Azərbaycanda koronavirusa 988 yoluxma: xüsusi karantin rejimi yenidən uzadıldı – RƏSMİ
Azərbaycanda koronavirusa (COVID-19) 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 11 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 9405 nəfərdir.
Ölkədə son sutka ərzində 11426, hazırkı dövrədək isə 1319474 test aparılıb.
Ümumi ölənlərin sayı 699 nəfərdir.
Ümumi yoluxanların sayı 52137 nəfər, ümumi sağalanların sayı 42033 nəfərdir.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılır.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Eyni zamanda, ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub. Bu səbəbdən 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.
Həmçinin, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:
31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;
7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;
14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;
21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;
28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.