birində 8, Voronej vilayətində 6, Nijni Novqorod vilayətində 3 PUA vurulub. Bu, genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna pilotsuz aparatlarının Rusiya bölgələrinə ən kütləvi hücumudur.

Lipetsk vilayətində PUA hücumu nəticəsində bir nəfərin yaralandığı bildirilir.