Tofiq Yaqublu cəmiyyətə müraciət etdi: “Yaşamaq istəyirəm”

31 gündür həbsxanada aclıq edən  siyasi məhbus Tofiq Yaqublu cəmiyyətə müraciət edib. Müraciətdə deyilir:

“Əziz dostlar, bəlkə də sizə sonuncu dəfə müraciət edirəm. Mənə qarşı çıxarılmış qanunsuz, əsassız və absurd ittihama etiraz olaraq keçirdiyim aclıq aksiyası ikinci aya keçdi. Etiraf edim ki, çox ağır və əzablı prosesdir, lakin bunun mənim əzmimə və iradəmə heç bir təsiri yoxdur. Əksinə, günlər keçdikcə qətiyyətim daha da artır.

İlham Əliyevin mənə və mənim ailəmə vurduğu yaraları, etdiyi pislikləri sadalamaqla qurtaran deyil. Onlardan indiki durumuma aid olan birini deyim. 2015-ci ildə yenə də qanunsuz və əsassız şəkildə həbsdə olduğum zaman ilk nəvəm dünyaya gəldi. Lakin bu körpənin dünyaya gəlişi bizim ailəyə faciə gətirdi. Mələk balam Nərgiz öz körpəsini görmədən həyatını itirdi. Bu günlərdə ikinci nəvəm dünyaya gələcək. Bu körpənin də dünyaya gəlişi bizim ailənin faciəsinə çevrilə bilər. Həmin ərəfədə mənim həyatımı itirə biləcəyim ehtimalı olduqca yüksəkdir. 1993-cü ildən bəri 4 dəfə cinayət ittihamı ilə məhkum olunmuşam və sayını itirdiyim qədər də inzibati həbslərə məruz qalmışam. Bütün bu ittihamlar siyasi sifariş əsasında olub və onların şəxsən İlham Əliyevə nə qədər aidiyyatı varsa, mənə də o qədər aidiyyatı var. Mən heç bir cinayət törətməmişəm. Sadəcə olaraq Əliyev hakimiyyətinin törətdiyi cinayətləri və etdiyi səhvləri onun üzünə demişəm, xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmişəm. Mənim bütün “cinayətlərim” bundan ibarətdir.

Əziz dostlar, həbs edildiyim ilk gündən, xüsusi ilə də aclıq aksiyasına başladığım dövrdən mənə möhtəşəm dəstək verməyinizdən, mənim haqqında xoş sözlər demənizdən və yüksək qiymətləndirmənizdən xəbərim var. Buna görə hər birinizə ürəkdən təşəkkür edirəm. Sizin mənə bu münasibətinizdən doğan ərkdən istifadə edərək sizdən bir təmənnam var. Bilirsiniz ki, Əliyevlər rejiminin bu illər ərzində siyasi məhbuslar üzərində qurduğu bütün istintaqlar eynən mənim işimdə olduğu kimi absurd və uydurmalardan ibarətdir. Ümumi şəkildə bu məhkəmə proseslərində çıxarılmış hökmlərin əsassızlığını sübut edən detallardan xəbərsizik. Siyasi məhbusların məhkəmə zallarındakı ittihamı alt-üst edən çıxışları, alibiləri, gətirdikləri sübut və faktları elə məhkəmə divarları arasında qalır. Məhkəmə prosesindən yazılmış reportajlar və təəssüratlar onların heç 1 fazini də çölə çıxarmağa qadir deyil. Bildiyiniz kimi sonuncu məhkəmə prosesində 134 səhifəlik son söz yazmışam. Həmin son sözümdə mənə qarşı irəli sürülmüş ittihamı elə darmadağın etmişəm ki, hətta mən hər hansı səbəbdən bu uydurma cinayəti boynuma götürməyə məcbur olsaydım belə, hakimin mənə bəraət verməkdən başqa yolu qalmazdı.

Biz hakimiyyəti ittiham edəndə ümumi sözlərdən yox, sübutlardan və faktlardan istifadə etməliyik. Mənim yazdığım son sözü 2-3 günə rahatca oxuyub qurtarmaq olar. Odur ki, sizdən bri ricam var. Əgər həyatımın bu son günlərində sizdən daha çox dəstək hiss etməyimi istəyirsinizsə, həmin son sözü əvvəldən axıra qədər oxuyun, rəylərinizi bildirin və onu da başqalarına tövsiyyə edin.

Dostlar, əlbəttə ki, mən yaşamaq istəyirəm, amma nə edim ki, Əliyev rejimi mənə başqa seçim imkanı vermədi və mən ömrümün son günlərini həbsxanada keçirmək istəmirəm. Düşünürəm ki, ölsəm, bu, boşuna getməz və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb edər. Bu antiinsani və antixalq rejimə qarşı daha ciddi tədbirlərin görülməsinə səbəb olar. Cəmiyyətimizdə də onu istismar edən, talayan və təhqir edən bu rejimə qarşı nifrət hissini gücləndirər, eyni zamanda mübarizəyə səsləndirər. Ümid edirəm ki, mənim bu xahişimi yerə salmazsınız. Sizləri dünyalar qədər sevirəm. Sağ olun və haqqınızı halal edin. Xahiş edirəm bu müraciətimi paylaşın və onun yayılmasına çalışın.

Hörmətlə, Tofiq Yaqublu”

Tofiq Yaqublunun son sözü