“Putin Qafqazı və Orta Asiyanı ələ keçirməyə çalışacaq”

 

Xəqani Cəfərli

Rusiya müstəmləkələri “Putin doktrinası”na qarşı birləşin!

Donald Trampın birinci prezidentliyi dövründə milli təhlükəsizlik müşaviri olmuş, ABŞ-da Rusiya siyasətinin mahiyyətini ən yaxşı anlayan şəxslərdən biri olan Con Bolton Putinin Ukrayna ilə kifayətlənməyəcəyini, Azərbaycan, Gürcüstan, Ermənistan və Mərkəzi Asiya respublikalarını da ələ keçirməyə çalışacağını bildirib. Bolton bildirib ki, Putin Baltikyanı ölkələrin də Rusiya imperiyasının bir hissəsi olduğunu düşünür. Bolton xəbərdarlıq edib ki, Putinin Mərkəzi və Şərqi Avropa ölkələrində böyük “Rusiya imperiyasının” bir hissəsi kimi görmək istədiyi ərazilər var.
Rusiyanın “məsumluğunu” müdafiə edənlər Boltonun sözlərinin əsassız olduğunu sübut etməyə çalışırlar. Halbuki, Bolton yeni heç nə icad etməyib. Əksinə, Bolton Hitler faşizmindən daha təhlükəli olan “Putin doktrinası”nı tam ifadə etməyib. Kremlin dövlət siyasətinin əsasını təşkil edən “Putin doktrinası”na görə, Rusiyanın sərhədi yoxdur. “Putin doktrinası”na görə, Rusiya imperiyasının dağılması nəticəsində yaranmış müstəqil dövlətlər, eləcə də keçmiş Sovet İttifaqının təsir dairəsinə daxil olan Mərkəzi və Şərqi Avropa dövlətləri Moskvanın təsir dairəsinə aid olmalıdır.

Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsi də Kremlin “Putin doktrinası”nı həyata keçirmək cəhdinin nəticəsidir. “Putin doktrinası” Rusiya imperiyasının dağılması nəticəsində yaranmış müstəqil dövlətlər, eləcə də keçmiş Sovet İttifaqının təsir dairəsinə daxil olan Mərkəzi və Şərqi Avropa dövlətlər üçün ölüm, dağıntı və əsarət vəd etdiyi üçün zaman “Putin doktrinası”na qarşı birləşmək zamanıdır.