Valideyn-şagird-müəllim üçbucağı – II yazı

Azərbaycan reallığı üçün 10 maddəlik Valideyn-şagird-məktəb əməkdaşlıq modeli təklif edirik. Bu modelin məqsədi məktəbi təkbaşına məsul tərəf olmaqdan çıxarıb, ailə-məktəb-şagird ortaq məsuliyyət sistemi yaratmaqdır.

1.Bu modelə görə təhsilin əsas tərəfdaşları rəsmən tanınmalıdır. Çünki məktəb yalnız dərs keçən yer deyil. Təhsil prosesinin 3 əsas tərəfi var: məktəb/müəllim, valideyn, şagird. Hər üç tərəfin hüquq və vəzifələri yazılı şəkildə təqdim olunmalıdır.

2.Tədris ilinin əvvəlində hər sinif üzrə qısa əməkdaşlıq sənədi –“Ortaq razılaşma sənədi” hazırlanmalıdır. Sənəddə konkret müddəalar: davamiyyət qaydası, davranış normaları, ev tapşırığı siyasəti, müəllim-valideyn əlaqə qaydası, şagird məsuliyyətləri öz əksini tapmalıdır. Bu sənəd imza xarakterli yox, anlaşma xarakterli olmalıdır.

3.Valideyn iclasları yenilənməli, ənənəvi “qarşılıqlı şikayət iclasları ləğv edilməlidir. Yenilənmiş iclaslar konkret mövzuların müzakirə meydanına çevrilməlidir. Bu mövzular müasir dövr üçün aktual olan yeniyetmə psixologiyası, telefon və sosial şəbəkə balansı, imtahan stressi, motivasiya yaratmaq yolları, evdə oxu mühiti yaratmaq kimi mövzular ola bilər.

4.Müəllim-valideyn əlaqəsi etik çərçivəyə salınmalıdır. Gecəyarısı yazışmalar, emosional mesajlar, qarşılıqlı təhqir və təzyiq hallarının qarşısı alınmalıdır. Hamının qəbul edib, poza bilməyəcəyi qaydalar müəyyən edilməlidir. Məsələn:

• əlaqə saatları müəyyən edilsin;
• rəsmi platforma seçilsin;
• hörmət dili qorunsun;
• problem yazışma ilə yox, görüşlə həll edilsin.

5.Şagird müşahidəçi yox, iştirakçı olmalıdır. O yalnız qiymət alan şəxs kimi yox, proses iştirakçısı kimi yetişdirilməlidir. Elə etmək lazımdır ki, şagird sinif qaydalarının hazırlanmasında iştirak etsin. Təşkil edilmiş aylıq özünüqiymətləndirmədə iştirak etsin və öz məqsədlərini yazsın. Sinif layihələrində onların rol almasına nail olmaq lazımdır. Aktivlik dərəcəsindən asılı olmayaraq bu iştiraklar şagirdi prosesin iştirakçısına çevirir, öz dəyərini bilir.

6.Qiymətə yox, inkişaf mədəniyyətinə üstünlük verilməlidir. Valideynin hər gün “Neçə aldın?” sualı müasir qiymətləndirmə siyasətinə də mane olur. Prosesi o istiqamətə yönəltmək lazımdır ki, valideyn qiymətləndirmədə fikrini summativ qiymətləndirmələrə kökləsin. Gündəlikdə isə övladının nə öyrəndiyinə, harada çətinlik çəkdiyinə, hansı bacarığının artdığına, necə inkişaf edə biləcəyinə dair suallar versin.

7.Məktəbdə bir çox konfliktin kökündə təhsil deyil, emosional gərginlik dayanır. Məktəb psixoloqunun aktiv rolu artırılmalıdır. Bu istiqamətdə valideyn konsultasiyası, şagird davranış dəstəyi, hətta müəllim üçün stress idarəetməsi lazımdır.

8.Məktəb rəhbərliyi müəllim nüfuzunun qorunmasına cavabdehdir. Valideyn qarşısında müəllimi alçaltmaq uşağın tərbiyəsinə zərər vurur. Əgər tənqid varsa, onu şagird yanında etmək olmaz. Bu tənqidi emosional şəkildə yox, faktlarla, məktəb daxilində etik qaydada etmək lazımdır.

9.Məktəbdə yalnız problemlər yarandığı zaman deyil, uğur əldə ediləndə də əlaqə qurulmalıdır. Məsələn: nümunəvi davranış, irəliləyiş göstərən şagirdin bu halı qeyd edilmək üçün əlaqə qurulmalıdır. Onların yaradıcı işləri, sosial faydalı fəaliyyətləri xüsusi vurğulanmalıdır. Bu, münasibəti müsbətə doğru dəyişir. Ona görə də uğurlar birgə qeyd edilməlidir.

10.Məktəb ailələrin etibar etdiyi inkişaf məkanı olmalıdır. Burada seminarlar, kitab günləri, valideynlərin iştirak etdiyi layihələr, peşə tanıtımları, icitimai faydalı tədbirlər keçirilə bilər. Axı məktəb “cəza yeri” yox, icma mərkəzi olmalıdır.
Yaxşı məktəb = Güclü müəllim + Məsuliyyətli valideyn + Motivasiyalı şagird!
Bizim valideynlər uşağı çox sevir, amma bəzən həddindən çox qoruyurlar.
Peşəkar müəllimlərimiz də çoxdur, amma sistem yükü çox olur.

Bacarıqlı şagirdlərimiz də çoxdur, amma onlar məqsəd yönümlü yetişdirilmir.
Təklif etdiyimiz model bu üç boşluğu doldurmağa xidmət edir.
Təhsili nazirlik təkbaşına düzəldə bilməz. Təhsili ailə ilə məktəb birlikdə düzəldər.

Hidayət Allahverdi,
Müsavat Partiyası Təhsil Komissiyasının sədri