Əqidədaşları Tofiq Yaqubluya müraciət etdi: “Aclığı dayandırın”
Bu gün, mayın 8-də Müsavat Partiyasının qərargahında Tofiq Yaqublunun hüquqlarının müdafiəsi ilə bağlı toplantı keçirilib. Tədbirdə Müsavat Partiyası və AXCP-nin rəhbərliyi, Tofiq Yaqublunun və bəzi digər siyasi məhbusların ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Toplantıdan sonra sosial şəbəkədə əqidədaşlarının Tofiq Yaqubluya müraciəti paylaşılıb. Müraciətdə deyilir:
Əziz Tofiq bəy!
Sizin başlatdığınız və 38 gündür ki, davam edən aclıq aksiyanız artıq siyasi baxımdan öz işini görüb.
Azərbaycan cəmiyyəti və bütün dünya sizin günahsız olaraq həbs olunduğunuzu bilir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, ABŞ Konqresi, Avropa Şurası Parlament Assambleyası sizin etiraz aksiyanızı öz gündəminə daxil edib, sizin azadlığa buraxılmağınızla bağlı Azərbaycan hakimiyyətinə çağırışlar edib.
38 gündür ki, davam edən bu aclıq aksiyası artıq sizin həyatınız və sağlamlığınız üçün təhlükəli həddə çatıb.
İndi bu məsələ sizi sevən, sizin üçün narahat olan, günahsız, fədakar bir insanın ölməsini istəməyən bütün vicdanlı insanlar üçün insani fəlakətə çevrilib.
Siz aclığı başlayarkən demisiniz ki, mənim ölümüm də Azərbaycan cəmiyyətinin maraqlarına xidmət edəcək. Əlbəttə, haqlısınız.
Amma sizin cəmiyyətin maraqlarına xidmət etmək üçün daha böyük potensialınız, daha ciddi imkanlarınız var.
Sizin kimi siyasi təcrübəyə, şərəfli mübarizə tarixçəsinə malik, cəmiyyət tərəfindən rəğbətlə qəbul olunan siyasətçilər hər daim yetişmir.
Dəyərli Tofiq bəy, demokratik ictimaiətin sizə dəstəyi tam və birmənalıdır. Sizin müdafiənizə həsr olunmuş tədbirdə və orada qəbul eilmiş qətnamədə sizin haqq işinizə dəstəklə yanaşı sizin həyatınız üçün yaranan təhlükə geniş müzakirə olunub.
“Tofiq Yaqubıu” adlandırdığımız bu toplantının səlahiyyət verdiyi məşvərət qrupunda müzakirələr apararaq qərara aldıq ki, sizə müraciət edək.
Biz, sizi sevən, sizə görə narahat olan dostlar, əqidədaşlar, yaxınlar sizdən bu aclığı dayandırmağı xahiş edirik.
Siz Azərbaycana, bizə və bütün sizi sevənlərə lazımsınız və sağlam lazımsınız.
Lütfən artıq siyasi cəhətdən əsasən məqsədinə çatmış, sizin haqq səsinnizi bütün dünyaya çatdırmış bu ölüm aclığını dayandırın.
1. İsa Qəmbər, Müsavat başqanı
2. Əli Kərimli, AXCP sədri
3. Cəmil Həsənli, Milli Şura sədri
4. Arif Hacılı, Müsavat Məclisinin sədri
5. Seymur Həzi AXCP sədr müavini
6. Fuad Qəhramanlı AXCP sədr müavini
7. Nüşabə Sadıqlı, Müsavat başqanının müavini
8. Mustafa Hacıbəyli, Müsavat başqanının müavini
9. Ofelya Abbasova, siyasi məhbus Sevinc Vaqifqızının anası
10. Sevda Absalamova, siyasi məhbus Nərgiz Absalamovanın ansı
11. Maya Yaqublu, Tofiq Yaqublunun həyat yoldaşı
12. Nigar Həzi Tofiq Yaqublunun qızı.
13. Təranə Səfərsoy, Rza Səfərsoyun həyat yoldaşı
Müraciət açıqdır, ictimaiət nümayəndələri qoşula bilərlər.
Toplantıda həmçinin Tofiq Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi tələbilə qətnamə qəbul edilib. Sənəddə deyilir:
Demokratik ictimaiyətin TOFİQ YAQUBLU Toplantısının qətnaməsi
2023-cü ilin 14 dekabrında artıq 4-cü dəfə siyasi motivlərlə həbs edilmiş Müsavat Partiyasının və DQ Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu 38 gündür aclıq aksiyası edir. Tofiq Yaqubli məhkəmənin heç bir əsas olmadan, siyasi sifarişlə onun haqqında çıxardığı 9 illik həbs cəzasının ləğv edilməsini və azadlığa buraxılmasını tələb edir. Aclığın 18-26 ci günləində Tofiq Yaqublunu 3 dəfə müainə etmək inkanı olan, 6 may tarixli məhkəmə iclasında aclığın 36-cı günündə onu kənardan müşahidə və müainə (davranışlarını izləməklə) edən professor Adil Qeybulla vəziyyəti kritik olaraq qiymətləndirir. O, bu barədə social şəbəkədə yaydığı rəydə qeyd edir ki, Tofiq Yaqublunun aclıq aksiyası ilk öncədən aclığın heç bir təsnifatına (absolyut və nisbi, tam və natamam) uyğun olmayıb bir başa ölüm aclığı, suisid kimi dəyərləndirilməlidir.
Onun öz vəkillərinə «mən artıq ölümün sədalarını eşidirəm» – deməsi heç də təsadüfi deyildir. 06 mayda Appelyasiya Məhkəməsinin giriş iclasında Tofiq Yaqublunun hərəkətləri çoxlarında onun hələ tam üzülmədiyi qənaətini yaratsa da, əslində bu davranışlar qeyd etdiyim ruhsal və koqnitiv deviasiyaların əlamətləri idi.
Aclıq zamanı orqanizmdəki üzülmə, kaxeksiya sonda elə səviyyəyə çatır ki, immun sistemin resursları ciddi şəkildə tükənir, nəticədə hər hansı opportunist (fürsətcil) infeksiyanın alovlanmasından ölüm baş verə bilər. Yaxud interkurrent patoloji durumlar (təsadüfən qoşulan xəstəliklər) ölüm riski yarada bilər.
Bu o deməkdir ki, Tofiq Yaqublunun dərhal xilas edilməyə ehtiyacı var, hətta bu gündən, təxirəsalınmadan bu proses başlasa, artıq 40 günə qədər davam edən aclığın Tofiq Yaqublunun psixi və fizioloji sağlamlığında ciddi izlərinin qalması ehtimalı böyükdür. (Həkim rəyinin tam mətni qətnaməyə əlavə edilib.)
Bütün bunları nəzərə alaraq, 08.05.2025 tarixində Bakı Şəhərində baş tutan “Demokratik ictimaiyətin Tofiq Yaqublu Toplantısı” aşağıdakı təxirəsalınmaz addımların atılmasına çağırır:
1. Tofiq Yaqublu dərhal etibar etdiyi həkimin müayinəsi ilə təmin olunsun.
2. Onun artıq təhlükə altında olan həyatının və sağlamlığının bərpası üçün mülki xəstəxanaya köçürülsün.
3. Tofiq Yaqublunun günahsızlığı, səhhətinin hazırki kritik vəziyyəti, ictimaiyətin çoxsaylı nümayəndələrinin çağırışları, Qarabağ müharibəsinin qazisi olması nəzərə alınmaqla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün təxirəsalınmaz addımlar atılsın.
Bakı Şəhəri 8 may 2025-ci il.
Basta