Eldar Həsənov məhkəmədə ifadə verib

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Eldar Həsənov ifadə verib.

 

O, ittihamlarla razı olmadığını bildirib.

 

Daha sonra təqsirləndirilən şəxs bir daha səhhəti ilə bağlı məlumat verib.

 

Vəkil Cavad Cavadov vəsatət qaldırıb. O, E.Həsənovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Vəsatət təmin edilməyib.

 

Prosesdə fasilə elan olunub.

 

Fasilədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, E.Həsənovun səhhətində problem yaranıb.

 

Buna görə də məhkəmə iclası sentyabrın 20-dək təxirə salınıb.

 

2020-ci il avqustun 13-də tutulan, avqustun 14-də barəsində həbs qətimkan tədbiri seçilən Eldar Həsənovu Baş Prokurorluğun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham edib. Rəsmi iddiaya görə, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.

 

Həbsini və verilən ittihamları qanunsuz, əsassız, qərəzli və sifarişli sayan Eldar Həsənov bildirir ki, tutulmasının həqiqi səbəbi ölkə rəhbərliyinə siyasi iddiada olmağı, siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağı kimi yalan məlumatların ötürülməsidir.