Bakı sulara qərq oldu: beynəlxalq tədbir əngəlləndi
Mayın 17-də Bakı Olimpiya Stadionunun ətrafında 180-dən çox ölkənin nümayəndələri, memarlar, urbanistlər, BMT rəsmiləri 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF-13 və ya ÜŞF-13) açılışını gözləyib. Lakin güclü yağış açılış proqramının bir hissəsini dayandırıb, iştirakçılar çadırların altında sığınmağa məcbur olub.
Son illərdə Azərsu və sonradan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xətti ilə Bakı və Abşeronda kanalizasiya-suyağış infrastrukturu üçün yüz milyonlarla manat ayrılıb. Amma dəqiq məbləği hesablamaq çətindir, çünki büdcə sənədlərində çox vaxt “su təchizatı və kanalizasiya sistemləri” birlikdə göstərilir.
Açıq mənbələrdə görünən bəzi rəqəmlər:
2003–2013-cü illərdə su və kanalizasiya sektoruna ümumilikdə 2,8 milyard manatdan çox vəsait ayrıldığı açıqlanmışdı.
Bunun:
1,8 milyardı dövlət büdcəsi,
779 milyon manatı Dövlət Neft Fondu,
196 milyon manatı xarici maliyyə qurumları idi.
2017-ci ildə təkcə Azərsu-ya subsidiyalar və texniki layihələr üçün 177 milyon manatdan çox vəsait ayrıldığı bildirilirdi.
2023-cü ildə dövlət investisiyası kimi Azərsu üçün 209,5 milyon manat ayrıldığı açıqlanıb. Bu vəsaitin bir hissəsi Bakı və Abşeronda kanalizasiya və yağış suları sistemlərinin yenilənməsinə yönəldilməli idi.

