Müsavat Divanının gündəliyi

Dekabrın 15-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Divan üzvü Mustafa Hacıbəyli “Meydan TV” işi üzrə məhkəmə prosesi haqda məlumat verib. Divan üzvü Mirbaba Babayev “Toplum TV” işi üzrə məhkəmə prosesi haqda məlumat verib.

Birləşmiş Millətlər Təşkilatının 15 dekabr tarixini Türk Dili Günü elan etməsi müsbət hadisə kimi qiymətləndirilib.

Bəzi hakimiyyətyönlü media orqanlarında Azərbaycan milli-azadlıq hərəkatına və Müsavat Partiyasına qarşı aparılan təbliğat kampaniyası pislənilib. Qeyd edilib ki, Azərbaycanın müstəqilliyinin əldə olunması və bərpa edilməsində həlledici rol oynayan təşkilatların və şəxslərin əsassız hücumlara və böhtanlara məruz qalması yolverilməzdir. Müsavat Partiyası hər zaman Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparıb, ölkəmizə xaricdən gələn təhlükə və təhdidlərə qarşı hər zaman prinsipial mövge sərgiləyib, bundan sonra da bu istiqamətdə öz qanuni fəaliyyətini davam etdirəcək.

Divan gənc Elbəyi Kərimlinin həbsxanada müəmmalı ölümündən ciddi narahatlıq ifadə edib və rəsmi qurumları bu hadisəni obyektiv araşdıraraq ictimaiyyətə gerçək məlumat verməyə çağırıb.

Daha sonra regionda və dünyada cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb. Belarusda siyasi məhbusların azadlığa buraxılması müsbət hadisə kimi qiymətləndirilib.

Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması istiqamətində aparılan danışıqlar prosesi haqda məlumat dinlənilib. Müsavat Partiyasının qəhrəman Ukrayna xalqının yanında olduğu bir daha vurğulanıb.

Sonda cari məsələlər müzakirə olunub.