Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var – RƏSMİ
Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini, eləcə də Bərdə və Ağcabədini artilleriya atəşinə tutur.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ölən və yaralananlar var. Ordumuz adekvat tədbirlər görür.
.
***
Goranboyda son vəziyyət
.
Bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy rayonunu artilleriya atəşinə tutub.
Baku TV-nin müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində sakinlər arasında ölən və yaralananlar var.
Düşmən dinc sakinləri hədəf almaqda davam edir. Lakin buna baxmayaraq, sakinlər öz ata-baba yurdlarını tərk etmir. Onlar şanlı ordumuzun gücünə inanır.
.
***
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə saat 07.00 radələrində Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub, yaşadığı evə isə maddi ziyan dəyib.
Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərfindən 08.10.2020-ci il tarixdə saat 04.00 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Oktyabrın 7-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Şəmkir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 31 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki müraciət daxil olub.
Bununla bağlı ANAMA məlumat yayıb.
Bildirilib ki, daxil olmuş 33 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Baharlı, Xındırıstan kəndləri, Ağcabədi rayonunun Qiyaməddinli, Muğanlı, Ağgöl, Böyük Kəhrizli kəndləri və Xan Şuşinski küçəsi, Bərdə rayonunun Şahvəlilər kəndi, Beyləqan rayonunun Şitilçilik qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, Füzuli rayonunun Alıxanlı, Aşağı Mollaməhərrəmli kəndləri, Zobcuq qəsəbəsi və Horadiz şəhəri, Goranboy rayonunun Qızılhacılı, Tapqaraqoyunlu kəndləri, Şəmkir rayonunun Sabirkənd kəndi, Tərtər rayonunun Borsunlu kəndi və Şəxarx qəsəbəsi, Gəncə şəhəri Hərbi şəhərci, B.Əliyev və Ə.Əliyev küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-45), 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd raketin təzyiq akkumulyator (9D180), 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator və 6 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 56 ədəd 9M525 bombacıqları partlayış yolu ilə zərərsizləşdirilib.
.