Toplum TV işi: “zərərçəkənin” bu sözü zalda gülüş doğurdu

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Toplum TV işi üzrə məhkəmə prosesi keçirildi. 

Əvvəlcə vəkil Fəxrəddin Mehdiyev Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədlinin səhhətinin daha da pisləşməsi ilə əlaqədar onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verdi. Vəkil Zibeydə Sadıxova isə Məmmədlinin xəstəliyi ilə əlaqədar əvvəlki və yeni həkim ekspertizası rəylərini məhkəmənin səhifəsinə yerləşdirdiyini bildirdi, bu rəylərin Məmmədlinin səhhətinin getdikcə ağırlaşdığını göstərdiyini dedi.

Hakim vəsatəti təmin etmədi. Dedi ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti lazım gəlsə Məmmədlini müalicə müəssisəsinə köçürə bilər, yaxud mülki xəstəxanada cərrahiyə əməliyyatına ehtiyac olsa, məhkəmə bu barədə ayrıca qərar verə bilər.

Sonra Ələsgər Məmmədli ona məxsus olan avtomobilin həbs olunması haqda qərarın ləğvi barədə vəsatət qaldırdı. Vəsatəti Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, III Respublika Platforması“nın təsisçilərindən biri Ruslan İzzətli, iş üzrə təqsirləndirilən digər şəxslər və vəkillər də müdafiə etdilər. Məlum oldu ki, iş üzrə təqsirləndirilən şəxslərin əksəriyyətinin avtomobilləri üzərinə həbs qoyulub.

Ələsgər Məmmədli uzun illər ərzində təqribən yarım milyon manat gəlir əldə etdiyini, bu gəlirdən rəsmi vergi ödədiyini deyərək, avtomobilinə həbs qoyulmasının qanunsuz olduğunu bildirdi. O, hər il ödədiyi vergilərin siyahısını oxudu və dedi ki, yarım milyondan çox leqal gəliri olan şəxsin 33 000 manat dəyəri olan avtomobilinin guya “qanunsuz gəlirlər hesabına əldə edilən əmlak” kimi həbs edilməsi qanuna ziddir. Məhkəmə bu vəsatəti də “hələ o mərhələyə çatmamışıq” deyərək baxılmamış saxladı.

Bundan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin nümayəndəsi zərərçəkən qismində çıxış etdi. O dedi ki, Toplum TV, Demokratik Təşəbbüslər İnstitutu, “Fakt yoxla” layihəsi və “III Respublika Platforması“ vergidən yayınaraq təmsil etdiyi quruma ümumilikdə 79 441 manat ziyan vurublar. Söhbət 2019-cu ildən sonra iki ofis üçün verilən icarə haqqı və 25 nəfərə əmək müqaviləsi olmadan maaş ödənilməsindən gedir.

Vergilər Xidmətinin nümayəndəsinə çoxsaylı suallar ünvanlandı. Amma o, bu sualları cavablandıra bilmədi. Məlum oldu ki, istintaq çərçivəsində 79 min manatdan artıq vergidən yayınma barədə mülki iddia qaldırılsa da, iş üzrə təqsirləndirilən 10 nəfərdən hansının nə qədər vergi borcu olduğu müəyyən edilməyib. Məsələn, hər ay icarə haqqını ödəyən rəhbər şəxs ilə, iş üzrə sıravi əməkdaş olaraq təqsirləndirilən şəxs arasında fərq qoyulmayıb. Vəkil soruşurdu ki, konkret olaraq mənim müdafiə etdiyim filan şəxsin nə qədər vergi borcu var? Vergilər Xidmətinin nümayəndəsi borcun “müştərək” olduğunu dedi.

“Zərərçəkən” suallar qarşısında hər dəfə çətinə düşəndə “mütəxəssis rəyinə” istinad edirdi. Bu, zalda gülüşə səbəb olurdu. Amma həmin rəydə nəinki təqsirləndirilən hər bir şəxsin, hətta iş üzrə adı keçən 4 qurumdan hansının borcu nə qədərdi göstərilməyib.

Vergilər Xidmətinin iddia olunan “yayınmadan” nəinki xəbəri olmayıb, hətta istintaqın rəyindən sonra da məsələni araşdırmayıb, kimin borcunun nə qədər olduğunu ayırd etməyib. İstintaq isə, belə görünür ki, “torba tikərkən” özlərinə əziyyət verib hər bir “yayınma” üzrə ayrıca rəy yazmağa ehtiyac duymayıb, məsələni fərdiləşdirməyib, “mütəşəkkil dəstə”yə qarşı ümumilikdə 79 min manatlıq borc yazmaqla kifayətlənib.

Ələsgər Məmmədlinin çıxışından məlum oldu ki, o, illərlə xidməti müqavilə əsasında əldə etdiyi gəlirlərdən dövriyyənin 5 faizi həcmində vergi ödəyib. İndi ona deyirlər ki, sən xidməti müqavilə yox, aldığın qranta görə vergi verməliydin. Tutalım, məhkəmə qərar çıxaracaq və qranta görə nəzərdə tutulan vergi ödəniləcək. Bəs o zaman indiyə qədər ödənilən vergilər qaytarılacaqmı? Məhkəmə bu suala da cavab vermədi.

Akif Qurbanov dedi əgər onların indiyədək ödədiyi vergilər qanunsuz olubsa, o zaman “bizim vergilərimiz hesabına dövlətdən maaş alan hər kəsin – hakimin, baş prokurorun, daxili işlər nazirinin, baş nazirin və onların hamısının başında duran prezident İlham Əliyevin də gəlirləri qanunsuz olub”.

Məhkəmə qeyri-müəyyən vaxta təxirə salındı.

Məhkəmə prosesində Müsavat Məclisinin sədri Arif Hacılı və bir qrup ictimai-siyasi fəal iştirak ediblər
Məhkəmə prosesində Müsavat Məclisinin sədri Arif Hacılı və bir qrup ictimai-siyasi fəal iştirak ediblər

Məhkəmədə çox suallar verildi, amma bir sual verilmədi: qanunsuz əldə edilən gəlirdən vergi verilməlidir? Azərbaycanda pul oğurluğuna görə cəza, qeydiyyatsız qrant almaqdan daha yüngüldür. Belədə, qanunsuz gəlir əldə etməkdə ittiham olunan şəxsdən vergi tələb etmək, oğrudan vergi tələb etmək kimi bir şeydir. Başqa sözlə, bu iş üzrə mülki iddia irəli sürülən ittihamla uyğun gəlmir.

Xatırladaq ki, 2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV” nin ofisini möhürləyib. İş üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.

“Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Mustafa Hacıbəyli