“Yelo banka” qarşı sanksiyalar Azərbaycandakı bütün banklara problem yarada bilər – Yenilənib
Aprelin 22-də Avropa İttifaqı səfirləri Ukraynaya 90 milyard avro kredit ayrılmasını və Rusiyaya qarşı yeni sanksiya paketini ilkin olaraq təsdiqləyiblər.
Bu barədə Bloomberg, Aİ-yə sədrlik edən Kiprin nümayəndəsinə istinadən xəbər verir.
Daha əvvəl Macarıstan və Slovakiyanın baş nazirləri bu tədbirlərin təsdiqini bloklayırdılar. Onlar Ukraynanın yanvarda dayandırılmış “Drujba” boru kəməri ilə neft tranzitini bərpa etməsini tələb edirdilər.
***
Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiya paketində Azərbaycanın adı çəkilir.
Layihədə SOCAR-dan əlavə “Yelo bank”a qarşı sanksiya nəzərdə tutulub. Çünki “Yelo bank” Azərbaycanda fəaliyyət göstərsə də, onun səhmləri Rusiya vətəndaşı Marina Kulişovaya məxsusdur.
“Yelobank”ın beynəlxalq sanksiyalarla üzləşməsi, həm bankın öz fəaliyyətinə mənfi təsir göstərəcək, həm də Azərbaycandakı digər banklar üçün problemlər yarada bilər. Xüsusən Azərbaycan banklarından beynəlxalq köçürmələri ləngidə bilər. Bu haqda iqtisadçı Xalid Kərimli xəbərdarlıq edib.

