Peskovun sözlərindən aydın olub ki, Rusiya Qarabağa qoşun yeritməyəcək
Rusiya Qarabağ münaqişəsinin diplomatik həlli yolundan başqa həll yolu olmadığını düşünür. “Rusiya hazırki vəziyyəti siyasi-diplomatik nizamlanma məcrasına yönəltmək üçün əlindən gələni edib və edir. Biz əvvəlki kimi bu problemin dinc yolla həllinin alternativi olmadığına inanırıq”, deyə RF prezidentinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərə bildirib.
Paşinyanın bu gün diplomatik nizamlanmanın mümkün olmaması barədə sözlərini şərh edən Peskov sualı Ermənistan hakimiyyətinə yönləndirib. Yerevanın niyə belə düşündüyünü “Ermənistan prezidentindən soruşmaq lazımdır”, deyə o qeyd edib.
O əlavə edib ki, Dağlıq Qarabağda nizamlanmaya üçüncü tərəflərin cəlb edilməsi yalnız hər iki münaqişə tərəfinin razılığı ilə mümkündür. “Mövcud nizamlanma formatlarında üçüncü ölkələrin iştirakına gəlincə, bu, bütünlüklə və tamamilə münaqişə iştirakçılarının siyasi iradəsindən asılıdır. Münaqişənin isə iki iştirakçısı var – Azərbaycan və Ermənistan. Münaqişənin nizamlanmasında iştirak etmək, vasitəçi olmaq və ya formatlarda iştirak etmək yalnız iki tərəfin razılığı ilə mümkündür”, deyə o, Türkiyənin Dağlıq Qarabağda vəziyyətin nizamlanmasına cəlb edilməsi mümkünlüyü barədə suala cavabda bildirib.
Beləliklə, Peskov faktiki olaraq bir sıra Moskva xadimlərinin erməniləri xilas etmək üçün Qarabağa Rusiya qoşunları yeritmək çağırışlarını rədd edib.