ABŞ-da bu gün prezident seçkisi keçirilir

 

Dörd il öncə Ağ evə özünün mühafizəkar üslubunu gətirmiş Prezident Donald Tramp daha dörd il müddətinə prezident seçilməyə çalışır. Onun Demokrat Partiyasından rəqibi isə keçmiş vitse-prezident, fəhlə sinfindən çıxmış Co Baydendir

 

Noyabrın 3-də Birləşmiş Ştatlarda son onillərin ən həlledici, nəticələri ölkəni fərqli istiqamətlərə apara biləcək seçkilərdən biri keçirilir. Bir-birinin tam əksi olan iki namizədin yarışması həm də pandemiya dövrünə düşməsi ilə diqqət çəkir.

 

Dörd il öncə Ağ evə özünün mühafizəkar üslubunu gətirmiş Prezident Donald Tramp daha dörd il müddətinə prezident seçilməyə çalışır. Onun Demokrat Partiyasından rəqibi isə keçmiş vitse-prezident, fəhlə sinfindən çıxmış Co Baydendir. O, “virusu məğlub etmək”, ölkəni birləşdirmək vədi verib.

 

 

Los Anceles, 30 oktyabr, 2020-ci il

 

160 milyon seçici…

 

Şərq sahildəki ştatlarda səsvermə yerli vaxtla səhər 7-də (Bakı vaxtıyla günorta 4-də) başlanır.

 

Artıq 97 milyon nəfərin indiyədək ya poçtla, ya da səsvermə məntəqələrinə gedərək səs verdiyi bildirilir. Məntəqələrin daha öncə açılmasının məqsədi də virusun yayılmasını önləmək idi.

 

2016-cı ildə seçicilərin 55 faizi seçkiyə getmişdi. Bu il seçici iştiraklılığının daha böyük olacağı gözlənir.

 

ABŞ Seçki Layihəsinin rəhbəri, Florida Universitetinin professoru Maykl MakDonald AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, bu il 160 milyon seçicinin seçkiyə qatılacağını proqnozlaşdırır. Bu, 67 faiz deməkdir, yəni, 1950-ci illərdən bəri ən yüksək göstərici.

 

MakDonald da digər müşahidəçilər kimi düşünür ki, nəticənin bilinməsi bir müddət çəkə bilər. Adətən isə elə seçki gecəsi hansı namizədin qalib gəlmək üçün vacib 270 seçici səsini qazandığı bəlli olurdu.

 

Donald Tramp

 

“Heç vaxt bu qədər adam poçtla səs verməmişdi”

 

Yubanmanın səbəbi poçtla göndərilən bülletenlərin sayılmasına daha çox vaxt getməsidir. Bəzi ştatlarda qanunla Seçki gününədək bülletenləri saymağa başlamaq olmaz.

 

Pensilvaniya kimi 20 seçici səsinə malik ştatlar da bu sıradadır. Filadelfiyanın Meri Cim Kenni prosesin bir neçə gün çəkəcəyi haqda xəbərdarlıq edib.

 

“Şəhərin tarixində heç vaxt bu qədər adam poçtla səs verməmişdi”, – Kenni noyabrın 2-də açıq məktubunda yazır.

Vaşinqton DC-də isə işçilər Seçki Günü etirazlarına hazırlıq üçün Ağ evin ətrafında elastik sədlər quraşdırıblar.

 

Bu seçkidə təmkinli olmaq çağırışlarına tez-tez rast gəlinir, çünki Pensilvaniya kimi rəqabətin güclü olduğu ştatlarda natamam səssayma çaşdırıcı ola bilər.

 

Seçki günündən öncə poçtla göndərilmiş bülletenləri sayan ştatlarda Bayden öndə gedir. Çünki rəy sorğuları və erkən seçki datası respublikaçılarla müqayisədə demokratların daha çox poçtla səs verdiyini göstərir.

 

D.Trump/J.Biden

 

Pandemiya bitməyəcək…

 

Bir çox amerikalılar seçki kampaniyasının bitməsini gözləyirlər, çünki aylardır xəbər gündəmini seçki və pandemiya zəbt edib. Amma vətəndaşlar bununla koronavirusun bitməyəcəyindən də agahdırlar.

 

ABŞ-da işsizlik 8 faizə yaxındır, pandemiya azı 10 milyon iş yerinin itirilməsinə səbəb olub.

 

Yeni koronavirusa 9 milyondan çox amerikalı yoluxub, 230 mindən artıq xəstə vəfat edib. Hazırda ölkədə günə 80 minədək yoluxma qeydə alınır.

Bir çoxları Trampın pandemiya ilə mübarizəsini tənqid edir. 74 yaşlı prezident oktyabrın əvvəlində virusa yoluxdu və bir neçə gün xəstəxanada qaldı. O, administrasiyasının gördüyü tədbirləri yüksək qiymətləndirir, deyir ki, əks halda daha çox adam ölərdi.

 

Tramp seçki kampaniyasını güclü iqtisadiyyatın pandemiyadan öndə gəlməsi, əlavə karantinlərin fəlakətə səbəb olacağı kimi arqumentlər üzərində qurub.

 

77 yaşlı Bayden isə pandemiyaya daha birləşdirici yanaşma tutacağını, tibbi xidmətdə bərabərsizliyi yoluna qoyacağını vəd edib.

 

Hazırda Respublikaçılar Senatda 53-47 üstünlüyə malikdirlər. Nümayəndələr Palatası isə Demokratların nəzarətindədir.

 

AzadlıqRadiosu