“AbzasMedia” işində istintaq orqanının saxta sənədlər tərtib etdiyi bildirilir
“Abzas Media” işi üzrə bu gün, mayın 6-da keçirilən prosesdə məhkəmə zalı dolu idi, görünür Ülvi Həsənlinin keçən iclasda “çöldə adam qalıb?” sualı təsirsiz ötüşməyib.
Məhkəmə Nərgiz Absalamovanın “Qalxın, vəkillər gəlir” zarafatı ilə başladı, bəzi iclas iştirakçıları çaşıb qalxdılar, sonra gülüş qopdu.
Hakim əvvəlcə ittiham tərəfinin bir şahidini dindirdi. Onun Abzas Mediadan 200 avro pul alması barədə qəbzi elan etdi. Qaqaş dedi ki, nə pul alıb, nə qol çəkib, nə də bu qəbzi görüb. Ülvi Həsənli bildirdi ki, bu sənəd istintaqçılar tərəfindən saxta imza ilə tərtib edilib.
İstintaq dövründə başqa saxtakarlıqların da olduğu bildirildi. Vəkil Elçin Sadıxov qeyd etdi ki, Abzas Medianın redaksiyasında axtarış aparılarkən polis əməkdaşları hal şahidlərinin əvəzinə qol çəkiblər.
Hakim Məhəmməd Kekəlovun İfadəsini oxudu. Hakimin səsi qırıq-qırıq gəlirdi, ifadədə söhbət qanunsuz qrantlardan, pulun Ğürcüstana köçürülməsi, oradan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsindən gedirdi. Hakim sonda dedi ki, bu ifadəni yazdıqdan sonra Kekəlov sərbəst buraxılıb və evə gedib. Kekəlov isə bildirdi ki, o, nə belə bir ifadə verib, nə də ifadədən sonra evə buraxılıb.
Ülvi Həsənli redaksiyadan tapıldığı bildirilən valyutanın ora istintaqçıların özləri tərəfindən qoyulduğunu dedi və bunun təvsilatını danışdı.
Məhkəmədə həmçinin istintaqın tez-tez istinad etdiyi “əməliyyat məlumatınının” mənbəyinin açıqlanması tələb edildi. Sevinc Vaqifqızı xatırlatdı ki, jurnalistlərin peşə etikası kodeksinə görə, mənbə varsa, açıq göstərilməlidir. Bütün vəkillər vəsatəti müdafiə etsələr də, məhkəmə rədd etdi.
Proses mayın 13-də saat 16:00-da davam edəcək.
***
“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
2024-cü ilin mayın 30-da isə “Abzas Media”işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. 2024-cü ilin avqust ayında isə “Abzas Media” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.