Ağır qum kisəsinə dönüb suyun dibinə endim, amma…
Samirə Qasımlı
“Özün bilirsən”… Bu iki söz Azər Qasımlının həbsinin xəbəri idi…
Bir il bundan öncə – 8 dekabr səhər saat 10.05-də Azər telefonda “Altanı futboldan özün götürərsən” deyəndən sonra “niyə, nə olub ki?” sualıma bu iki sözlə cavab vermişdi…
8 dekabrda həyatımda yeni səhifə açıldı… Həyat mənimlə sərt davranmağa başladı, məni sanki bir yarışa çıxarıb əlində cihazla dözümlülüyümü yoxlayır.
Dostlar hər dəfə zəng edib halımı-əhvalımı soruşanda deyirdim ki, at belində çapıram. Amma bu yaxınlarda son bir ilin hər cümə səhəri olduğu kimi Azərlə görüşmək üçün Kürdəxanıya gedəndə öz halıma baxıb başa düşdüm ki, əslində at belində çapan mən deyiləm. Süvari elə həyatın özüdür. Əslində həyat məni çapdırır. Özü də atların çaparkən yolda saga-sola yayınmamaları üçün gözlərinə taxılan gözlükləri mənim də gözlərimə taxaraq bacardığımdan da artıq sürətlə çapdırır. Bilmirəm həyatın məni çapdırdığı mənzil haradır, ancaq gördüyüm odur ki, həyat məni saga-sola yayınmağa, yolumdan sapmağa imkan vermir, irəliyə doğru nəfəs dərmədən çapdırır…
Təbiətcə çox ləng biri olan məni həyat bu bir ildə çox sürətləndirdi, həm də bərkitdi. Doğrudur, fiziki olaraq çox zəiflədim, enerjim tez tükənir, tez gücdən düşürəm və yoruluram. Son bir ildə gündə 4-5 saat yuxu, üç ailənin (Azər özü həbsxana tədarükü ilə bir ailə, xaricdə təhsil alan Azərin bir ailə, evdəki uşaqlarla özüm bir ailə) yükü, istintaq və məhkəmə prosesini nəzarətdə saxlamaq, üstəlik borc məsələsinə görə Şəki Kommersiya Məhkəməsində gedən mülki prosesə Azər buraxılmadığı üçün orada Azərin hüquqi təmsilçisi kimi iştirak etmək və çəkişmələrə hazırlaşmaq, evin qayğıları və daha sadalamadığım nələr məni fiziki olaraq geri saldı.
Bu bir ildə mənim üçün ən önəmli məsələ Azərin sağlamlığı və rahatlığı idi. Azər ha desə də ki, “mənə görə heç narahat olma, hər şeyim var, bircə azadlığım yoxdur”, axı mən başa düşürəm ki, bu o deməkdir ki, onun heç nəyi yoxdur. Pozitivliyini göstərmək üçün mənimlə görüşə həbsxana həyətindən dərdiyi qızılgüllərlə gəlsə də, amma dörd divar arasına qapadılan aktiv və enerjili birinin ailəsi ilə görüş üçün həftədə bir dəfə hücrədən çıxarılması gerçəkliyi beynimdən bu sualı çıxmağa qoymur: O hücrədə onun günlərinin maraqlı keçməsi üçün mən nə edə bilərəm?))
Bir dəfə çox pərişan bir halımda Dəniz mənə baxıb dedi ki, “axı sən, niyə belə pis olursan, onun üçün o cür komfort yaratmısan. Onun hər şeyi var. Hətta çipsi, kola, tum, hər şeyi))” Əlbəttə ki, Dəniz uşaq ağlı ilə atasının hansı gerçəkliklə üz-üzə qaldığını hiss edə bilmir. Başa düşə bilir, amma hiss edə bilmir…
Bəzən mənə elə gəlir ki, həyat yeni sınaqlarla üzərimə qoyduğu yükün çəkisini artırır və nə qədərini qalqdıra biləcəyimi yoxlayır. Bu bir ildə üç dəfə ağır qum kisəsinə dönüb suyun dibinə endim, amma qısa zamanda toparlanıb yenidən suyun üzünə qalxa bildim. Mənə güc verən ailəm qarşısında olan məsuliyyətimdir. Həm Azər, həm də uşaqlar məndən asılıdılar. Onları zərbə altında qoymağa haqqım yoxdur. Ən çətin günlərimdə belə heç kimin, hətta anamın-atamın belə yaşadıqlarımdan, problemlərimdən xəbəri olmadı. İstəmədim ki, kimsə deməsin ki, “bəs bilmirdiniz ki, el üçün ağlayan gözündən olar?..” Bu söz indi bədbinliyə və dərin ümidsizliyə düçar olan insanlarımız arasında az işlənmir…
Amma bütün bunlara baxmayaraq ruhən çox gücləndim, bərkidim… Onun da fərqindəyəm ki, yaşadıqlarım xarakterimə təsir göstərməyə başladı. Son bir ildə ən çox müqavimət göstərdiyim şeylərdən biri də pozitivliyimi itirməməyim, hər şeyi zarafata çevirib, gələcək üçün məzəli xatirə saxlamaq bacarığını qoruyub saxlamaq idi. Bu bir ildə mən ürəyimdə dərin kədər və darıxma hissi ilə üzdə gülməyi, təbəssümlə danışmağı, pozitiv qalmağı öyrəndim. Amma anamın bizi tərk etməsi mənə elə zərbə vurdu ki, bu bacarığımı itirdiyimi görürəm…
Bu bir ildə bütün yaşananlara və problemlərə qarşı ayaqda dura bilmək, işləmək üçün özümdə həm də yeni bacarığı formalaşdıra bildim. Əslində bunu mənə Azər prosesin ta əvvəlindən deyir: “müvəqqəti olaraq hissləri söndürmək, yalnız ağılla hərəkət etmək lazımdır”. İndi görürəm ki, bunu bacara bilirəm. Dolça kimi dolanda emosiyalarıma boşalmağa, hönkürüb ağlamağa müvəqqəti icazə verirəm, sonra isə “daha bəsdir, işləmək vaxtıdır” deyib yenidən işə köklənirəm. Bəzən mənə elə gəlir ki, mən robotlaşıram, amma vəziyyəti idarə etmək üçün hisslərimi və ağlımı bu şəkildə idarə etməkdən başqa da yolum yoxdur…
Bir dəfə sakitləşmək üçün evin arxasındakı parka – Qış parkına gəzməyə getdim. Gəlib çatdım parkın Təzə Pir məscidi ilə üzbəüz ən hündür hissəsinə. Durduğum nöqtədən üzü aşağı maşın yolu keçirdi. Məscidlə üzbəüz durub, üzümü göyə tutub Allaha dua etmək keçdi içimdən. Gözlərimi açanda bir yeniyetmənin yanımda dayanıb mənə baxdığını gördüm. Gülümsəyib geriyə, evə sarı döndüm. Yeniyetmə gənc də arxamca bir az baxıb sonra yoluna davam etdi. Onun nə üçün yanımda dayandığını başa düşmüşdüm, o isə mənim o nöqtədə hansı məqsədlə dayandığımı, nə etmək istədiyimi başa düşməmişdi. Amma bir yeniyetmənin bu qədər həssas və insani davranışı məni evə elə ruh yüksəkliyi ilə, elə bir motivasiya və inamla qaytarmışdı ki, bunu sözlə ifadə edə bilmirəm. Bildiyim odur ki, bizi yaşadan da, gələcəyə ümidli edən də ürəkli və düşüncəli insanlarımızdır, insanlığımızdır…
Mən çox xəyalpərəstəm. Uşaqlıqdan xəyallarda yaşamışam və çox xəyallarım da gerçək həyat hekayəmə çevrilib. Mən hələ də xəyallarda yaşayıram. Bu isə bizim gələcək hekayəmizdir…
Bu bir ildə ən çox qulaq asdığım musiqilərdən biri də budur:
Başın önə əyilməsin,
Aldırma gönül, aldırma!
Ağladığın duyulmasın,
Aldırma gönül, aldırma!
Görüləcək günlər var hələ,
Aldırma gönül, aldırma!
P.S. Dostlar və Azərə rəğbət bəsləyən insanlar daim yazırlar, zəng edib hal-əhval tuturlar. Bu yazını – hiss etdiklərimi dostlarla paylaşmaq istədim.

