Məzahir Pənahovun oğlu məişət zorakılığında ittiham edildi
Hər zaman seçki saxtakarlığı mövzusu ilə gündəmə gələn MSK sədri Məzahir Pənahovun başı yenə qaldadır. Bu dəfə onun oğlu Məhəmməd Pənahov öz həyat yoldaşını dəfələrlə vəhşicəsinə döyməkdə ittiham olunur.
Məişət zorakılığının qurbanı olan qadın haqqın.az-ın redaksiyası ilə özü əlaqə saxlayıb. O, bildirib ki, zorakılığı törədən şəxs Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovdur. Bu hadisədə ən paradoksal olan odur ki, zorakılıq ABŞ ərazisində törədilib və qadın Azərbaycana qaçaraq həyatını xilas edib.
38 yaşlı H.P. Məhəmməd Pənahov ilə 28 iyun 2022-ci ildə Bakıda ailə qurub. Onlar evləndikdən sonra ABŞ-ın Los-Anceles şəhərinə köçüblər.
O zamana qədər işsiz olan Pənahov Los-Ancelesin nüfuzlu Bel-Air bölgəsində Hollivud ulduzlarının yaşadığı ərazidə 2 milyon 35 min 400 dollarlıq dəbdəbəli villa alıb (haqqın.az villanın Məhəmməd və Ülkər Pənahovlara məxsus olması barədə faktlara malik olduğunu yazıb).
Məhəmməd Pənahov burada öz həyat yoldaşı ilə dəbdəbəli həyat yaşayıb (haqqın.az onların ABŞ, Britaniya və Dubay banlarındakı hesablarından sağa-sola milyonlarla pul xərcləməsi barədə məlumatlara malik olduğunu bildirir).
Məhəmməd Pənahovun spirtli içkiyə qurşandığı və vaxtaşırı olaraq içib dava saldığı bildirilir. İddiaya görə o, bir dəfə içdikdən sonra boş pivə şüşələrini o zaman hamilə olan həyat yoldaşına atıb. Belə davalardan birindən sonra H.P. uşağını itirib.
Davamlı olaraq şiddətlə üzləşən qadın 17 aylıq evlilikdən sonra Kaliforniyadakı villasından qaçmaq qərarına gəlib. H.P-nin valideynləri və yaxınları, ona dəfələrlə Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə ediblər, lakin o, xilas olmaq üçün qaçıb Bakıya gəlib.
H.P. Bakıya gəldikdən sonra da dinclik tapmadığını, Pənahovun davamlı olaraq ona zəng vurub hədə-qorxu gəldiyini bildirir. H.P. boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib.
Lakin bir ildən artıqdır ki, məişət zorakılığının qurbanı, döyülmə nəticəsində övladını da itirən şəxs boşanıb dinc həyata keçə bilmir. Pənahov təkcə həyat yoldaşını deyil, onun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Esmira Hüseynovanı da hədələyərək boşanma prosesinə son qoyulmasını tələb edir. Pənahovlar tələb edir ki, H.P. ABŞ-a ərinin yanına qayıdıb qızıl qəfəsdə dəbdəbəli həyat sürməsi müqabilində ağrıya, zorakılığa və təhqirə dözməkdə davam eləsin.
H.P. Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyinə, ombudsmana və qadın hüquqlarının müdafiə təşkilatlarına müraciət edərək, onlardan himayə istəyib.
Basta