İqtisadi inkişaf və rifah birbaşa siyasi rəqabətə bağlıdır – konsepsiya

Ön söz

İqtisadi inkişafın səmərəliliyi – vətəndaşların gerçək rifah səviyyəsinin yüksəlişini təmin etməsi ilə ölçülür. Gerçək rifah ölçüsü  tək iqtisadi kəmiyyət artımları ilə deyil, həm də ölkənin inkişaf yolunu müəyyən edən təhsilin səviyyəsi, səhiyyənin etibarlılığı, sosial inteqrasiya imkanlarının olması və iqtisadi dayanıqlıq şəraiti kimi keyfiyyət göstəricilərini əhatə edir. Kəmiyyət və keyfiyyətin vəhdəti ölkənin ümumi tərəqqi və rifah səviyyəsini göstərir. Bu prinsip yalnız iqtisadi inkişaf və rifahın birbaşa siyasi rəqabətə bağlılığı hesabına mümkün olur.  

 

I. Dünya təcrübəsinin ABC-si

A. Müxtəlif müstəqil sosial-iqtisadi institut və mərkəzlər tərəfindən beynəlxalq standatlar metodologiyaya əsasən  hesablanmış  indikator və indekslərlə təyin olunan beynəlxalq reytinq cədvəlləri dünya təcrübəsinin aynasıdır. Reytinq cədvəllərində daim müşahidə olunan bir prinsip təkid və israrla özünü göstərməkdədir. Beləki reytinqlərin sıralamasında ilk 20-30 sırada iqtisadi inkişaf, sosial rifah və yeni texnologiyalara sahib olan ölkələr yalnız siyasi rəqabətin qorunduğu ölkələr yer alır. Sonrakı yerlər ilk sıralamada olan ölkələrin xammal əlavəsi olaraq paylaşılır. Dövlətlər arası münasibətlərin formalaşmasında bu prinsip mütləq şəkildə nəzərə alınır və diplomatik münasibətlərin və ritorikaların ciddilik dərəcələrini müəyyənləşdirir. 

B. Zəruri qeyd: Reytinqlər üzrə ilk sıralanan ölkələr arasında Çin Xalq Respublikası, Sinqapur Cümhuriyyəti kimi faktiki tək partiyalı dövlət quruluşuna malik dövlətlərdə var. Lakin bu dövlətlərdə hakim partiyaların partiya daxili münasibətləri ideoloji təmələ və  hüquq bərabərliyinə əsaslanan siyasi rəqabət mühiti hesabına, ölkələrinin iqtisadi inkişafı təmin edilir..

C. Dünya təcrübəsi olaraq görünür ki,  iqtisadi inkişafın və rifahın bir başa siyasi rəqabətə bağlı olmasının, insanlar arasında bağlılıq hissini yaradan ən güclü ikinci bir duyğu olmadığı qədər əhəmiyyətli və prinsipialdır.

 

II. İnkişaf və rifahın bir başa siyasi rəqabətə bağlılığının prinsipial fərqi

2.1.1. Siyasi rəqabətin mahiyyəti,  bərabər hüquqlu əsaslarla səmərəli dövlət siyasətinin aparılmasına iddialı olan qüvvələrin olmasını şərtləndirir. Siyasi qüvvələr, cəmiyyətin müxtəlif sosial-ictimai  qruplarının rifahının yaxşılaşdırılmasına yönələn  ideoloji təmələ malik partiya və  hərəkatlardır. Partiya və hərəkatların fəaliyyəti, mülkiyyət və insan haqqlarının qorumaq üçün ictimai sazişlərin əməl olunmasına zəmanət verən daha sabit  hüquq sisteminin formalaşmasına xidmət etmək iddialarına bağlanır.

2.1.2. Siyasi qüvvələr qurucu xüsusiyyətləri ilə fərqlənir. Siyasi qüvvələr arasında rəqabət, mülkiyyət hüquqlarının qorunmasına və iddialarında irəli gələn ictimai sazişlərin əməl olunmasına zəmanət verən daha sabit və ədalətli hüquq sisteminin formalaşmasına səbəb olur.

2.2.1. 10-15 və daha artıq  partiyanın tək  hakim partiyanı dəstəkləməsi və həmin hakim partiyanın partiya daxil münasibətlərində siyasi rəqabətin olmaması, belə qüvvələrin siyasi deyil, nomenklatur qüvvələr olduğunu göstərir.

2.2.2. Nomenklatur qüvvələr icraçı xüsusiyyətləri ilə fərqlənir. Nomenklatur qüvvələr arasında rəqabət mülkiyyət paylarının mənimsənilməsi və səlahiyyət paylarının genişləndirmək iddialarını formalaşdıran sistemə səbəb olur.

2.3. Bununla belə, siyasi rəqabət mühitində potensial risklər yaradan populizm və qərəzli qaralamalar üstünlük qazandıqca, cəmiyyətin böyük bir hissəsi deqradasiyaya uğrayır və inkişafdan qalmış olur. Bu hal, siyasi düzəni qəsdən təhrif olunmasını təmin edən qeyri siyasi qüvvələrin hakimliyini saxlayır və qeyri-demokratik şəraitin qorunmasına xidmət edir. Qeyri-siyasi qüvvələr dağıdıcı xüsusiyyətləri ilə fərqlənir.      

                        

III. Siyasi rəqabətin olmamasının əlamətləri

3.1. Siyasi rəqabətin olmaması ilk növbədə müstəqil nəzarət institutlarının, şəffaflıq və media azadlığının olmaması deməkdir. Deməli siyasi rəqabət olmayan quruluşda iqtisadi vəziyyəti daha əlverişli işıqda təqdim edilməsi üçün hökümət  statistik, büdcə məlumatları ilə manipulyasiya etmək,  rəqəmləri  uyğunlaşdırmaq və müxtəlif indikatorları şəkilləndirmək imkanları qazanır. Belə şəraitdə manipulyasiyalar müxtəlif qiymətləndirmə metodologiyaları, məlumatların toplanması və təqdim etmə vaxtları ilə edilir. Bura əsasən inflyasiyanın aşağı göstərilməsi, yatırım qaynaqlarının və ÜDM artımının şişirdilməsi, məşğulluq məlumatlarının təhrif edilməsi və s. göstəricilər aiddir. İstənilən iqtisadi sistem əks əlaqə bağlılıqlarının olması ilə xarakterizə olunur. Bir iqtisadi göstəricini dəyişdirən hər hansı müdaxilə və ya xarici təsir iqtisadi sistemin bütün digər elementlərinə təsir edən kaskad, zəncirvari təsirlərə səbəb olur və olmalıdır. Buna görə bəyan olunan iqtisadi göstəricilərlə real göstəricilər uyğun olmursa və ya bilərəkdən təhrif olunursa iqtisadi fəsadlar gec-tez özünü göstərir və böhran yaradır. 

3.2. Hüquq bərabərliyi və siyasi rəqabətin olmaması şəraitində iqtisadi qərarlar dar  dairə(lər)nin maraqlarına uyğun, amma cəmiyyətin zərərinə olma ehtimalını həmişə gündəmdə saxlayır. Belə hallarda  iqtisadiyyatın real vəziyyətinə mənfi təsir edən göstəricilər  rəsmi rəqəmlərdə əksini tapmır. Təbii ki, siyasi rəqabətin olmadığı yerdə, real rəqəmlərin konfidensiallığı qorunur. Doğru göstəricilər axtarmaq xeyli çətinləşir və ya mümkün olmur. Rəsmi rəqəmlərdə əksini tapmayan göstəricilərə görə, bəzi valideylərin fikrini deyən uşağının ağzının üstündən vurduğu kimi, müstəqil iqtisadi analitikləri və araşdırmaçıları təzyiq və  özünüsenzura altında saxlanmasını tələb edir. Rəsmi məlumatlara əsasən aparılan istənilən təhlillərin obyektivliyi isə ən yaxşı halda mübahisəli olur. Hökumət üzvlərində öz “mənbələriındən” aldığı  iqtisadi göstəricilərlə görünən  real problemləri təhrif etmək və ya  saxtakarlıqla yanaşma  motivini  artırır. Belə motiv öz növbəsində  iqtisadiyyata uzunmüddətli zərər vura bilən, lakin əlverişli məqamlar yaradıb qısamüddətli göstəricilərlə əks olunan müvəqqəti populist tədbirlər görməyə sövq edir. Başqa sözlə hökümət vətəndaşların da anlaya bilmədiyi adekvat olmayan qərar və tədbirlər görmək zorunda qalır. Təhrif olunmuş göstəricilər üzərindən aparılan istənilən real islahatlar isə qurulan sistemin “kart evi” kimi çöküşünə səbəb ola bilir.

 

IV. Siyasi rəqabətin olmamasının Azərbaycanda təzahürü

4.1 Rəqəmlər  nə qədər uyğunlaşdrılıb şəkillənsə də  məhz vətandaşların böyük əksəriyyəti üçün real vəziyyəti əks etdirən tendensiyaları gizlətmək və təhrif etmək mümkün olmur. Məsələn: doğum, ölüm, boşanma və pensiya yaşının dinamikası vətəndaşların sosial-iqtisadi çətinliklərindən xəbər verir. Son illər hər min nəfərə düşən doğum səviyyəsi azalıb. Bu sağlamlıq cəhətdən doğuş qabiliyyətinin azalması, sosial cəhətdən az uşaq sahibi olmağa üstünlük verilməsi, iqtisadi cəhətdən gələcək nəslin perspektivinin görünməməsinin təzahürləridir.

4.2. Bütün sosial qrupların rifahının yaxşılaşdırılmasına yönəlmiş təhlilinin ədalətli aparılması və səmərəli dövlət siyasətinin işlənib hazırlanması üçün statistik məlumatların vaxtında, dəqiq və ətraflı təqdim edilməsi vacib şərtdir. Bunula belə, 2025-ci ilin Dövlət Büdcəsi parlament təsdiq edib, amma indiyə qədər Dövlət Statistika Komitəsi yalnız 2023-cü ilin əsas göstəricilərini təqdim edir. Sual olunur parlament üzvləri hansı göstəricilər əsasında büdcəni təhlil edib qərar veriblər. Siyasi rəqabət olan ölkənin parlamentində vaxt uyğunsuzluqlarına imkan verilməsi mümkün olmaz.

4.3. DSK göstəricilərinə görə əhalinin 60% qədəri 45 yaşınadək gənclər təşkil edir. Gənclərin üstünlük təşkil etməsi eyni zamanda təhsil sistemi, əmək bazarı və gələcəkdə sosial təminata mühüm təsir edəcək amildir. 2023-cü ildə əhalinin 15 yaş həddində olanların  sayının azalması       (-2.5%), 15-64 həddində sabit qalması (+0.5%) , 65-70+ həddində artımla  (+8.2%)  müşayət olunub. Bu fonda boşanmaların sayının artması  əlavə sosial-iqtisadi problemlərin yaranmasını səbəb olur. Orta ömür uzunluğu 64.7 il göstərilir. Pensiya yaş həddinin 65  təyin edilməsi və eyni zamanda direktiv olaraq pensiya yığım fondundan istifadə müddəti 12 il təyin edilib. Bu müddət təyin olunmaqla pensiya yığım fondunda yığılan   vəsaitin sərəncamçısı və  sahibi pensiyaçı deyil, hökümət ələ almış olur.

4.4. Yuxarıdakı  təzahürlərin  tendesiyaları fonunda iqtisadi fəaliyyət növləri üzrə (məşğul işçilər) nominal əmək haqqı və işçi sayının rəqəmləri inanılmaz sabit artım və nisbətlərdə göstərilir. 2020-ci  2024-cü il arası məşğul işçilərin sayı 4721,2 min nəfərdən 4963,3 min nəfər, orta əmək haqqı 707 manatdan 934 manatadək qədər artması göstərilir. Qeyd edək ki,  DSK verdiyi cədvəldə  iqtisadi sahələr üzrə ayrılıqda (nəfər * əmək haqqı) fond məbləği hesablanıb-bölündükdə (fond məbləği/nəfər) orta əmək haqqı 608 manatdan 809 manatadək olur. Yəni DSK göstərici 15%-lik xəta ilə verilib. Həmçinin qeyd olunmur ki, bu əmək haqqı brutt (pensiya yığım fonduna ayırmalar daxil) və ya net (ayırmalar xaric) hesabdır.

4.5. Beləliklə 4 il ərzində müvafiq olaraq   472-615 manat  maaşlı, sayı 3,5 mln – 3.7 mln nəfər olan işçilərin ümumi sayda payı sabit 67% , 960-1310 yuxarı maaşlı, sayı 1,2 mln -1,25 mln nəfər olan işçilərin payı 33%  saxlanılıb. Əslində bu “sabitlik” iqtisadi sahələr arasında da rəqabətin olmamasına və sanki iqtisadi sahələrin resessiyanı əks etdirmiş olur.  Ayrıca qeyd edək bu göstərici  üzrə illik nominal əmək haqqı fondu 35-42 milyon manatdır. 

4.6. Dövlət Büdcəsi ölkənin iqtisadi vəziyyətinin güzgü əksidir. Yəni büdcənin Gəlir bölümü vətəndaşların xərclərini, Xərc bölümü vətəndaşların gəlirlərini əks etdirir. Nominal əmək haqqı fondu büdcə xərclərinin 0.13 % təşkil edər. Vətəndaşlara (və əsasən məmurlara) Gəlir Vergisi Bəyannamələri tətbiq olunmadığına görə büdcənin gəlir və xərcləri üzrə rifah səviyyəsinin müəyyən edilməsi mümkün görünmür. Beləki  büdcənin Gəliri (vətəndaşların xərcləri) ilə büdcənin Xərcləri (vətəndaşları gəlirləri) arasında yaranan fərqlərin məqsədəuyğunluğu, yaranma səbəbləri obyektivliyi görünmür.  Bu halların il-ildən təkrarlanması əvvəlki dövrdə formalaşan fərqləri cari ilin borclanması ilə artırılan gəlir hesabına kompensasiya edilməsini zəruri edir, amma heç çür büdcə və rifah problemlərini həll etmiş olmur.

 

V. İqtisadi inkişaf və rifahı təmin etmək üçün əsas tezislər

5.1. Siyasi rəqabətin olmaması bir tərəfdən gəlirlərin ədalətsiz bölgüsünə və yatırımların cəlbediciliyinin itirilməsinə səbəb olur, digər tərəfdən isə vətəndaşların xərclərində (dövlət büdcəsi gəlirlərində)  kölgə iqtisadiyyatının inkişafı və vergi daxilolmalarının azalması ilə nəticələnir. Ümumilikdə isə bərabər hüquqlu iqtisadi  rəqabətin qarşısının  alınması,  gəlir və xərclərin strukturunu təhrif olunması və iqtisadiyyatın tənəzzülü qaçılmaz olur. Müsavat Partiyası müxtəlif ölkələrin siyasi sistemlərində siyasi rəqabətin iqtisadi inkişaf və rifaha səviyyələrinə təsirinin müqayisəli təhlilini araşdırıb və Müsavat (Bərabərlik)  ideologiyasının şüarı olan “İnsanlara Hürriyət, Millətlərə İstiqlal” prinsipini rəhbər tutaraq Azərbaycanın iqtisadi  inkişafının və rifahının təmin olunmasında aşağıdakı tezislərə əsaslanır:

5.1.1. Ədalətli və səmərəli siyasi rəqabətin təmin edilməsində siyasi institutları (seçki sistemi, parlament, məhkəmə sistemi, media) bərpa etmək. 

5.1.2. Dövlət maliyyəsinin (Büdcənin) şəffaf idarə olunmasını təmin etmək:

a) Dövlət səviyyəsində korrupsiyanı və özəl inhisarçılığı yox dərəcəsinə qədər endirmək;

b) Dövlət inhisarçılığını məhdudlaşdırmaq; 

c) İqtisadiyyat sahələri və bazar iştirakçıları üçün bərabərhüquqlu rəqabət şəraiti yaratmaq. 

5.1.3. Dəyişən daxili və xarici şərtlərə cavab olaraq davamlı inkişafa töhfə verən iqtisadi siyasəti formalaşdırmaq:

a) Müxtəlif sosial və iqtisadi qrupların ixtisaslı mütəxxəsislərinin təmsil olunmasını təmin etmək, daha geniş müzakirələr nail olmaq;

b) Balanslaşdırılmış və səmərəli iqtisadi qərarların qəbuluna şərait yaratmaq;

c) İnvestisiya və uzunmüddətli iqtisadi planlaşdırma üçün proqnozlaşdırıla bilən göstəricilər sisteminə keçmək.

Müsavat Partiyasının İqtisadiyyat Komissiyası