Müsavat başqanı Paşinyanın iddialarına cavab verdi
Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibələrində iddia edir ki, Dağlıq Qarabağ ətrafındakı döyüş əməliyyatlarında Azərbaycan ordusu ilə yanaşı, Türlkiyə ordusu, Pakistan, Suriya və başqa ölkələrdən gətirilmiş terroçu qruplar da iştirak edir. İşğalçı ölkənin rəhbərinin bu və digər iddialarına Müsavat Partiyasının başqanı Arif Hacılının münasibətini öyrəndik.
– Azərbaycanın NATO standartlarına uyğun olaraq qurulmuş 100 minlik ordusu var. Bundan daha artıq sayda olan rezerv qüvvələrimiz zərurət yaransa döyüşə girmək üçün növbə gözləyir. Bu baxımdan Azərbacanın kənardan döyüşçü gətirilməsinə ehtiyac yoxdur. Bununla yanaşı hərbi işdən az-çox başı çıxan hər kəs bilir ki, nizami orduya muzdlu döyüşçülərin qatılması hərbi işə yalnız ziyan vura bilər. Türkiyə və Pakistanın müharibədə iştirakı barədə iddialar isə guya bu müharibənin dini xarakter daşıdığı barədə fikir yaratmaq məqsədi daşıyır. Biz Türkiyədən hərbi sursat alırıq. Bu leqal bir məsələdir. Azərbaycan Türkiyə ilə yanaşı Rusiyadan, İsraildən, Belorusdan da hərbi sursat alır. Bu baxımdan baş verənlərə dini rəng qatmaq cəhdləri əbləhlikdir. Türkiyə, Ukrayna, Pakistan, İsrail və Azərbaycanın ərazi bütövlüyünu birmənalı olaraq dəstəkləyən başqa ölkələr də bu müharibədə Azərbaycana siyasi və mənəvi dəstək verir. Heç bir ölkə Azərbaycan tərəfdən öz hərbi güçü ilə bu müharibədə iştirak etmir.
– Paşinyan iddia ki, bu müharibə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi uğrunda deyil, erməni xalqına qarşı aparılan müharibədir.
– Döyüş əməliyyatları Azərbaycan ərazisində gedir. Azərbaycanın siyasi rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etsə, hətta qoşunların çıxmasının müddətləri barədə qrafik təqdim edilsə döyüş əməliyyatlarını dayandırmağa hazırdır. Belə olan halda erməni genosidi haqda danışmaq gülüncdür. Biz erməni xalqına qarşı yox, ərazilərimizin işğaldan azad etmək uğrunda mübarizə aparırıq. Bu regionda yalnız Ermənistan monoetnik ölkədir. İndi Türkiyədə 100 mindən çox erməni yaşayır. Azərbaycanda bir çox millətlərin nümayəndələri, həmçinin 30 mindən çox erməni heç bir diskriminasiyaya məruz qalmadan yaşayırsa, monoetnik ölkə rəhbərinin bizə qarşı belə iddiası sadəcə onun riyakarlığını təsdiq edir.
“Paşinyan təsəlli tapmağa çalışır”
– Türkiyənin şimal, şərq və cənub-şərq istiqamətlərində hərbi ekspansiyasına yol açmaq məqsədi ilə bu müharibədə iştirak etdiyi barədə iddialar da var.
– Ermənistan rəhbəri belə əsassız iddiaları ilə problemin miqyasını genişləndirmək üçüncü tərəflərin bu münaqişəyə müdaxiləsinə nail olmağa çalışır. O həm də iddia edib ki, Türkiyənin şimalı, şərqi və cənub şərqi işğal etməsi yolunda yeganə maneə Ermənistandır. Bunlar əlbəttə, məğlubiyyətinin labüd olduğunu anlamış populist bir siyasətçinin əl atdığı son saman çöpləridir. O sanki, hazırliqsız seçici auditoriyası qarşısında danışırmış kimi danışır. Türkiyə NATO üzvü olan ciddi bir dövlətdir. Türkiyə son illərdə Rusiya və dünyanın digər güc mərkəzi olan dövlətlərləri ilə normal, proqmatik münasibətlər qurmağa nail olub. Məncə, Paşinyan nə qədər səfeh olsa da bunları bilir. Sadəcə antitürk təbliğatı ilə yerli auditoriyanın rəğbətini qazanmaq, həm də Ermənistanın yalnız Azərbaycana deyil, Türkiyə və digər dünya güclərinə məğlub olduğunu iddia etməklə təsəlli tapır. Elə xalqına da bununla təsəlli verməyə çalışır.
– Yeri gəlmişkən, onun iddiaları sırasında guya bu böyük güclərə qarşı yalnız ” Dağlıq Qarabağ özünümüdafiə qüvvələri”nin uğurla müdafiə olunduğu iddiası da var. Sanki, hətta Ermənistan bu müharibədə iştirak etmir.
-Paşinyan belə iddiaları ilə eyni vaxtda erməni xalqını 30 nəfərlik dəstələr yaradıb, hərbi komissarlıqlarada qeydiyyatdan keçib, silahlanıb cəbhəyə getmək çağırışları etməklə özünü gülünc vəziyyətə salır. İndi Azərbaycan Ordusu tərəfindən döyüş meydanında məhv edilən 2 milyard dollar dəyərində hərbi texnika, silah sursat Xankəndi rejiminə məxsusdur? Ermənistanın illik hərbi büdcəsi 447 mln. ABŞ dolları həcmindədir. Yalnız zərərsizləşdirdiyimiz S-300 zenit-raket komplekslərinin qiyməti bu məbləğdən çoxdur. Əgər, nəinki qanunsuz silahlı birləşmələr statusunda olan “Qarabağ Ordusu”nun, hətta Ermənistanın belə maliyyə resursları yoxdursa bu sursat necə alınıb? Azərbaycan ərazilərinə haradan gətirilib? Qadağan olunmuş ballistik raketlər haradandır? Əgər Ermənistan belə təklənibsə Azərbaycanla sərhəd məntəqələrində qaldırılan Rusiya bayraqları nədir?
– Paşinyanın bu çağırışları Azərbaycana qarşı böyük koallisiyanın yaranması ilə nəticələnə bilərmi?
– İndi bir çox ölkələr xarici siyasətini ədalət prinsipləri, beynəlxalq hüquq normaları əsasında yox, öz siyasi maraqları üzərində qurur. Bu baxımdan regionda maraqlı olan ölkələrin konfliktlə bağlı artıq çoxdan formalaşmış mövqeləri var. Paşinyanın xaotik davranışları, ziddiyyətli, məntiqsiz açıqlamaları, gah ODKB dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi), gah da NATO dan dəstək istəməsi bu mövqeləri dəyişdirməyəcək. Azərbaycan öz ərazilərini işğaldan azad etmək uğrunda mübarizə aparır. Bu bizim üçün azadlıq müharibəsidir. Xalqımız bu müqəddəs məqsəd ətrafında yumruq kimi birləşib. Əminəm ki, necə təbliğat aparılmasından asılı olmayaraq döyüş meydanında uğurlarımız artdıqca, beynəlxalq tərəfdaşlarımızın sayı da artacaq.
Basta