Tofiq Yaqublu ağır vəziyyətdə məhkəməyə gətirildi
Bu gün, mayın 6-da Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun şikayəti üzrə məhkəmə prosesi başladı.
Artıq 36 gündür aclıq aksiyası keçirən Tofiq Yaqublu ağır vəziyyətdə məhkəməyə gətirildi. Penetensiar Xidmətin əməkdaşları onu qollarından tutaraq məhkəmə salonundakı şüşəli qəfəsə çatdırdılar. Hakim onun ayağa qalxmadan suallara cavab verməsinin mümkün olduğunu bildirdi.
Vəkilləri onun ağır vəziyyətdə olmasını əsas gətirərək həbs cəzasının ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırdılar. Lakin məhkəmə müşavirədən sonra vəsatəti təmin etmədi. Növbəti iclas mayın 20-nə təyin edildi.
Məhkəmə prosesində Müsavat Partiyasının başqanı İsa Qəmbər, Məclis sədri Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, 50-dən artıq müxalifət fəalı, eləcə də ABŞ və Almaniya səfirliyinin əməkdaşları iştirak edirdilər.
Bundan başqa yüzdən artıq müxalifət fəalı Apelyasiya Məhkəməsinin önündə toplaşaraq Tofiq Yaqubluya dəstəyini ifadə etdilər.
Tofiq Yaqublu 9 illik həbs cəzası alıb . O, həbsini müxalif siyasi fəaliyyəti ilə izah edir.
64 yaşlı siyasətçi məhkəmə boyunca təqsirsiz olduğunu sübut etdiyini bildirib.
Yaqublu 2020-ci ildə “xuliqanlıq” və digər maddərlə ittiham olunaraq 4 il 3 ay müddətinə həbs edilib. Həmin vaxt məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirdikdən sonra Yaqublu barəsindəki həbs qərarı ev dustaqlığı ilə əvəzlənib.
O, 2013-cü ildə isə İsmayıllıda “kütləvi iğtişaşların təşkilində” ittiham olunaraq 5 illik müddətə həbs olunub və sonradan əfv sərəncamı ilə azad edilib.