Ərdoğan Türkiyə ilə Ermənistan arasında sərhədi açdı

Ermənistan-Türkiyə sərhədi Suriyaya humanitar yardım göndərmək üçün 10 günlük açılıb.

Marqara sərhəd-keçid məntəqəsinin açılması Türkiyə rəsmilərilə müzakirə edilib, Xarici işlər nazirliyinin sözçüsü Ani Badalyan deyib.

Azərbaycanda hökumətyönlü media Türkiyəni Alican-Marqara keçid mənqətəsini açmağa razılaşdığına görə tənqid edib.

Səbəb isə o göstərilir ki, Ermənistan Azərbaycandan Naxçıvana quru əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin reallaşmağına maneələr törədir, yerli media yazır.

Kamran Cəfərov

Türkiyə Ermənistanla müvəqqəti (hələlik “müvəqqəti”) sərhədləri açdı və bu, Azərbaycan hökumətinin qəzəbinə tuş gəldi. Bir müddətdir ki, Azərbaycan və Türkiyə arasında münasibətlər davamlı olaraq soyuyur və bu kökündə də məhz bu məqamdır.

Məsələ ondadır ki, Azərbaycan hakimiyyətindən fərqli olaraq, Türkiyə (oxu: Ərdoğan) strateji hədəfləri həyata keçirir. Söhbət Türkiyə-Ermənsitan münasibətlərinin İKİTƏRƏFLİ inkişafından gedir və bu birmənalı olaraq təqdirəlayiqdir.

Türkiyə-Ermənistan münasibətlərin istiləşməsinin strateji tərəfi ondadır ki, Rusiyanın təsir dairəsindən çıxan Ermənistan, təkbaşına ayaqda qala bilməyəcək və onun, regionda böyük tərəfdaşa hava-su kimi ehtiyacı var. Əlverişli məqamdan istifadə edərək Ərdoğan bu rolu öz üzərinə götürmək istəyir. Ermənistanın Türkiyə ilə yaxınlaşması birmənalı olaraq Rusiyanın regionda təsirini çox ciddi şəkildə sarsıdacaq.

Ermənistanın siyasi rəhbərliyi həm də onu başa düşür ki, Türkiyə ilə yaxınlaşma, yeni müharibənin ehtimalını kəskin azaltmış və bəlli siyasi çevrələrin hərbi-siyasi gərginliyi artırmaq üçün manevr imkanlarını yox səviyyəsinə endirmiş olur.