Müsavat Divanının gündəliyi
Mayın 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər, rayon təşkilatlarında keçirilən yığıncaqlar və Məclisin komissiyalarının fəaliyyəti barədə məlumat dinlənilib.
Respublika Günü ilə bağlı mayın 28-də Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə keçiriləcək bayram tədbirinə hazırlıqla bağlı tapşırıqlar verilib.
Məclisin sədri Arif Hacılı Avropa Günü ilə bağlı iştirak etdiyi tədbir haqda məlumat verib.
Ölkədəki ictimai-siyasi vəziyyət bölümündə “Abzas Media işi” və “Toplum TV” işi üzrə məhkəmə prosesləri barədə məlumat dinlənilib. Hər iki prosesdə Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı iştirak edib.
Bildirilib ki, mayın 20-də saat 14:30-da əsassız olaraq həbs edilmiş Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apelyasiya şikayətinə baxılacaq.
İmişlidə Azərbaycanı işğal etmiş sovet bayrağının qaldırılması və Rusiyanın işğalçı siyasətini simvolizə edən Georqi lentindən istifadə edilməsi ictimai qınağa layiq olan bir təxribat kimi qiymətləndirilib.
Ölkədə və regionda baş verən hadisələr, o cümlədən ötən həftə Albaniyada baş tutan sammit, Rumıniyada və Polşada keçirilən son seçkilərin nəticələri barədə fikir mübadiləsi aparılıb. İfrat sağçıların və populist qüvvələrin məğlubiyyəti müsbət tendensiya kimi qiymətləndirilib.
Sonda cari məsələlər müzakirə olunub.