DünyaManşet

Ukrayna Xəzər dənizində İrandan Rusiyaya yük daşıyan gəmilərə zərbələr endirib

 

İran Xarici İşlər Nazirliyi bəyan edib ki, iyulun 25-i səhər saatlarında Ukrayna Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirib. Rəsmi Tehranın məlumatına görə, hücum nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha biri yaralanıb.

İran XİN-in açıqlamasında deyilir ki, “Ukrayna rejiminin Xəzər dənizində İranın ticarət gəmisinə hücumu və bunun həmin rejimin rəhbəri tərəfindən açıq şəkildə etiraf edilməsi Ukraynanın İran İslam Respublikasına qarşı qeyri-məntiqi və düşmənçilik siyasətini davam etdirdiyini göstərir.”

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Rostov-na-Donuda yanacaq-sürtkü materialları anbarına, həmçinin İrandan hərbi yüklər daşıyan gəmilərə və Xəzər dənizində yerləşən hərbi gəmiyə zərbələr endirib.

Zelenski qeyd edib ki, “Xəzər dənizinin akvatoriyasında uzaqmənzilli zərbələr nəticəsində çox yaxşı nəticələr əldə olunub. Xüsusilə, İrandan hərbi yüklərin daşınmasında istifadə olunan gəmilər və bir hərbi gəmi vurulub.”

Tərəflərin bəyanatları müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.