Musiqi və incəsənət müəllimlərinin attestasiyası niyə narazılıq yaratdı

Bakı, Sumqayıt, Abşeron və Xızı şəhər və rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası mətbuatda və sosial şəbəkələrdə yeni bir narazılıq dalğasına səbəb olub. Nə baş verir?

İlk mərhələdə attestasiyaya fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlər cəlb olunub. Bu seçim, həmin ixtisaslar üzrə müəllimlərin ümumi sayının bütün müəllimlərin 57%-ni təşkil etməsi ilə əlaqədardır (fortepiano 45%, musiqi nəzəriyyəsi 12%).

Bakı və Abşeron-Xızı regionlarında 47 məktəbdən 1759 müəllim attestasiya prosesinə cəlb olunub. 2025-ci ilin fevral-mart aylarında keçirilən attestasiya nəticəsində 1183 müəllim yüksək qiymətləndirilib. 492 müəllim isə vəzifəsinə uyğun hesab edilməyib. Onlara təlimlərdən sonra yenidən imtahan vermək imkanı yaradılacaq.

Attestasiya vaxtı iştirak edənlərin üçdə biri (650 nəfər) komissiya üzvünün hər birinin qiyməti ilə attestasiya prosesindən uğurla keçib. Nazirliyin səhifəsində verilən məlumata görə, iştirak edən 47 məktəbdən 15 məktəbin müəllimlərinin 90%-dən çoxu attestasiyanı uğurla başa vurub. O da qeyd edilib ki, son illərdə işə qəbul imtahanlarından keçən müəllimlərin hamısı uğur əldə edib.

Attestasiya müsahibə formatında keçirilmiş və hər bir müəllim üçün 30 dəqiqəyədək vaxt ayrılmışdır. Müsahibə zamanı müəllimlərin praktiki ifaçılıq bacarıqları və nəzəri bilikləri (sual-cavab üsulu ilə) yoxlanılıb. Hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb və prosesin başlanmasına 1 ay qalmışdan gec olmayaraq müəllimlərə təqdim edilib. Bu proqramlar Mədəniyyət Nazirliyinin rəsmi səhifəsində yerləşdirilsə də, açmaq mümkün olmadı.

Narazılığın səbəb nədir, görəsən? Təbiidir ki, seçim olan yerdə narazılıq ola bilər. Amma bu narazılığın səbəbləri insan amili ilə əlaqəlidirsə, diqqəti cəlb etməyə bilməz. 492 müəllim o qədər ailə deməkdir, o qədər ailənin maddi durumuna vurulan ziyan, eləcə də mənəvi sarsıntı deməkdir. Etirazçıların içərisində yetişdirmələrinin müsabiqələrdə qalib olması ilə fəxr edənlər də var. Belə müəllimlərin tutduğu vəzifəyə uyğun hesab edilməməsi ağır mənəvi zərbə hesab edilə bilər. Deməli, prosesdə uyğunsuzluqlar yox deyil.

Qeyd edək ki, istər ümumtəhsil, istərsə də musiqi məktəblərində təhsilverənlərin peşə hazırlığı səviyyəsinin diqqət mərkəzində olması, bu hazırlığın yüksələn xətlə inkişaf etdirilməsini təqdirəlayiq hal hesab edirik. Eyni zamanda bu sahədə şəffaflığın və obyektivliyin qorunmasını vacib edirik. Təhsil Nazirliyi bu istiqamətdə müəyyən təcrübə qazanıb (bəzi hallar istisna edilməklə). Mədəniyyət Nazirliyi bu təcrübədən yararlana bilərdi. Lakin görünən odur ki, işin təşkilində nöqsanlara yol verilib.

İlk ondan başlayaq ki, musiqi məktəblərində təhsilverənlərin peşəkarlığın inkişafı istiqamətində görülən işlərin səviyyəsi qənaətbəxş olmayıb. Hələ məktəblərdə olan neqativ hallardan danışmırıq (çünki bu başqa söhbətin mövzusudur). İkincisi, təhsilverənin peşə hazırlığı ümumtəhsil məktəbləri ilə musiqi məktəblərində fərqlənir. Musiqi məktəblərində təhsilverən eyni zamanda ifaçılıq bacarıqlarına malik olur və bir çox təhsilverən siniflə yanaşı, konsert və toy səhnələrində də görünürlər. Lakin bir çox musiqi müəllimi də var ki, onlar sinfi heç nəyə dəyişmirlər və pedaqoji fəaliyyətə üstünlük verirlər. Fikrimizcə, attestasiya zamanı musiqi müəllimlərinin peşəkarlıq səviyyəsinin ölçülməsində onların nəzəri bilikləri və ifaçılıq bacarıqları dominantlıq təşkil edib.

Təhsilverənin attestasiyasında onun öyrətmə bacarıqlarının yoxlanması və ölçülməsi üstünlük təşkil etməlidir. Bu zaman onun dərs prosesini izləmək, əldə etdiyi nəticələri toplamaq, daha sonra nəzəri biliklərini və ifa bacarıqlarını yoxlamaq olar. Məlum prosesdə isə hər müəllim üçün 30 dəqiqə vaxt ayırıb illər uzunu imtahan verməyən müəllimləri sınağa çəkmək gözlənilməz ola bilərdi. Belə halda onları birmənalı şəkildə tutduğu vəzifəyə uyğun hesab etməmək ən yumşaq halda mənəvi zərbə sayıla bilər. Təhsil Nazirliyinin təcrübəsindən istifadə etmək olardı.

Müəllimlərin sertifikasiya imtahanlarında zəif nəticə göstərən müəllimlərə sınaq müddəti verilmiş, onların peşəkarlıq səviyyələrini artırmaları üçün təlimlər təşkil edilmişdi. Dünya gör-götür dünyasıdır.

Hidayət Allahverdi

Müsavat Partiyası Təhsil komissiyasının sədri