Trampın atəşkəslə bağlı bəyanatları qumar predmetidir – şok məlumatlar
Trampın atəşkəsi uzatmasından əvvəl neft qiymətlərinin düşəcəyinə 430 milyon dollarlıq mərc pul qoyulub
Reuters yazır ki, — treydərlər ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı İranla atəşkəsi uzatdığını elan etməsindən cəmi 15 dəqiqə əvvəl neft qiymətlərinin düşəcəyinə ümumilikdə 430 milyon dollar məbləğində mərc ediblər.
Bu, artıq dördüncü haldır ki, neft qiymətlərində dəyişikliklə bağlı böyük və əvvəlcədən planlaşdırılmış əməliyyatlar İranla müharibə ilə bağlı mühüm bəyanatlardan dərhal əvvəl həyata keçirilir.
Mart ayında belə əməliyyatlardan biri 500 milyon dollar qazanc gətirmişdi, aprel ayında isə bu cür mərc əməliyyatlarının ümumi həcmi təxminən 2,1 milyard dollar təşkil edib.
LSEG məlumatlarına görə, çərşənbə axşamı saat 19:54-dən 19:56-ya qədər (Qrinviç vaxtı ilə) neft bazarında Brent nefti fyuçerslərinin cari qiymətinə əsasən ümumilikdə 430 milyon dollar dəyərində 4260 satış əməliyyatı həyata keçirilib. Saat 20:10-da isə Tramp atəşkəsin qeyri-müəyyən müddətə uzadıldığını bəyan edib.
Brent bazarında ticarət Qrinviç vaxtı ilə saat 18:30-da bağlanır, bu isə o deməkdir ki, bu əməliyyatlar “bağlanışdan sonrakı saatlarda” aparılıb və həmin vaxt adətən ticarət həcmi çox aşağı olur.
Bu əməliyyatlar qiymətə ciddi təsir etməyib — qiymət 100,91 dollardan 100,66 dollara düşüb. Lakin Trampın bəyanatından sonra Brent crude oil fyuçersləri növbəti dəqiqə ərzində 96,83 dollara qədər enib. Çərşənbə günü saat 12:00-da isə qiymət 99,2 dollar səviyyəsində olub.
23 martda, Trampın İranın enerji infrastrukturuna hücum təhdidinin təxirə salındığını elan etməsindən 15 dəqiqə əvvəl anonim treydərlər neft qiymətlərinin düşəcəyinə 500 milyon dollar mərc etmişdilər. Eyni şəkildə, 7 apreldə Trampın iki həftəlik atəşkəs elan etməsindən bir neçə saat əvvəl 950 milyon dollarlıq oxşar əməliyyatlar aparılmışdı.
17 apreldə isə İranın xarici işlər naziri Hörmuz boğazının kommersiya gəmiçiliyi üçün açıldığını sosial şəbəkədə elan etməzdən təxminən 20 dəqiqə əvvəl treydərlər 760 milyon dollar məbləğində qiymətlərin düşəcəyinə mərc etmişdilər.
ABŞ bu cür bir sıra neft fyuçers əməliyyatlarını — xüsusilə 23 mart və 7 aprel tarixlərində Trampın İran müharibəsi ilə bağlı mühüm siyasi qərarlarından əvvəl həyata keçirilən əməliyyatları — araşdırır. Bu barədə 15 apreldə vəziyyətlə tanış olan mənbə “Reuters”ə məlumat verib.

