Müsavat Divanının gündəliyi

Mayın 18-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə qərarların icrası və keçirilən tədbirlər barədə məlumat dinlənilib.

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı ABŞ səfirinin müşaviri Navid Maliklə görüşü haqda məlumat verib. Arif Hacılı həmçinin Avropa Gününün ildönümü münasibətilə Avropa İttifaqı səfirliyinin təşkil etdiyi tədbirdə iştirak edib. Müsavat yetkilisi tədbirdə bir sıra xarici diplomatlarla görüşüb.

Daha sonra ictimai-siyasi vəziyyət müzakirə edilib.

Divan üzvü Fəridə Ələsgərli siyasi məhbus Azər Qasımlının apelyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesi barədə məlumat verib.

Divan hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin atasının yas mərasimində iştirakına imkan verilməməsini pisləyib. Hakimiyyətin repressiyalara son qoymasını, Əli Kərimlinin və bütün siyasi məhbusların azad edilməsini bir daha tələb edib.

Mayın 28-də Müstəqillik Günü ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlərə hazırlıqlar müzakirə olunub. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı heykəli önündə planlaşdırılan bayram tədbiri ilə bağlı tapşırıqlar verilib.

Bakı və Sumqayıtda kanalizasiya sistemlərinin yenilənməsi üçün ötən illər ərzində yüz milyonlarla vəsait ayrılmasına baxmayaraq, hər dəfə güclü yağış yağdıqdan sonra paytaxt küçələrini su basması ölkədə korrupsiyanın və hökumətin yarıtmaz idarəçiliyinin nəticəsi kimi qiymətləndirilib.

Regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.